BANM-da ilk MBA proqramına qəbul 100 faiz olub

11-07-2018, 12:00
Oxunub: 24
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Bakı Ali Neft Məktəbi (BANM) 2018/2019-cu tədris ilindən MBA (Biznesin idarə olunması) proqramının tədrisinə başlayır. 

Bu barədə Report-a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Ali Məktəb tərəfindən bu istiqamət üzrə ilk dəfə qəbul elan olunmasına baxmayaraq magistraturaya qəbul olmaq arzusunda olan bu ilki tələbələrin böyük marağına səbəb olub. Belə ki, Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılan “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Magistr” jurnalına əsasən Ali Məktəbin MBA ixtisası üzrə elan etdiyi yerlərin hamısı dolmuşdur. BANM-a qəbul olmuş tələbələr sentyabr ayından etibarən Ali Məktəbin zəngin MBA proqramına başlayacaqlar.

BANM-ın MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Ali Məktəbin təqdim etdiyi innovativ MBA proqramı müasir çağırışlar və trendlərə tam cavab verəcək. Proqram öz tələbələrinə rəqabətə davamlı karyera imkanları, əlverişli dərs qrafiki, adakemik mükəmməllik, geniş profesional biznes əlaqələri və Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktiki biliklər əldə etmək imkanı verəcək.

Ali Məktəbin MBA proqramında Strateji idarəetmə, Maliyyənin idarə olunması, Marketinq konsepsiyaları, Menecerlər üçün mühasibat, İnformasiya Texnologiyalarının idarə olunması, Kapital qoyuluşu və Maliyyə strategiyaları və digər önəmli fənlərin tədrisi nəzərdə tutulub. BANM həmçinin MBA ixtisasında təhsil alacaq tələbələri üçün müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etmək və əldə olunan bilik və bacarıqları tətbiq etmək imkanı yaradacaq.

Bakı Ali Neft Məktəbində MBA təhsili almağın daha bir üstünlüyü isə ondan ibarətdir ki, proqramı tədris edən müəllimlər SOCAR və transmilli şirkətlərin rəhbər vəzifəli şəxsləridir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti