Azərbaycanda 9 min illik yaşayış məskəni tapılıb

23-07-2018, 13:50
Oxunub: 29
Qazıntılar zamanı mindən çox qədim əşya aşkarlanıb


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyası bölgə ərazisində arxeoloji tədqiqat işlərini davam etdirir.

AMEA-dan bildirilib ki, tədqiqatlar nəticəsində Tovuzda 9 min il yaşı olan yaşayış məskəni aşkarlanıb. İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin dediyinə görə, bu, Cənubi Qafqazda ən qədim insan məskənlərinin məhz Azərbaycan ərazisində mövcud olduğunu bir daha sübut edir. Arxeoloq hazırda həmin ərazidə yerli və əcnəbi mütəxəssislər tərəfindən qazıntı işlərinin aparıldığını və yarım hektardan çox ərazidə iki təbəqədən ibarət qədim kəndin aşkarlandığını da bildirib. O, qədim kəndin birinci təbəqəsində 200 kvadratmetr ərazidə axtarışların davam etdirildiyini deyib.

Qazıntılar zamanı mindən çox saxsı qab hissələri, misdən olan sırğa qalığı, sivri daşlardan ov silahı və yer şumlamaq üçün alət qalıqları tapılıb. Burada tapılan maddi mədəniyyət nümunələri neolit dövrünə təsadüf edir və erkən əkinçilik mədəniyyətini təcəssüm etdirir.

Arxeoloq gələn ildən etibarən tədqiqat işlərinə Yaponiya ilə yanaşı, Fransa, Türkiyə və Bolqarıstandan da arxeoloqların cəlb olunacağını qeyd edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti