Oqtay Əsədov Şanxayda olub

23-06-2018, 13:07
Oxunub: 228
Nümayəndə heyəti bu gün Vətənə qayıdır


Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxay şəhərinin meri Yin Yon ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən Report-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.

Qeyd edilib ki, qədim İpək Yolu vasitəsilə təməli qoyulan münasibətlərimiz hazırda xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf edir. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti böyükdür. Bu baxımdan Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı əldə olunan razılaşmalar müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafına böyük töhfələr verib.

Bildirilib ki, ölkələrimiz arasında olan siyasi etimad və qarşılıqlı anlaşma iqtisadi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin dərinləşməsinə təkan verir.

Tərəflər Azərbaycan ilə Çin arasında son illər iqtisadi sahədə, o cümlədən enerji, ticarət, infrastruktur, maşınqayırma, turizm və digər istiqamətlər üzrə nümunəvi əməkdaşlığın yaranmasından məmnunluq ifadə edərək, Çin iqtisadiyyatında böyük mövqeyi olan Şanxay şəhəri ilə ölkəmiz arasında əlaqələrin daha da dərinləşməsinin səmərəli olacağını vurğulayıblar.

Nümayəndə heyəti Şanxay Şəhərsalma və Planlaşdırma Sərgi Salonunda şəhərin müxtəlif dövrlərdə inkişafını və müasir infrastrukturunu əks etdirən eksponatlara baxıblar. Bildirilib ki, Yantzsı çayının deltasında yerləşən Şanxay Çinin ən böyük şəhərlərindən biri olmaqla yanaşı, ölkənin iri maliyyə və ticarət mərkəzi, nəqliyyat qovşağı və limanıdır.

Azərbaycan nümayəndə heyəti Şanxayın tarixi abidələri və müasir turizm infrastrukturu, o cümlədən Çində birinci, dünyada isə ikinci ən hündür bina olan “Şanxay qülləsi” və “Şərq mirvarisi” televiziya qülləsində olub, şəhərin mənzərəsini seyr edib.

Özünün sürətli inkişafı və nadir tikinti layihələri ilə dünyanın diqqət mərkəzində olan Şanxayda həyata keçirilən infrastruktur işləri nümayəndə heyətimizdə xoş təəssürat yaradıb.

Milli Məclisin sədri Oqtay Əsədov Şanxay Şəhərsalma və Planlaşdırma Sərgi Salonunun, “Şanxay qülləsi”nin və “Şərq mirvarisi” televiziya qülləsinin xatirə kitablarına ürək sözlərini yazıb.

Nümayəndə heyəti bu gün Vətənə qayıdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti