"Prezident seçkilərindən sonra ABŞ və dünya sülhü" - Henri Kissincer

30-07-2018, 13:31
Oxunub: 798
"Beynəlxalq müzakirə kampaniya ritorikası haqqında deyil, inkişaf edən Amerika strategiyası barədə olmalıdır"


Henri Kissincerin Nobel Sülh Mükafatının açılış mərasimində “Prezident seçkilərindən sonra ABŞ və dünya sülhü” mövzusunda çıxışını oxucularımıza təqdim edirik.

Mən ilk dəfə keçirilən Nobel Sülh Mükafatı forumunda iştirak etməkdən qürur duyuram. Və bunu həyatı və karyerası mənimki ilə çox oxşar olan  dostum Zbiqniev Bjezinski ilə bölüşməkdən də çox məmnunam.

Ənənələrlə dolu olan bu zalda baş tutan bu tədbir insanda nostalgiya və minnətdarlıq hissləri oyadır. 1973-cü ilin oktyabrında Nobel Sülh Mükafatı ilə təltif olunduğumdan xəbərdar olduğum anın nostalgiyası. Xəbər mənə Ağ evin Məşvərət Otağında bir tərəfdə Misir və Suriya, digər tərəfdə isə İsrailin olduğu müharibənin son dağıntıları haqqında keçirilən iclas zamanı çatdı. Zamanlama istehza doğururdu, lakin bu xəbər öhdəliklərimi yerinə yetirə bilmək üçün ilhamverici çağırış oldu.

Çox fikirləşdikdən sonra istəmədən də olsa, qərara gəldim ki, mükafatımı almaq üçün buraya gəlməyim. Vyetnam müharibəsi ətrafında baş verən münaqişələr bir neçə ay əvvəl ona son qoyan razılaşma imzalanmasına baxmayaraq, hələ də səngiməmişdi. Mən beynəlxalq ictimaiyyətin sülh məqsədli bu çox önəmli mərasimində nümayişlərə yol açmaq təhlükəsini gözə almaq istəmirdim.

Nobel Komitəsinə bir qədər gec də olsa, bu auditoriyaya müraciət etməyimə bir daha imkan yaratdığı üçün nə qədər minnətdar olduğumu bildirməyə icazə verin.

Nobel Sülh mükafatının təltifi hər zaman qlobal sülh şərtlərindən asılı olmayaraq həyata keçirilir. Bu ziddiyyət diplomatiyanın təməl hədəfində əzm etmək həvəsi oyadır: Harmoniyanın qeyri-adi uzaqgörənliyi ilə münaqişənin bəsit nizamına üstün gəlmək.

Bu mühazirəyə verilmiş başlıq "Prezident seçkilərindən sonra ABŞ və dünya sülhü" iki cür şərh edilə bilər: Yeni Amerika prezidentinin bundan öncəkindən fərqli şəkildə ortaya çıxmasına diqqət çəkmək və ya Amerika seçki prosesinin nəticəsindən sülh prosesinə diqqəti artırmaq üçün istinad nöqtəsi kimi istifadə etmək. İcazə verin, hər ikisi barədə bir neçə kəlmə söz deyim.

Şübhəsiz ki, seçilmiş prezident müasir Amerika tarixində bənzəri olmayan bir şəxsiyyətdir. Və onun ritorik elementlərlə dolu kampaniyası bundan öncəki ənənəvi sayılan formalara meydan oxuyur. Lakin qaçılmaz böhran barədə fərziyyələr irəli sürməmişdən qabaq yeni hökumətə beynəlxalq nizama dair baxışlarını təqdim etmək fürsəti verilməlidir. Beynəlxalq müzakirə kampaniya ritorikası haqqında deyil, inkişaf edən Amerika strategiyası barədə olmalıdır.

Bundan başqa, ölkəni indiki vəziyyətindən heç vaxt olmadığı yerə aparmağa çalışan yeni hökumət idarəetmənin iki qaçılmaz yönü ilə üzləşəcək:bundan öncə araşdırılmamış imkanların kəşfi ilə və tarixi iddialarla. Seçim isə ideal ilə real olan arasında deyil, onların sintezindədir.

Bu baxımdan, mən öz fikirlərimi müasir dünyanı şəkilləndirməyə çalışan hər bir prezidentin üzləşəcəyi sülh strukturu üzərində cəmləşdirəcəm.

Sülh xüsusi müharibələrin sonlandırılmasında rol oynayırmı? Və ya sülhün başlıca hədəfi dünya nizamını yaratmaq və onu qorumaqdanmı ibarətdir?

Mən 1973-cü ildə ilk dəfə Nobel mükafatı ilə tanış olarkən, “sülh” kəlməsi Soyuq müharibəni sonlandıra və davamlı sülhün təməlinin qoyulmasını təmin edə biləcək nüvə gücləri arasında faydalı münasibətlərin yaradılmasına yol açacaq Vyetnam müharibəsinin bitməsi anlamını ifadə edirdi.

Zamanla, bu məqsədlərə az və ya çox nail olundu. Vyetnam müharibəsi başa çatdı – ilk olaraq, razılaşma ilə, daha sonra isə nəhayət ki, güc yolu ilə. Və Soyuq müharibə sona çatdı. 1990-cı ildə qlobal sülhün yeni strukturu peyda oldu. Amerikada “sülh dividend”i haqqında şayiələr gəzirdi. 1989-cu ildə geniş müzakirə olunan məqalədəki sorğu “Biz “tarixin sonunamı” gəldik???” deyə adlandırılmışdı. 1992-ci ildə eyni başlıqlı kitab nəşr edildikdə isə sual işarələri yoxa çıxdı.

Bu gün Soyuq müharibənin bitməsindən sonrakı 25 illikdə “sülh” bir mənanı bildirir: dünya nizamının Avropalaşma anlayışının qloballaşması. Avropanın sülh məfhumuna olan bənzərsiz qatqısı struktur tələblərlə tarixin çalxantılarını yumşaldan qurum və qaydalar vasitəsilə savaşan dövlətlər arasında barışıq yaratmağı aşmışdır. Digər heç bir mədəniyyət bənzər işi öz üzərinə götürməyib. Bunu 3 ümumi prinsip formalaşdırdı: beynəlxalq hüquq, güc balansı və suverenlik anlayışı. 30 illik müharibənin dəhşətləri alman hüquqşünas-diplomatı Grotiousun dünyanın ən önəmli kitablarından birini yazmasına yol açdı. Müharibə və Sülh hüququ beynəlxalq hüquq anlayışının başlanğıcı oldu və dövlətlərin idarəetmə qaydalarını müəyyənləşdirdi. Beynəlxalq hüquq hegemoniya axtarışının hər zaman hədsiz təhlükələrlə üzləşəcəyi yolla dünya nizamını qorumağa çabalayan güc balansı anlayışının dəyişməsi ilə qüvvətləndi. Güc balansı belə etmək imkanına əngəl yaradarkən, qanunauyğunluq beynəlxalq sistemi pozmaq istəklərinin qarşısını alacaqdı. Suverenlik anlayışı isə beynəlxalq siyasətin hədəfi olan dövlətlərin daxili quruluşunu yasaqlamaqla tərtibatı tamamladı.

Əsrimizin dönüş nöqtəsində dünyanın hər yerində yaşayan insanlar üçün əlçatan olan qaydalara əsaslanan sistem ortaya çıxdı. Bunun rəmzi ifadəsi isə 190 suveren üzv dövlətdən ibarət BMT-nin Baş Assambleyası olub.

Təəssüf ki, beynəlxalq sistemin struktur özülü  hal-hazırda basqı altındadır. Və bu, öz üzvlərinin fəaliyyəti nəticəsində geniş miqyasda korlanıb.

Mövcud dünya nizamını köhnəlmiş və milli suverenliyi vaxtı keçmiş anlayış adlandırmaq dəbə çevrilib. Birbaşa ünsiyyət, uzaq mənzilli mərmilər və kütləvi xalq hərəkatları çağında qlobal məsələlərin qlobal qeyri-hökumət təşkilatları tərəfindən ünvanlanması daha yaxşı olardı. Yumşaq güc anlayışı güc balansından və beynəlxalq nizamın təzyiq mexanizmlərindən qurtulmaq vasitəsi olaraq meydana çıxdı.

Bu şərtlər altında ziddiyyətli şəkildə olsa da ifrat milliyyətçilik alternativ qlobal sistem olaraq gücləndi. Bir növ “dünyanın qalanını” yaxşı və ya pis şəkildə öz başının çarəsinə baxmağa buraxan təcrid siyasəti yarandı.

Beynəlxalq dünya sistemindən imtina dövləti ümumdünya xilafəti ilə əvəzləmək axtarışına xidmət yolunda ifrat zorakılıq üsullarına bəraət qazandırmaq üçün istifadə olunan radikal dini ideologiyalarda daha kəskin şəkildə özünü biruzə verdi.

Son olaraq, dünyanın bir çox yerlərində qaydalara əsaslanan sistem “qərb”in məhsulu olaraq  yad öhdəlik kimi təzyiqlərə məruz qalır.

Bu gedişat müasir dövlətçilik sisteminə təhlükə yaradır. Birtərəfli fəaliyyət artmaqdadır. Suveren sərhədlərə məhəl qoyulmur və ya pozulur. Dövlətlərin bərabərliyi yerli iyerarxiyalara boyun əyməyin başlanğıcıdır. Nüvə silahlarının partlayışı qorxusu Soyuq müharibənin sonlandırılmasını və nüvə cəbbəxanalarının sayını azaldan və yayılmasının qarşısını alan razılaşmalara nail olunmasını asanlaşdırdı. Bununla belə, indi “zəif nüvə silahı”, nüvə silahından taktiki istifadə haqqında danışıqlar, savaş başlıqlarının müasirləşdirilməsi və kiçildilməsi, mərmi atəş sahələrinin davamlı şəkildə genişlənməsi və yeni nüvə gücləri sərhədlərinin açıq-aydın qəbul edilməsi - bütün bunların hamısı beynəlxalq qərar qəbulunun mövcud strukturlarını məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qoyur. Böyük humanitar fəlakətlər, xüsusilə də Suriya və Afrikada baş verir.

Beynəlxalq sistemin bu qorxulu vəziyyəti dünya nizamının 4 baxışı – Avropalı-Vestfalya,  İslami, Çinli və Amerikan - arasında gedən gizli rəqabətlə təmsil olunur. Nəticə etibarilə, heç biri ümumi qanunauyğunluğu sevmir. Hər tip yerli və ya qlobal mənfəət üçün manevr etməyə şirnikləndirilir. Regionlararası mübarizə millətlərarası baş vermiş çarpışmadan daha dağıdıcı ola bilər.

Bu baxımdan, geniş miqyaslı partlayışı və sülh əldə edilməsini mümkün qədər sürətləndirəcək 4 ssenari meydana çıxır:

1. Çin-Amerika əlaqələrinin pisləşməsi nəticəsində hər iki ölkənin tarixin hər bir mövcud və ona meydan oxuyan yeni doğulmuş gücə qurduğu "Fukidid tələsi"nə düşməsi;

2. Rusiya və Qərb arasındakı münasibətlərin oxşar mədəniyyətlərarası anlaşmazlıqdan meydana çıxan ziddiyyət nəticəsində pozulması;

3. Avropa strateji uyğunluğunun qlobal missiyanın öz mənasını itirməsi səbəbi ilə davamlı şəkildə zəifləməsi;

4. Sünni Ərəb dövlətləri ilə inqilabçı İran arasında hegemonluq uğrunda gedən rəqabətcil axtarışlar əsnasında Orta Şərqdə olan münaqişənin daha da qızışdırılması. Bunların hamısı bu problemləri dəf etməyə məcbur edilən Amerika prezidentinə və onunla həmfikir olan dünya liderlərinə meydan oxumaqdır.

Hazırki müzakirələrin bir çoxu milli maraqların önəmli rolunu vurğulayır. Düzünə qalsa, xarici siyasət milli maraqların aydın konsepsiyası ilə işə başlamalıdır. Eyni zamanda, bizim bir-birinə bağlı dünyamızda milli maraq dünya nizamı baxışı ilə əlaqələndirilməli və məhdudlaşdırılmalıdır. Texnoloji baxımdan inkişaf etmiş ölkələr xüsusi ehtiyac olduqda öz elmi cəhdlərinin bir-biri və dünya üzərinə olan təsirlərini məhdudlaşdırmaq üçün ümumi üsulları təkmilləşdirirlər. ABŞ, Çin və Rusiyanın nüvə silahlarının 3-cü Dünya ölkələrinin istifadəsi ilə ənənəyə çevrilməsinin qarşısını almaq kimi xüsusi öhdəliyi var. Xüsusi narahatlıq süni zəkanın müstəqil şəkildə öyrənmək və ünsiyyət yaratmaq qabiliyyətinə malik maşınlara çevrilməsi və potensial olaraq, bəşəriyyəti bu ixtiranın qurbanı etmək olmalıdır. Müstəmləkəçiliyin müəlliflərinin öz yaratdıqları texnoloji əsərlər tərəfindən müstəmləkələşdirilərək məhv edilməsi ağlabatandırmı?

Bir çox məsələlərin kökündə isə dünya nizamının söykəndiyi qanuni quruluşu nəyin müəyyənləşdirdiyi barədə olan anlaşmazlıqdır. Bu məsələ hələ də qüvvədədirmi? Bu olmalıdırmı? Əgər deyilsə, bəs onda yeni beynəlxalq nizam üçün uyğun özül necədir?

Mövcud nizamın başlıca üstünlüyü odur ki, ona bərabər təsirli və ya alternativ sistem yoxdur. Dövrümüzün ən ciddi tələbi Vestfalya sisteminə uyğunlaşmaq və ya onu yeniləməkdən ibarətdir. Mövcud strukturun digər tərəfində isə xaos baş qaldırır.

Amerika dünyanın qlobal strukturda baş verən tektonik dəyişikliklər qədər özəl böhranla üzləşmədiyini bilməlidir. Çin üçün bu mövqe bir dərəcəyə qədər tanış və şərtidir. Rusiya üçün axtardığı hörmət sərhədləri boyunca gerçək suveren strukturlara icazə verməli olmasıdır. Və Avropa üçün isə bu xüsusiyyəti şərait tələb edir, lakin siyasətin yönləndirmə qabiliyyətinə, daha doğrusu bir baxışa ehtiyacı var.

Dövlət adamı hər zaman öz öhdəliklərini dünyanın uzun müddətli gələcəyinə uyğun qurmaq üçün təzyiqlərə məruz qalır. Lakin təhlükələrin iç üzünü anlamaq üçün edilən təkliflərin də bəşəriyyət tarixində bənzəri yoxdur. Ətalət artacaq. 18-ci əsrdə İmmanuel Kant ümumi sülhün gəlişini əvvəlcədən xəbər vermişdi. Bu ya insan ağlı ilə olacaq, ya da ki, elə böyük fəlakətlər hesabına baş verəcək ki, başqa seçim qalmayacaq. Bu ehtimal keçən əsrlərdə açıq şəkildə özünü büruzə verib.

Son olaraq, şəxsi bir söz söyləyim: mən məzlumların ümid işığı olan Amerika ilə bir mühacir olaraq tanış olmuşam. Bir əsgər kimi isə dünya nizamına qarşı yönəlmiş müharibə bəlasının dəf edilməsində Amerikanın rolunu anladım. Universitetdə tarixin Amerikanın müstəsna şəraitinə təsirləri haqqında düşündüm.  Məsləhətçi və siyasət tərtibatçısı kimi Amerikanın sülh üçün müxtəlif yollarının araşdırılmasında iştirak etmək şərəfinə nail oldum. Bəzi ümidlərim özünü doğrultmadı; bəzilərinin həqiqətə uyğun olmadığı, hətta zərərli olduğu ortaya çıxdı. Lakin sülh və sabitlik üçün aparılan araşdırmalar mənim  bildiyim və tanıdığım Amerika Prezident administrasiyasında hər zaman üstünlük təşkil edib. Bir çox müasir sülh şəkilləri ya Amerikanın dəstəyi ilə yaradılıb, ya da ki Amerika mənşəlidir. Mən ümid edirəm və inanıram ki, irəlidəki onilliklərdə də ABŞ dünya sülhünün inşası hekayəsinə davam edəcək.
Oslo, Norveç
11 dekabr, 2016-cı il

Tərcümə: Günay Quliyeva
Mənbə: henryakissinger.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti