"TAP İtaliyanın qaz idxalı mənbələrinin şaxələndirilməsinə xidmət edəcək"

18-07-2018, 18:57
Oxunub: 32
"TAP İtaliyanın mənbələrinin diversifikasiyasına xidmət edəcək"


Energetika naziri Pərviz Şahbazov İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən APA-Economics-ə görə, görüşdə müxtəlif sahələri əhatə edən Azərbaycan-İtaliya əlaqələrinin inkişafı, İtaliya şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələr və perspektiv əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Prezidenti Sercio Mattarellanın səfəri çərçivəsində sənədlərin imzalanmasını, eləcə də “Maire Tecnimont” şirkətinin iştirakı ilə inşa edilən Polipropilen Zavodunun açılışını iki ölkənin münasibətlərinin gələcək inkişafını müəyyən edən hadisələr kimi qiymətləndirib. Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sədri kimi nazir ölkə iqtisadiyyatının bir çox istiqamətləri, o cümlədən bərpa olunan enerji sahəsi üzrə gələcək əməkdaşlıq üçün imkanlar haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində yüksək potensiala malikdir və bu potensialın reallaşdırılması üçün hazırda beynəlxalq şirkətlərlə məsləhətləşmələr aparılır, təcrübələr öyrənilir: "Bu sahənin özəl sektor, xarici investorlar üçün cəlbediciliyinin təmin edilməsi məqsədilə əlverişli biznes mühitinin yaradılması, qanunvericilik bazasının  təkmilləşdirilməsi, eləcə də dövlət-özəl əməkdaşlığı modelinin tətbiqi ilə bağlı tədbirlər görülür".

Enerji sahəsində İtaliya ilə əməkdaşlığın mühüm elementi kimi Trans-Adriatik  (TAP) boru kəməri layihəsindən bəhs edən nazir TAP-ın İtaliya üçün əhəmiyyətini artıran məqamları da vurğulayıb. Nazir bildirib ki, TAP Avropa İttifaqı ölkələri arasında ən çox qaz idxal edən və istehlakçıları tərəfindən ən çox qaz pulu ödəyən ölkə kimi İtaliyanın mənbələrinin  diversifikasiyasına xidmət edəcək: "Ölkənin dekarbonizasiya tədbirlərinə dəstək olacaq".

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi isə iki ölkə arasında uzunmüddətli əməkdaşlığın əsasında enerji sektorunun mühüm rol oynadığını deyib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayan nazir müavini enerji ilə yanaşı ölkəsinin digər sahələrdə də əməkdaşlığın dərinləşdirilməsi üçün maraqlı olduğunu bildirib. O, Azərbaycanın həyata keçirdiyi nəqliyyat dəhlizləri və infrastruktur layihələrinin Avropa və Asiya arasında ticarət əlaqələrinin möhkəmlənməsində rolu ilə maraqlanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti