Xəzərə çirkab suları axıdan istirahət mərkəzləri cərimələnib

17-07-2018, 15:16
Oxunub: 61
Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə birgə reyd keçirilib.

ETSN-nin mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu Müqtədir-Nabran zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində, ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı müəyyən edilib.

“Bulaq”, “Üç qardaş”, “Green ville”, “Panorama”, “Əlincə”, “Raduqa”, “Çıraq qala” və “Venesiya” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, “Təbib”, “Sunset”, “Elay”, “Jalə” istirahət mərkəzlərində və “Panorama” restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 9400 manat məbləğində cərimə ediliblər.

Nöqsanların aradan qaldırılması məqsədilə obyekt  sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
 
Reydlər davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti