İncəsənətə dörd gözlə baxmaq: KUBİZM

3-08-2018, 15:44
Oxunub: 891
Bu cərəyanın adı iki məşhur rəssamla birgə anılır


XX əsrin yenilikçi sənət axımlarından biri kubizm olub. Sadəcə 1907-1914-cü illər ərzində incəsənətə təsir göstərə bilsə də, sənət tarixində öz yerini tuta bilib.

Kubizm rəssamların yaratdığı bir cərəyan olaraq başlasa da, daha sonra incəsənətin müxtəlif sahələrində özünü göstərməyə başladı. Bu illərdə ədəbiyyat, memarlıq da kubizmin təməl fikirlərindən bəhrələndi. Ekspresionizmə əks olaraq yaranan cərəyanın fəlsəfi düşüncəsi, bir mənada ortaya çıxma səbəbi rəssam Pol Sezanın bu fikri olub: “Təbiətdə hər şey həndəsi formadadır, yəni gördüyüm bütün cisimlər kvadrat, konus və dairə formasındadır”. Eyni zamanda Sezana görə iki gözümüz varsa, bir rəsmə iki fərqli cəhətdən baxa bilərik. Beləliklə, rəssamlar bir obyektə baxır, öz düşüncələrində onu parçalayırlar, hansı hissəsinə diqqət çəkmək istədiklərinə qərar verirlər, daha sonra isə birləşdirirlər. Burada önəmli olan düzgün kompozisiya qura bilməkdir. Başqa bir fikrə görə cərəyanın adının ortaya çıxması məşhur tənqidçi Lui Voselin adı ilə bağlıdır. O, rəssam Corc Brakın sərgisində iştirak edir və onun əsərlərindən biri haqqında dediyi “kiçik kublar” sözündən də bu cərəyanın ismi yaranır.

Bu cərəyanın adı iki məşhur rəssamla birgə anılır. Corc Brak və Pablo Pikasso ilk kubistlər sayılır. Hər iki rəssamın da yenilik axtarışı onuları kubizmə gətirib çıxarır. Natürmort, portret və mənzərə tipli əsərlərdə artıq klassik həcm, perspektiva, işıq-kölgə anlayışı önəmini itirmişdi. Onlar kətan üzərində üç həcmli əsərlər yaratmağa çalışırdılar. Dərinliyin göstərilməsində perspektivadan istifadə etməkdən imtina edən rəssamlar yeni axtarışlarında onu göstərə bilmək üçün kompozisiyanı üst-üstə təsvir edirdilər.

Kubistlər rəsm əsərinə bir tərəfdən baxmaq istəmirdilər. Onların istəyi elə bir əsər yaratmaq idi ki, ona bir istiqamətdən yox, bir neçə istiqamətdən baxmaq mümkün olsun. Elə bir əsər ki heykəltaraşlıq əsəri kimi bu əsərində bir baxışla ətrafında dolanmaq mümkün olsun. Bundan sonra “qarışıq görüntü” anlayışı ortaya çıxır. Rəngkarlığın klassik ənənələrindən qaçan yenilikçi kubistlər həm də öz əsərlərinə reallığı daxil etmək istəyirdilər. Bu səbəbdən sadəcə rənglərdən istifadə etmək əvəzinə, kağız, qəzet, kibrit çöpü kimi əşyalardan da istifadə etməyə başlayırlar. Hətta realistliyi göstərə bilmək üçün kubistlər rəngə qum qatırdılar. Bu, daha sonra başqa cəryanlarda istifadə edilir, rəssamlığın məhz rəngə ehtiyacı olmadığını göstərməyə çalışılır. Bu yenilikçi addımı atan kubistlərin fikrincə, düşüncələrin və hisslərin ifadəsi üçün bütün nəsnələrdən istifadə etmək mümkündür.

Kubistlər əsərlərində reallığı itirmək istəmirdilər. Reallığı fərqli gözlə göstərmək istəyirdilər. Kubist ədəbiyyatçılar da fərqli məkanlarda baş verən hadisələri birləşdirərək həqiqətlərə bütün şəkildə baxmağa çalışırlar. Eyni zamanda bir hadisəyə bir çox fərqli tərəfdən baxılmasını hədəfləyən kubist əsərlər bu səbəbdən qarışıq və çətin anlaşılandır. Kubizm 1904-1917-ci illər arasında varlığını davam etdirsə də, kubizm tarixi özlüyündə analitik və sintetik olaraq iki hissəyə bölünür. Analitik kubizmdə rəssam ya da izləyicinin düşüncəsinə birbaşa müraciət var. Analitik kubist rəssam öncə bir nəsnəni necə ifadə edəcəyini, ondakı realizmi, nəsnədəki hansı nöqtəyə diqqət çəkmək istədiyini, nəyin onun duyğularına təsir etdiyini müəyyən edir. Daha sonra isə nəsnəni fikrində parçalayıb, onun üçün önəmli olan hissəyə diqqət çəkəcək şəkildə nəsnəni yenidən birləşdirir. Burada təsvir edərkən nəsnə artıq öz formasında yox, rəssamın onu gördüyü kimi, izləyiciyə göstərmək istədiyi kimi təsvir olunur. Əslinə bənzətməyə gərək yoxdur, əslinə bənzəməyən tablodan isə yeni baxış bucağı, yeni fikir ortaya çıxır. Kubistlərə görə, bu şəkildə əsər daha sadə və dünyəvi olur. Artıq ona baxan hər kəs əsəri başa düşür. Bu şəkildə konkret olanda mücərrəd olana keçilir. Yəni, bir nəsnə konkret şəkildə ikən bizim duyğularımıza təsir edir və duyğularımız vasitəsi ilə mücərrədləşir. Biz nəsnəni yox, onun bizə verdiyi fikri, duyğunu, bizə təsirini hiss edirik. Bu əsərlər gözlə görünəndən yola çıxaraq gözlə görünməyən haqqında düşündürür. Daha qısa desək, konkret bir nəsnə bizim fikirlərimizə və duyğularımıza çevirilir.

Sintetik kubizm isə bunun tam əksidir. Analitik kubizmdə konkretdən mücərrədə keçid var idisə, burada mücərrəddən yola çıxaraq konkret olana doğru gedilir. Burada həndəsi fiqurlardan, hərflərdən, rəqqəmlərdən, qəzet, kağız kimi müxtəlif məhsullardan istifadə edərək əsərlər yaradılırdı. Kubizmin bu dönəmində kolaj özünə daha geniş yer qazanmağa başlamışdı. Bu dönəmin önəmli xüsusiyyəti isə əsərlərin daha çox anlaşılan olması idi. Sintetik kubizmdə artıq illuziya, göz yanılması yer almağa başlayır. Əsərlərdə önəm verilən fikir izləyicinin iki dəfə düşünməsidir. Burada ilk başa düşdüyümüzün yanlış , gördüyümüzün göz yanılması ola biləcəyini ifadə etmək istəyən kubistlər izləyicinin mühakimə qabiliyyətini oyatmaq, sadəcə şəkli izləməklərini deyil, həm də öz düşüncəsi ilə analiz etməsini, həqiqətlə həqiqət olmayan arasındakı fərqi özünün müəyyən etməsini, beynindəki qəlibləşmiş düşüncələrdən azad olmasını istəyir.

Kubizm cərəyanının nümayəndələri insanın təbiətdən ayrı olduğunu, qəlib düşüncələrin əsiri olmamasını, tabulardan xilas olmasını, duyğulara bağlı olmamasını, azad düşüncə sahibi olmasını, sənətin sadəcə sənət üçün olduğunu ifadə etmək istəyirdilər. Əsərlərində duyğu ifadə etməyə çalışmırdılar. Hər şeyin məntiq üzərində qurulu olduğunu, hər insanın həqiqət üçün axtarışa çıxmalı, düşünməli olduğunu ifadə edirdilər. Bütünlükdə bu müasir və yenilikçi cərəyan az müddət tarix səhnəsində olsa da, azad ruha önəm verən, daima insanın yeniləndiyini, yenə öz əli ilə yaratdığının daha üstün formasını yarada biləcəyini ifadə edən realistliyini itirməmiş bir cərəyan idi.

Praqada kubist üslubda tikilmiş ev
Yosef Xoxol

İncəsənətə dörd gözlə baxmaq: KUBİZM

Gernika
Pablo Pikasso

İncəsənətə dörd gözlə baxmaq: KUBİZM

Ağlayan qadın
Pablo Pikasso

İncəsənətə dörd gözlə baxmaq: KUBİZM

Estakda evlər
Corc Brak

Amalya Mustafayeva
Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti