İslam incəsənətində etika və estetika

28-08-2018, 17:00
Oxunub: 2994
"İslam incəsənəti yaradılışın, yaradıcılığın və Yaradanın düşüncəsini, onun xatırlanmasını ehtiva edir"


İncəsənət digər mədəniyyətlərə açılan pəncərə rolunu oynamaq üçün dillərin və mətnlərin sərhədlərindən kənara çıxır. Sənətkarlıq, gözəllik, estetika zaman və məkan hüdudlarından kənara atılıb, səyahət edib mədəni və etnik sərhədləri aşa bilər. Eyni zamanda incəsənət müəyyən bir zaman və məkanda ifadə edilən müəyyən mədəniyyətlərin dəyərlərini və ideallarını əks etdirə bilər. Bu məqalə xüsusilə İslam dinindən təsirlənmiş sənətlər üzərində dayanaraq gözəllik ilə müqəddəslik, insanın xarakteri ilə arzusu, gözəllik və zəriflik axtarışını, həm də təbiət ilə vəhy arasındakı yaxın əlaqəni araşdırır. 

“Bu çadır nədir? Sədəf dolu bir okeanmı? Bəzəkli bir kasanın içindəki çox parıltılı on minlik bir şammı?“ (Nasir Xosrov – XI əsr)

Bu şeirdə Nasir Xosrov yaradılışın gözəlliyindən əvvəl dərin qorxu hissini ifadə edir. Quranın “Onlara işarələrimizi həm aləmin üfüqlərində, həm də öz üfüqlərində göstərəcəyik” ayəsini şeirin mərkəzinə qoyur. Təbiət kitabına yaradanın varlığını bəsləyən rəmzlərlə dolu bir fenomen olaraq baxır. Şair kəlmələrdən bir boya fırçası kimi istifadə edərək gecə gördüyümüz göy üzünün kartoqrafiyasını, ulduzların parlaqlığını, sədəflərin yumşaq hissi və şamların ilıq parıltısı ilə müqayisə edir. Eyni zamanda ulduzlarla aydınlanmış göy üzünü okean həcmində bir çadır, parıldayan iri cam kasa olaraq təsvir edərkən kainatın inanılmaz böyüklüyündən zövq alır.

İslam incəsənətində etika və estetika

İncəsənət başqa mədəniyyətlərə açılan pəncərə ola bilmək üçün dilin və mətnlərin hüdudlarını, məhdudiyyətlərini aşır. Qulağa və gözə xitab edərək tanış olmayan dünyalara birini daha əlavə edir. Çox zaman vizual sənətlər və ifaçılıq sənətləri vasitəsi ilə başqa bir mədəniyyəti tanımaq onu yazı və ənənələri ilə tanımaqdan daha dərin və yaddaqalandır. Bu, bir-birindən uzaq və münasibətləri sadəcə ticarətə söykənən, heç bir əlaqə qurmayan insanlar arasında körpü yarada bilən qüvvədir. Sənətin gözəlliyi və estetikası zaman və məkanda səyahət edə bilər, mədəni və etnik sərhədlərin hüdudlarını keçə bilər. Eyni zamanda, ortaq dinə və ya irqə sahib olmayanlar arasında ortaq əxlaq anlayışı yarada bilər. Məsələn, Əndəlüsdə Mudexar incəsənəti (Əndəlüs Əməvilər Dövlətinin devrilməsindən sonra İspaniyada qalan yerli müsəlman ərəblərin (mudexarların) yaratdıqları, həm qotik, həm islami xüsusiyyətlər daşıyan memarlıq və bəzəmə forması) sadəcə müsəlmanlar tərəfindən deyil, eyni zamanda, həm yəhudilər, həm də xristianlar tərəfindən də bəyənildi və inkişaf etdirildi. Xüsusilə, parça, keramika, xalça, piltə, metal əşya, bulaq, arka və bağçaların bəzədilməsində, dizaynında istifadə edilən dekorativ tətbiqi sənət nümunələri cəmiyyətdə daha geniş istifadə olunub.

İncəsənət həm bədii ifadənin cazibədarlığı ilə mədəniyyətləri aşarkən, həm  də müəyyən bir mədəniyyətin dəyərlərini əks etdirir. İslam incəsənəti, müəyyən bir yer və zamanda yaranmış İslamın ölümsüz (zamansız) ideyalarını əks etdirməkdədir. Həm qalıcı mənəvi dəyərləri, həm yerli estetik və sənətkarlıq bacarıqlarını sərgiləyir. İslam Sənəti həm bir, həm də çoxluq anlayışına əsaslanır. Bu anlayışın əsası çoxluğun lütfkarlıq mənbəyi və çoxluğun təkə, yəni birliyə geri dönərək bir olması deməkdir. Bu əsərlər insanları Allahın yaxınlığına, sirrinə doğru yönəldir, duyğular isə yaradılışın mükəmməlliyini əks etdirən təcrübələr yolu ilə bizi yönləndirirlər. İslam mədəniyyətlərində sənətin sadəcə estetik düşüncə üçün yox, Allahın varlığının gözəlliyini daimi olaraq xatırlatmaq üçün mövcud olduğu deyilir. Hər iki təbiət (Allahın yaratdığı) və incəsənət (insanın yaratdığı) İlahi mərhəmətin bir parçası olaraq başa düşülür. 

İslam incəsənətində etika və estetika

İslam incəsənətinə görə, gözəllik və müqəddəslik arasında bir əlaqə var. Quran Allahın yaradıcılığının sonsuz möcüzələrinə şahidlik etmək üçün insanlara ilham verən ayələrlə doludur. “Ayaf” kəlməsi sadəcə Quranın vəhy ayələrinə deyil, eyni zamanda yaradılışa işarə edir. İlahi yaradıcılığın və müdrikliyin ayədə ifadə edildiyi kimi tükənməsi mümkün deyildir: “Yer üzündə olan ağaclar qələm, dənizlər də mürəkkəb olsa, arxasından yeddi dəniz daha gəlib ona kömək etsə və Allahın kəlmələri yazılsa, bunlar yenə tükənər, Allahın kəlmələri tükənməz.”(31:27) Allahın yaratma gücü sadəcə daimi və sərhədsiz deyil, eyni zamanda bir məqsədə sahibdir: “De ki, Bütün bunları boş yerə yaratmadım.” (31:91) İslam incəsənəti yaradılışın, yaradıcılığın və Yaradanın düşüncəsini, onun xatırlanmasını (zikr) ehtiva edir.

Sənətkar, peyğəmbərə sədaqət vəd edən və Allah tərəfindən yönləndirilənlərlə birlikdə Allahın əlindəki qələm kimi olmağı hədəfləyir: “Allahın əlləri onların əlləri üzərindədir.” (48:10) Xəttatın duası qüsursuz təslimiyyət, fokuslanma və bağılılıq yolu ilə Allahın əlində vasitəyə çevrilməkdir. Yaradıcılığın və ağlın bir simvolu olaraq, Hz. Məhəmmədə bildirilən ilk ayədə qələmdən bəhs edilir: “Dinlə! Allahın ən çox bağışladığı insan, qələm ilə insanlığa bilmədiklərini öyrədəndir.” (96:3) İslam sənətinin ən fərqləndirici və geniş yayılmış forması olan xəttatlıq ruhun həndəsi forması olaraq təsvir edilmişdir. Xəttatlıq sənətinin yaradıcısı və kufi üslubunun ixtiraçısı olaraq bilinən Hz. Əli, “Quranın bütünü Fatihədə, yəni Quranın açılışındadır”, - deyir. Sərhədsiz bir xətt, forma və məna müxtəlifliyi yaradan tək bir nöqtədən yola çıxaraq, kalliqrafiyada mükəmməl nəzarət, tarazlıq və mütənasibliyə ehtiyac duyulur. Ən gözəl xətt bu səbəbdən təmizlənmənin bir işarəsidir. Bu, əl, zehin və ruh intizamına işarə edir. Hər insanın həyatı məcazi olaraq, davam edən ssenari və ya sənət əsəridir; hər insan isə öz həyatını yazan qələmdir. Sənətdə olduğu kimi həyatda, fərdin, təkrarlanan təslim anları islam vasitəsi ilə özü tərəfindən Allahın əlinin rəhbərliyi ilə yazılır.

İslamda gözəllik axtarışı ilə təbiətin yaxşılaşdırılması arasında yaxın əlaqə var. Gözəlliyin estetika axtarışı, sənətkar kainatın daxili mürəkkəbliyi və bu mürəkkəbliyi daxili olaraq hiss edən və başa düşən dünyada varolma yolunu inkişaf etdirdiyi üçün etik bir impulsa sahibdir. Bu baxımdan sənətkar daxili xüsusiyyətlərini təqdir etmək üçün bir şeylərə çox önəm verən elm insanının temperamentini paylaşır. Həm gözəllik axtarışı, həm də buna verilən cavab üfüqdə və özlüyündəki ilahi sirlərin əlamətlərinə diqqət çəkən müəyyən bir ruh halını və intizamı bəsləyən bir meylə söykənir. Ruhun cənnət bağçalarındakı dostlarını ifadə edən Quran ayəsində gözəllik və yaxşılıq tək bir şey olaraq ələ alınır: “Yaxşı və gözəl olan birlikdədir.” (55:70) Duyğuların gözəlliyi qavramasındakı rolu çox önəmlidir, dindarlıq və saflıq birləşmiş haldadır. Gözəlliyin arxasınca qaçmaq, arzu və xarakterin rahatlıq tapa bilməməsinə bağlıdır. İslami düşüncədə bu, alt ruhun (nəfsin) mənliyin yüksək mənəviyyata (ruha) çevrilməsini təşkil edir.

İslam incəsənətində etika və estetika

Platon simpoziumunda gözəlliyin qavranılması üçün təhsilin, mənliyi kainat içində doğru bir istiqamət apardığı və insan həyatını mükəmməlləşdirmək üçün imtina edilməz olduğunu təkidlə müdafiə edir. Əslində, gözəlliyi qavramaq üçün ən yüksək bacarığa sahib olanların ölümsüzlüyə toxunmağa ən yaxın olanlar olduğunu irəli sürür. Bu hiss ancaq gözəl nəsnələrdən alınan zövq deyil. Daha da önəmli olanı gözəlliyin düşüncələr, duyğular, hərəkətlər və cəmiyyətlər arasında seçilməsinə işarə edir. Platonın fikrincə, gözəlliyi hiss etmək, qavramaq üçün bir insanı öyrətməyin yeganə məqsədi, həqiqi ərdəmləri, tolerantlığı ortaya çıxarmaqdır. Bənzər şəkildə, islam estetikasında gözəlliyin qavranılmasının əxlaqi təsirləri olduğu düşünülür. Gözəlliyə qarşı həssaslıq eyni zamanda bütün gözəlliyin qaynağına, yəni Allaha minnətdarlıq, şükür ifadəsi olduğundan əxlaqi məsuliyyət üçün lazımlı olan comərdlik ruhaniliyinə sahib olmaqdır. Bunun səbəbi isə bütün sənətlərin comərdlik anlayışından qaynaqlanmasıdır, çünki sənətçi çox zaman adi insanın baxış bucağının daha dərinlərində həqiqətə aid anlayışları paylaşır. Kitab oxuyanların intellektual üfüqlərinin genişlənməsi kimi islam sənəti də izləyicinin göz önündə olub diqqətlə baxmağı, görünüşün dərinlərindəkini ortaya çıxarır və izləyicinin həyata baxış bucağını genişlətmək üçün öyrədir.

Bədii cəhd, bu səbəbdən dünyaya, ortaq yaşayışa qoşulmanın müəyyən bir yoludur. Bədii yaradıcılıqda ən adi nəsnələrdən ən uca olanlara (ƏlHambra) qədər hər cür cəhd bir nəsnə, bir çiçək, kərpic, qaya kristalı və ya qar dənəsi kimi bir şeyin təbiətinin düşünülməsinin vacibliyini göstərir. Bir çiçəyin yanından keçərkən onun varlığına həqiqətən maraq göstərmədən də onu şüursuzca görə bilərik. Amma eyni çiçəyin yanından keçən bir sənətçi ona fərqli şəkildə baxır. Gözəllik və quruluşu ən adi bir şəkildə başa düşmək üçün əyilən sənətçi çiçəyin gözəl görüntüsünü, yarpaqlarının yumşaq toxumasını, mərkəzinin ətrafında dönən formasını, rənglərin dolğunluğunu, tonlarını, ləzzətini, sükunətini tanıyır və hiss edir. Çiçəyə bu şəkildə diqqət edərək sənətçi öz içində özündən keçir və bu gözəl dəqiqələrdə özünü çiçəyin gözəlliyinə təslim edərkən minnətlə onun sirrini həzm edir.

Təbiətin hissiyatlı gözə verdiyi comərdlik daxili dünyasını dəyişdirir və Allahın yaradılışı ilə çiçək də daxil olmaqla içində olan hər şeyin necə müalicə edilməsinin vacib olduğunu idarə edən münasibət ortaya qoyur. Beləliklə, vəhyin müqəddəs ayələri qədər anlamlı təbiət səhifələri ilə çox şey öyrənmək mümkündür. Dünyanı sadəcə baxmağı deyil, hiss etməyi, başa düşməyi təmin edən bir gözlə öyrənmək eyni zamanda dərin bir təvazökarlığa gedən bir yoldur və Adəmin, onun nəslindən gələnlərin (yəni insanlığın) Allahın yaratdıqlarına diqqət etməsi üçün lazımlı olan etik məcburiyyətin altından xət çəkilir. İslam sənətlərinin mərkəzi əxlaqı “Hansı tərəfə dönsəniz, Allahın üzüdür.” (2:115) kimi yaşamaqdır.
Tərcümə: Amalya Mustafayeva
Müəllif: Təzim Ft. Kassam
Mənbə: islamic-arts
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti