Qazaxıstan dəniz sərhədlərini müəyyən edəcək

18-08-2018, 17:58
Oxunub: 75
Bunu Qazaxıstan səfiri Zülfiyyə Amanjolova Qazaxıstan Baş nazirinin rəsmi saytına deyib


Qazaxıstan Azərbaycan və Türkmənistanla üçtərəfli formatda dənizin dibinin həmhüdud sahələrinin bölünməsindən sonra Xəzərdə yeraltı sərvətlərdən istifadə üzrə suveren hüquqlarının rəsmiləşdirilməsini başa çatdıra bilər.

Trend-in məlumatına görə, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova Qazaxıstan Baş nazirinin rəsmi saytına deyib.

Z.Amanjolova bildirib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya Xəzərin suyu, dibi, yeraltı sərvətləri və hava məkanı daxil olmaqla, sahilyanı dövlətlərin dənizdən istifadə üzrə hüquq və öhdəlikləri ilə bağlı bütün məsələləri tənzimləyir:

"Hövzənin bölünməsi məsələsinə aydınlıq gətirildi. 15 dəniz mili enində ərazi sularının sərhədləri müəyyən edildi. Onların xarici sərhədləri dövlət statusu alır. Ərazi sularına hər bir dövlətin müstəsna hüquqa malik olduğu 10 mil balıqçılıq zonası da daxildir. Balıq ovu razılaşdırılmış milli kvota əsasında həyata keçiriləcək. Balıqçılıq zonalarından kənarda ümumi su məkanı saxlanılır. Dövlət dəniz sərhədlərindən kənarda isə sahilyanı ölkələrin bayraqları altında üzən gəmilər sərbəst dənizçilik fəaliyyəti göstərə biləcəklər".

Səfir həmçinin vurğulayıb ki, Qazaxıstan ərazinin bütün parametrləri üzrə dövlət sərhədini müəyyən edib: “Əgər Konvensiyanın imzalanmasına qədər ölkə quru sərhədlərinin hüquqi rəsmiləşdirilməsinə malik idisə, artıq Konvensiya Qazaxıstana dənizdə də sərhədlərini müəyyən etməyə imkan verir".

Xəzərin dibinin yeraltı sərvətlərin istifadəsi qismində bölünməsi məsələsinə gəlincə, sənədə əsasən, hər bir dövlət öz sektorunda yeraltı sərvətlərdən istifadə üzrə suveren hüquqa sahibdir.

Hazırda Xəzərin şimal və mərkəzi hissələrində dəniz dibi və yeraltı sərvətləri bölüşdürülüb. Belə ki, Qazaxıstan Rusiya ilə 1998-ci ildə müvafiq saziş, 2002-ci ildə isə bu sənədə protokolu imzalayıb.

Qazaxıstanla Azərbaycan arasında dəniz dibinin bölüşdürülməsinin qeydə alındığı saziş 2011-ci ildə, bu sənədə protokol isə 2003-cü ildə imzalanıb. Həmçinin 2003-cü ildə Azərbaycan və Rusiya arasında Xəzərin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında saziş imzalanıb.

Xatırladaq ki, avqustun 12-də Aktauda keçirilən Xəzəryanı ölkələrin sammitinin yekunu üzrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti