Hissləri sənətə çevirmək - İmpressionizm

16-08-2018, 16:00
Oxunub: 2344
"İmpressionistlər rəngləri duyğuların ifadəsi üçün vasitəyə çevirdilər"


XIX əsrdə Fransada yaranmış impressionizm cərəyanı rəssamlıqla birgə digər incəsənət sahələrinə də təsir göstərib. İmpressionistlər xarici təsirlərin insanın daxili aləmində qoyduğu izlərin onun sənətinə nüfuz etdiyini müdafiə edirdilər.

Bu cərəyanın adı rəssam Klod Monenin əsəri ilə bağlıdır. Belə ki, cərəyan öz adını rəssamın “Təəssürat: Günəşin çıxması (gün çıxması)“ əsərindən alıb. Böyük ölçüdə peyzaj və portret işləyən cərəyan nümayəndələri gördüklərini olduğu kimi köçürmək yerinə, gördüklərindən aldıqları təəssüratı kətana köçürməyə çalışırdılar. Onların fikrincə, incəsənət birbaşa reallığı deyil, reallığın insanlara təsirini, insanda oyatdığı duyğuları əsas götürməlidir. Burda realizmdən fərqli olaraq formalardan daha çox mənzərənin və ya izlənilən nəsnənin rəssamda oyatdığı hisslər ön plandadır. Realizmdə rəssamlar gördüklərini dəqiq şəkildə kətana köçürürdüsə, impressionizmdə artıq dəqiqlikdən daha çox fərdi baxış önə çıxmağa başladı.

İmpressionistlər daha çox açıq havada mənzərə işləyir, günün müxtəlif saatlarında təbiətdəki rəng dəyişikliklərini əks etdirməyə çalışırdılar. İmpressionist rəssamlar əsərlərini Valeskes, Turner, Goya, Delakrua kimi rəssamların təsiri ilə çəkirdilər. Bu rəssamlar da həmçinin impressionizmin qabaqcılları sayılırdılar. Beləliklə, romantizm cərəyanının təsiri ilə impressionistlər rəngləri duyğuların ifadəsi üçün vasitəyə çevirdilər. Romantizmdən fərqi isə burda reallıqdan uzaqlaşıb, indiki anı inkar etmək, səhnələrin rəssamın arzularına uyğun olaraq dəyişilməsi hadisəsi yox idi, ani hiss, hadisələrin verdiyi təəssürat tərənnüm edilirdi.

İmpressionistlər ilk sərgilərini 1874-cü ildə keçiriblər. Həmin dövrdə Fransada sərgi üçün ən prestijli məkan “Paris salonu” sayılırdı. Lakin "Paris salonu"nda sərgilənmə şansı qazanan əsərlər akademik rəssamlardan ibarət münsiflər tərəfindən seçilirdi. İmpressionistlərin əsərləri burada “rəddedilənlər” arasına daxil olmuşdu. Münsiflər tərəfindən digər bir çox rəssamın əsəri rədd edildikdən sonra rəssamlar münsiflərə qarşı etiraz etdilər. Hətta Napoleon xalq necə incəsənət istədiyinə özü qərar versin deyə “rəddedilən” əsərlərin sahiblərinə tablolarını sərgiləmək üçün şərait yaratdı. Sərgidə isə rəssamlar çox tənqidlərlə qarşılaşdı. Hətta bir çox tənqidçi əsərlərə istehza ilə yanaşdı. Qəzetlərdə sərgilər haqqında yazılan yazılar da heç ürəkaçan olmurdu. Bəzi tənqidçilər onları akademik qanunlara qarşı gəldikləri üçün üsyançı adlandırırdı. Lakin impressionistlər öz fikirlərinə ürəkdən bağlı idi. Bunun sübutu olaraq 1874-cü ildən sonra daha 7 sərgi keçirirlər. Onlara əsərlərini sərgiləməsi üçün dönəmin məşhur fotoqrafı Nadar öz salonunu pulsuz verir. Nadarın akademik qanunlardan zəhləsi getdiyi üçün akademik qanunlara qarşı olan hər şeyi dəstəkləyirdi.

1886-cı ildə isə son sərgilərini keçirdikdən sonra cərəyan nümayəndələrində inamsızlıq yaranmış, ruhdan düşmüşdülər. Yavaş -yavaş rəssamlar fərqli yerlərə köçərək dağılmağa başladılar. Bu cərəyanın məşhur nümayəndələri arasında Klod Mone, Sisley, Kamil Pissarro kimi rəssamları nümunə gətirə bilərik. İmpressionist əsərlərin əsas xüsusiyyətləri bunlar idi: açıq havada rəsm işləmək, günün müxtəlif saatlarında rənglərin dəyişkənliyini əks etdirmək, təəssüratlar əsas olduğu üçün buna bağlı olaraq palitralarda daha canlı rəngləri, daha çox rəng tonlarını göstərmək. Ümumilikdə isə cərəyan nümayəndələrinə görə impressionizm azadlığın simvolu idi. Rəssamlar heç bir qayda-qanuna bağlı qalmır, rəsmlərini qaydaları gözləyərək yox, hiss etdikləri kimi çəkirdilər. Onların fikrincə, akademik rəssamlıq mövzu və qayda-qanun baxımından yaradıcılığı korlaşdırırdı. Əsl yaradıcılıq təbiəti şəxsən müşahidə etmək, canlı rənglərdən istifadə və məhz insan duyğularının kətanda əksi ilə mümkündür.


Hissləri sənətə çevirmək - İmpressionizm

 "Təəssürat: Günəşin doğuşu" Klod Mone. 1872

Hissləri sənətə çevirmək - İmpressionizm

"Kapusin bulvarı" Klod Mone. 1873

Hissləri sənətə çevirmək - İmpressionizm

"Arjanteydə qayıq yarışı" Klod Mone. 1872

Hissləri sənətə çevirmək - İmpressionizm
"Montmartre bulvarı, qış səhəri" Kamil Pissarro. 1897

Amalya Mustafayeva
Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti