MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib

20-07-2018, 21:51
Oxunub: 80
Dostluq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə qərarlar qəbul edilib


Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Belarus, Qazaxıstan, Qırğız, Moldova, Tacikistan, Özbəkistan respublikalarının, Türkmənistan və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin, MDB-nin İcraiyyə Komitəsinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi üzrə Büronun, Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpolun, BMT-nin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya regional qurumunun rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, Tacikistan Respublikasının daxili işlər naziri, milis general-polkovniki Ramazon Raximzoda bu quruma rəhbərlik etdiyi bir il ərzində görülən işlər barədə məlumat verib. MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə müvafiq olaraq Şuraya sədrlik Azərbaycan Respublikasının daxili işlər nazirinə həvalə olunub.

Şuraya sədrlik edən Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun yaranmasının 25 illiyinin tamam olacağını diqqətə çatdıraraq bu yubiley münasibətilə həmin qurumun rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.
Şuranın iclasında MDB İcraiyyə Komitəsinin Departament direktoru, general-leytenant Albert Drujinin, İnterpolun baş katibi Yurgen Ştok çıxış ediblər.

İclasın gündəliyində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet məsələləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icrasının, terrorçu qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərlə bağlı məlumat mübadiləsinin vəziyyəti, üzv dövlətlərin ərazisində kibercinayətlərin qarşısının alınmasında razılaşdırılmış hərəkət mexanizmləri, bu sahə üzrə ixtisaslı kadrların hazırlanması, elmi-praktik konfransların keçirilməsi və digər aktual məsələlər olub. Bu istiqamətlər üzrə öz çıxışında ölkəmizin mövqeyini ifadə edən nazir Ramil Usubov cinayətkarlıqla mübarizənin aktual problemlərinə dair mütəmadi keçirilən belə görüşlərin müasir çağırış və təhdidlərin qarşısının alınmasında mühüm rolunu vurğulayıb. Respublikadakı kriminogen durum, həyata keçirilən tədbirlər barədə də iştirakçılara məlumat verib və bildirib ki, cinayətkarlığın qarşısının alınması və açılması işinin effektiv təşkili, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmini ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edir. Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır.

Nümayəndə heyətlərinin rəhbərləri gündəlikdəki məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, üzv dövlətlərin Daxili İşlər nazirliklərinin səmərəli əməkdaşlıq əlaqələrinin nəticəsi olaraq hər il ictimai rezonans doğuran yüzlərlə cinayət açılır, transsərhəd kriminal birliklər, o cümlədən ekstremist yönümlü cinayətkar qrup və dəstələr zərərsizləşdirilir, onlarla təhlükəli cinayətkar tutularaq ekstradisiya olunur. Bu istiqamətlərdə birgə razılaşdırılmış fəaliyyətin təşkilində və həyata keçirilməsində isə cinayətkarlıqla mübarizəyə, narkotiklərin qanunsuz dövriyyəsinə, terrorçuluq və ekstremizmin digər zorakı təzahürlərinə,  qeyri-qanuni miqrasiyaya, insan alverinə qarşı dövlətlərarası proqramlar xüsusi yer tutur.

Dostluq və konstruktiv əməkdaşlıq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə qərarlar qəbul edilib, eləcə də  Şuranın növbəti iclasının gələn il Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilməsi təsdiqlənib.
Daha sonra iclas iştirakçılarının “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmasına dair Azərbaycan Respublikası daxili işlər nazirinin əmri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları təqdim edib.
Sonda keçirilən mətbuat konfransında nümayəndə heyətlərinin rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti