Akademik Milli Dram Teatrı mövsümə yekun vuracaq

11-07-2018, 11:39
Oxunub: 41
“Cəhənnəm sakinləri” tamaşasını oynayıb


Akademik Milli Dram Teatrı mövsümə iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekun vuracaq.

Bu barədə Report-a teatrın mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Akademik Milli Dram Teatrı mövsümü uğurla başa vurur: "Son dövrlərdə teatrda yüksək yaradıcı atmosfer mövcuddur. Hazırlanan tamaşalarda gənc və orta nəsil aktyorları ilə yanaşı, yaşlı aktyorlar da iştirak etməyə can atır. Bunu bir növ nəsillər arasında sağlam yaradıcı rəqabət hesab etmək olar. Teatrın repertuarında dünya və Azərbaycan klassikasından, o cümlədən müasir dramaturgiyadan nümunələr yer alıb.Buna misal kimi C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Almaz”, İ. Əfəndiyevin “Boy çiçəyi”, M. S. Ordubadinin “Qətibə İnanc”, E.Əfəndiyevin “Cəhənnəm sakinləri”, Y.Polyakovun “Sinif yoldaşları”, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” və “Şah Qacar”, Kamal Abdullanın “Bir, iki – bizimki”, “Çingiz Aytmatovun “Manqurt”, Miro Qavranın “Qəribə, çox qəribə əhvalat” və digər əsərləri misal göstərilə bilər.

Son dövrlərdə Akademik Milli Dram Teatrında dörd yeni səhnə hazırlanaraq həm yaradıcı heyətin, həm də tamaşaçıların ixtiyarına verilib. Bunlar A.M.Şərifzadə, T. Kazımov, M.Məmmədov və A.İsgəndərov səhnələridir. M.Məmmədov, T. Kazımov və A.İsgəndərov səhnələri daha çox məşqlər üçün yaradılsa da, A.M.Şərifzadə adına kiçik səhnə tamaşalar üçün nəzərdə tutulub. Dəfələrlə bu səhnə öz tamaşaçılarını qəbul edib. Gəncrejissorlar Anar Babalı və Əlif Cahangirlinin quruluş verdiyi səhnə əsərləri tamaşaçılar və peşəkar teatr xadimləri tərəfindən uğurlu yaradıcılıq işi kimi dəyərləndirilib”.

Mətbuat xidmətindən əlavə olunub ki, ötən mövsümdə Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi “Cəhənnəm sakinləri” tamaşasını oynayıb:

“Təqdim olunan səhnə əsəri tamaşaçılar və müxtəlif ölkələrdən gələn teatr xadimləri, o cümlədən festivalın təşkilatçıları tərəfindən yüksək səviyyədə qarşılanıb.Bundan başqa Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçirilib, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılıb. Qeyd etməliyəm ki,mövsüm ərzində Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Bolqarıstana səfər edib. Ölkəmizin teatr həyatı üçün səmərəli danışıqlarla yadda qalan bu görüşlərdə gələcək əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılıb.Bildiyimiz kimi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçirilib. Akademik Milli Dram Teatrının kollektivi festival çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası ilə uğurlu çıxış edib. Pirallahı tamaşaçıları qarşısında “Vəsiyyət” tamaşasını oynayan kollektivin növbəti səfəri Xaçmaza nəzərdə tutulub.

Teatrımızın kollektivi hər zaman ölkə başçımızın, mədəniyyət nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının diqqət mərkəzində olub. Belə ki, mövsüm ərzində teatrın truppasından xalq artisti Ramiz Novruz Prezidentin fərdi təqaüdünə, xalq artisti Rafiq Əzimov “Şöhrət” ordeninə, Sabir Məmmədov və Əjdər Həmidov xalq artisti, Rövşən Kərimduxt əməkdar artist fəxri adına layiq görülüblər. O cümlədən Teatr Xadimləri İttifaqının “Sənətkar” ordeni Azərbaycan teatrının inkişafında xidmətləri olan görkəmli sənətkarlarımız Nazim Bəykişiyev, Kazım Abdullayev və Hicran Nəsirovaya təqdim olunub. Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli isə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc rejissoru” mükafatını qazanıb.

Yola saldığımız mövsümdə teatrımızda yeni - “İuda”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Rəqs edə pinqivinlər”, “Şah Qacar”, “Gəl baharım, gəl yazım”, “Bir iki, bizimki”, “Qəribə, çox qəribə, əhvalat”, “Sinif yoldaşları”, “Manqurt”, “Ah, bu uzun sevda yolu” tamaşaları təhvil verilib.

Akademik Milli Dram Teatrının Mədəniyyət və İncəsənət Universiteti ilə yaradıcı əlaqələri də yüksək səviyyədədir. Belə ki, universitetdə rejissorluq təhsili alan diplomantlar teatrımızın Abbas Mirzə Şərifzadə səhnəsində tamaşalar hazırlayıb, tələbə aktyorlar bir neçə tamaşada böyük sənətkarlarımızla birgə səhnəyə çıxıb, teatrşünaslıq ixtisasında təhsil alanlarla isə peşəkar yaradıcılıq işi aparılıb.

Son olaraq bildirmək istərdik ki, yeni mövsümdə bir sıra yeni premyeralarla teatrsevərlərin görüşünə gələcək, onlara müasir və klassik dramaturgiya nümunələri əsasında hazırlanan yeni və maraqlı səhnə əsərləri ilə sevindirəcəyik”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti