"Xalqımızın ənənələri onu sübut edir ki, biz musiqisiz yaşaya bilmərik"

17-07-2018, 10:58
Oxunub: 488
Beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər


Heydər Əliyev Sarayında iyulun 16-da Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının açılış mərasimi olub.

Mədəniyyət Nazirliyindən Report-a verilən məlumata görə, açılış mərasimində respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək belə bir konfransın ölkəmizdə təşkil olunmasının əhəmiyyətindən danışıb: "Konfransın builki mövzusu musiqinin cəmiyyətdə yeri və rolu ilə bağlıdır. Şadam ki, belə bir tədbir Bakı şəhərində keçirilir. Musiqi xalqımızın yaşayış tərzinin ayrılmaz hissəsidir”.

Nazir deyib ki, konfransın ölkəmizdə keçirilməsi musiqi sahəsinin inkişafının əyani göstəricisidir. “50 il bundan öncə UNESCO-nun himayəsi altında Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti yaradılıb. Artıq 90 ölkəni birləşdirən bu təşkilat dünyada musiqi sahəsi ilə bağlı möhtəşəm layihələr həyata keçirir. Azərbaycan bu cəmiyyətin üzvi kimi belə layihələrin icrasında yaxından iştirak edir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə musiqi təhsili inkişaf edir. Xüsusi vurğulamalıyam ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da bu sahəyə məxsusi qayğısı var.Bütün bunlar göstərir ki, bu diqqət və qayğıların nəticəsi olaraq Azərbaycan muğamı , Azərbaycan aşıq sənəti , tar və onun ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib”.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kasainov deyib ki, son illər mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi əlamətdar hadisədir. O, əlavə edib ki, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti konfransının Azərbaycancada keçirilməsi də bu ənənənin davamıdır.

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Li Higgins və Baysal Universitetinin professoru Uğur Alpaqut çıxış edərək konfransla bağlı məlumat veriblər. Qeyd ediblər ki, konfransda musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssis iştirak edir.

Sonra dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti