"Elçibəy ölümdən qorxan insan olmayıb" - MÜSAHİBƏ

22-06-2018, 11:19
Oxunub: 1183
"Rusiya bütün silahlarını qiyama hazırlaşan Surət Hüseynovun ordusuna verdi"


Əbülfəz Elçibəy – Azərbaycan yaxın siyasi tarixinin ən çox müzakirələrə səbəb olan şəxsiyyətlərindən biri.
Onun siyasi fəaliyyəti haqqında bir-birinə əks-cəbhədə, daban-dabana zidd olan fikirlər mövcuddur.
Lakin siyasi cəbhədə ona əks mövqedə olanların çoxu da bir ağızdan deyirlər: “Elçibəy yaxşı insan idi”.
Onu istəməyənlər də var, amma görünür onların çoxunun aqrumentləri sadəcə qərəz və hansısa inciklikdən doğur.
Əbülfəz Elçibəyi sevməyənlər sevənlərin sayına və ona sevgiyə qətiyyən kölgə sala bilməzlər.

Qarşıdan Əbülfəz Elçibəyin doğum günü gəlir. 24 iyunda yenə də köhnə cəbhədaşları onun məzarını ziyarət edəcək, onun haqqında xoş sözlər deyəcəklər.

Modern.az saytı AXC hakimiyyəti zamanında prezidentin mətbut katibi işləmiş Arif Əliyevdən müsahibə alıb. Etatist.com həmin müsahibəni öz oxucularına təqdim edir:  

- Arif müəllim, gəlin ilk suala belə başlayaq. Tanımadığınız Əbülfəz Elçibəylə tanıdığınız Əbülfəz Elçibəyi müqayisəli şəkildə necə xarakterizə edərdiniz?

- Tanıdığım Elçibəy mənim tanımadığım Elçibəy haqqındakı bir sıra mənfi fikirlərimi dəyişdi. Mən əvvəllər Azərbaycan Xalq Cəbhəsinin fəaliyyətinə daha tənqidi yanaşırdım. O dövrdə də elə ciddi işbirliyimiz yox idi. Mənim jurnalist kimi proseslərdə yaxından iştirakım olmayıb. Ancaq sonradan bir yerdə işlədiyimiz dövrdə fikirlərim müsbətə doğru dəyişdi. Və bundan sonra Əbülfəz Elçibəy mənim üçün Azərbaycanın ən işıqlı şəxsiyyəti kimi yadımda qaldı.

Əbülfəz Elçibəyin xarakteristikası mənim üçün hansısa müsbət bir enerji və müsbət niyyətləri özündə birləşdirən harmoniyadır. 

- Bəs niyə Elçibəyi mənfi obraz kimi tanıyırdınız? 

- Gəlin, belə deməyək. Mən onu mənfi obraz kimi tanımırdım, amma daha çox tənqidi yanaşırdım. 

- Yaxşı, bunun səbəbləri nə idi? 

- Mən də o zaman gənc idim. Gənclik düşüncəsi maksimalizmə üstünlük verir. Mən də AXC-nin və liderlərinin fəaliyyətinə bir qədər maksimalist yanaşırdım. Səhvləri bəlkə də çox qabardırdım. Tənqidi fikirlərim görülən işlərlə bağlı idi. 

- Gəlin, bir az da aydınlaşdıraq. AXC-də nəyi bəyınmirdiniz və Elçibəyin ideyalarının hansı hissəsinə etiraz edirdiniz?  

- O zaman mən “Azadlıq” qəzetində çalışırdım. Bizim jurnalist qrupunun fikrincə, AXC liderləri bəzi məsələlərə kəskin yanaşmırdılar. Həm imperiyaya qarşı münasibətdə, həm də daxildəki provokasiyalara yumşaq mövqe sərgilənirdi. Onların “Azadlıq” qəzetinə münasibətləri düzgün deyildi. Proqramlarında iqtisadi məsələlər kifayət qədər öz əksini tapmamışdı.

- “Azadlıq” qəzeti milli hərəkatın əsas mətbuat orqanı idi. Bəs AXC liderləri niyə bu qəzetin fəaliyyətinə düzgün yanaşmırdılar? Sizə elə gəlmirmi ki, bu düzgün yanaşmanın qaynağı Elçibəy ola bilməzdi...

- Elçibəy “Azadlıq” qəzetinin adından tutmuş, onun müstəqilliyinin qorunmasına qədər olan məsələlərdə xeyli köməklik etdi.

İlk növbədə problem bunlar idi:  Həm AXC-nin materiallarının dərc olunması və maliyyə məsələləri. O zaman “Azadlıq” qəzeti yaxşı maliyyə qazanırdı. Bu pulun bölüşdürülməsi və AXC-yə bundan nə verilməsi mübahisə predmeti idi.

Nəcəf Nəcəfov hər iki məsələdə çox qəti mövqe tutmuşdu. Birinci deyilirdi ki, AXC-nin iclasları ilə bağlı hər material çap olunmayacaq. Amma AXC tələb edirdi ki, onların iclasları haqqında yazılar nə qədər geniş verilsə, bir o qədər yaxşıdır. 

- Dediniz ki, bu şeyləri Elçibəy təkid etmirdi. Bəs bu məsələdə təkid edən AXC liderləri kimlər idi? 

- Bu mövzunu dərinləşdirsək, çox dərinə gedəcəyik. Amma bu haqda danışmaq istəməzdim. Sadəcə onu deyim ki, AXC-nin İdarə Heyətinin üzvlərinin əksəriyyəti qəzetlə bağlı məsələdə təkid edirdilər. 

- Əbülfəz bəylə ilk tanışlığınız necə olmuşdu? 

- İlk ünsiyyətimiz səhv etmirəmsə, “QKÇP” məsələsindən sonra, avqustun 23-də olmuşdu. O zaman “OMON” AXC qərargahına hücum etmişdi, Əbülfəz bəyin də başı yarılmışdı. Əsl yaxın ünsiyyət isə mən prezidentin mətbuat katibi olan gündən başladı. Ona qədər mən özümü Elçibəyə yaxın adam hesab etmirdim. 

- Necə oldu ki, tənqid edə-edə AXC hakimiyyəti zamanında prezidentin mətbuat katibli postuna gətirildiniz? 

- Bu, birdən-birə oldu. Mən düzü hər hansı dövlət işində işləməyi planlaşdırmırdım. Məni 1992-ci ilin noyabrın axırlarında Nəcəf Nəcəfov söhbət etməyə çağırdı.

Nəcəf Nəcəfov o zaman Prezident Aparatında mətbuat katibi idi. Biz onun otağında səhər saat 6-a qədər söhbət etdik. Nəcəf bəy təklif edirdi ki, mən prezidentin mətbuat xidmətinin rəhbəri olum.

O zaman “Turan” informasiya məlumat-nəşriyyat müəssisəsi adlı böyük bir strukturumuz var idi. Onun öz nəşriyyatı, reklam agentliyi var idi. Mən də öz arqumentlərimi gətirirdim. Amma Nəcəf bəyin arqumentləri hər zamankı kimi bu dəfə də güclü çıxdı. Və mənə dedi ki, bu, tarixi şansdır ki, xalqımız üçün böyük işlər görək. Mən həmin gün razılıq verdim və iki gün sonra prezidentin mətbuat katibi təyin olundum. 

- Əbülfəz bəyin, bundan xəbəri yox idi? 

- Təbii ki, var idi. 

- Onda Elçibəy sizin mətbuat katibi olmağınızı məsləhət görmüşdü, yoxsa Nəcəf Nəcəfov? 

- Mən düşünürəm ki, Nəcəf Nəcəfov Elçibəyə mənim mətbuat katibi təyin olunmağımı məsləhət görüb. Sözsüz ki, bu məsələlər prezidentlə razılaşdırılmasaydı, mənə də həmin vəzifə təklif edilməzdi. 

- İlk yaxın ünsiyyətinizi necə xatırlayırsınız? 

- O zaman “Nyu-York Tayms”dan 2 tanınmış jurnalist Bakıya gəlmişdi. Onlar prezidentdən müsahibə götürmək istəyirdilər. Biz də buna razılaşdıq. Bu, dekabrın ortaları idi. Həmin vaxt ermənilər Zəngilanda bizim kəndlərə hücum etmişdilər və 6 kəndi yandırmışdılar.

Çox gərgin iş qrafikində olsaq da, bu müsahibəni razılaşdırdıq. Müsahibəni axşam saat 8-ə saldıq. Mən prezidentin yanına qalxdım. Gördüm ki, prezident həddindən artıq yorğun və gərgindir. Çünki çətin bir dövr idi. Ermənilər 6 kəndi tutmuşdular, deyilənlərə görə, burada rus bazalarının da əli olmuşdu. İran bizə sursat almaqda çətinliklər yaradırdı.

Rusiya digər dövlətlərə də göstəriş vermişdi və buna görə də Azərbaycanın silah almasında problem yaranmışdı.

Diplomatik cəhdlərimiz də nəticə vermirdi. Mən prezidentin gərgin olduğunu görüb təklif etdim ki, jurnalistlərlə görüş vaxtını dəyişək. Əbülfəz bəy isə razı olmadı, “gəlsinlər” dedi. Çox maraqlı söhbət oldu.

Amerika jurnalistlərini daha çox neft və Qarabağ məsələsi maraqlandırırdı. Həmin söhbətdə Elçibəy suallara ətraflı cavab verdi. Mən də bununla onu daha da yaxından tanıdım. 

- Elçibəy kifayət qədər demokrat insan olub, mətbuatın inkişafına və azadlığına da çox böyük önəm verib. Bu, öz yerində, bəs Elçibəyin həmin mürəkkəb dövrdə mətbuata bu qədər azadlıq verməsi düzgün addım idimi? 

- Nəzərə alın ki, mən buna indiki ağlımla cavab verəcəyəm. İndiki ağlımla deyə bilərəm ki, bir az fərqli davranmaq lazım idi. Ancaq o zaman mən mətbuat azadlığının qızğın tərəfdarlarından biri idim. Hətta AzTV üçün daha böyük azadlıq tələb edirdik. Tələb edirdik ki, medianın dövlətsizləşdirilməsi prosesi daha böyük sürətlə getməlidir.

Bəlkə də, bu mövqe romantizmdən irəli gəlirdi. Bəlkə də biz hadisələri o qədər də düzgün qiymətləndirmirdik. “Xalq demokratiyaya hazır olmalıdır” ifadəsi boş yerdən deyilməyib.

O zaman isə düşünürdük ki, “xalq demokratiyaya hazır deyil” demək çox böyük yanlışdır.

Elçibəy artıq Kələkidə olanda mən də bir neçə ay onun yanında qaldım. O zaman kənddə toy idi, biz də kənarda dayanmışdıq. Orada Əbülfəz bəy belə söz dedi: “Dövlətin maliyyə, ordu, hərbi dayağı olduğu kimi, onun digər dayağı müstəqil mətbuatdır. Heyf ki, mən bunu axıra qədər yarada bilmədim”.
Elçibəy məğlub dövründə də bu düşüncəsində qaldı. Heç zaman “mən səhv edib mətbuata böyük azadlıq vermişəm” düşüncəsində olmadı. 

- Mətbuat o zaman sui-istifadə hallarına yol verib. Bəs mediadan gələn əsas təhlükə bu idimi? 

- Xeyr, əsas təhlükə məqsədli şəkildə sui-istifadə hallarına yol verilməsi idi. AXC çox böyük etimad dalğası üzərində hakimiyyətə gəlmişdi. Bəlkə də ona görə mətbuata da bu qədər azadlıq verildi. Amma nəzərə alınmadı ki, ölkədə daxili kommunistlər də var, Rusiya, İran faktoru, hakimiyyət davaları var. Bütün bunlar o qədər də nəzərə alınmadı. Buna görə də əks-təbliğat çox güclü quruldu. Mən bunu 1920-ci illə müqayisə edərdim. Həmin dövrdə də ölkədə fəaliyyət göstərən bolşevik qəzetlərinin sayı müstəqil mətbu orqanların sayından çox idi. 

- İnsan nə qədər demokrat olsa da, hər halda mətbuatda gedən hansısa informasiya onda qıcıq yarada bilər. Olurdumu ki, Əbülfəz bəy də, hansısa yazını oxusun və acıqlansın? 

- Acıqlandığını yox, ağrıdığını, incidiyini görmüşdüm. Amma əsəbiləşdiyini, qisas fikrinə düşdüyünü görməmişəm.

Bu adam ailəsinin üzünü görmürdü. O, idealları uğrunda elmi, ailəsini atdı.

Bizim bəzi çox görkəmli insanlarımız var ki, bu və ya digər dövrdə siyasi Olimpin zirvəsində olublar. Amma öz iradələrinin əleyhinə olaraq. Əbülfəz Elçibəy də prezident olmaq istəmirdi. 

- Əbülfəz bəyi şəxsən tanıyanlar və tanımayanlar hamısı deyir ki, o, prezident kimi də çox sadə adam olub. İstərdik ki, bir az da onun sadəliyindən danışasınız. 

- Bir dəfə hansısa bir toplantı idi. Yaşlı adamlardan bir neçəsi Əbülfəz bəyə yaxınlaşdı və “bəy, sizi görmək yaman çətindir” dedi. Əbülfəz bəy də cavab verdi: “Bəli, düz deyirsiniz, yaman çətindir”.

Əbülfəz Elçibəy prinsipcə, həm insanlara münasibətində, həm davranışında kifayət qədər sadə biri idi. O cümlədən jurnalistlərlə də ünsiyyətində.

O zaman hər 2-3 aydan bir prezidentin redaktorlarla görüşü keçirilirdi. Bir dəfə Aqil Abbas dedi: “Əbülfəz bəy, bu ölkədə sizinlə, yəni prezidentlə görüşmək nazirlə görüşməkdən daha asandır”.

Əbülfəz bəy ünsiyyətə açıq idi. Bu ünsiyyət ona buna görə lazım ki, ortadakı filtrlərdən çəkinsin. İnformasiyaları birinci mənbədən almaq onun üçün çox vacib idi. Bunun üçün onun başqa dostları da var idi.

Onun idarəçilik mexanizmi bu cür idi. Sonradan deyirdilər ki, Əbülfəz bəy bəzi məqamlarda çox sadə davranıb.

Əbülfəz bəy, ailəsindən ayrı düşmüşdü. Ona görə ki, bu adam adətən gecələr işləyirdi. Bu, bəzən onun qəbullarına mane olurdu. Səhər saat 8-ə qədər işləyib qəbul keçirmək çox çətin idi. Hələ o dövrün mənzərəsini də nəzərə alın.

Əbülfəz bəyin iş rejimi çox ağır və mürəkkəb olduğu üçün elə Prezident Aparatının (Administrasiya-red) qarşısındakı iqamətgahda qalırdı.

Onun həddindən artıq intensiv görüşləri olurdu. Bu görüşlərin bir qismi haqqında hələ də məlumat yoxdur. 

- Dediniz ki, bir qisim məlumatlar hələ də açıqlanmayıb. Siz isə bundan xəbərdarsınız yəqin ki. Əgər məxfi şey deyilsə, onlar haqqında danışmağınızı istərdik. 

- Əlbəttə, məxfi məqamlar var. Amma siz dediyiniz həmin məxfi şeylərin az qismini mən bilirəm. Onlar dövlət mənafeyi baxımından məxfidir. Sizə deyim ki, ümumiyyətlə heç zaman özümü siyasətçi kimi hiss etməmişəm.

Sizin nəzərdə tutduğunuz hərbi və digər sirlərlə bağlı məsələlərin içində mən olmamışam. Media ilə bağlı məsələləri isə A-dan Z-yə qədər deyə bilərəm.

Lakin fərdi sirr təşkil edən şeyləri də bilirəm. 

- Yaxşı, ondan danışın. Hansı ki, ictimaiyyət bundan məlumatlı deyil. 

- O zaman birinci məsələ bu idi – Azərbaycanda hansı dövlət quruluşu olmalıdır. “Azərbaycan parlament respublikası olmalıdır, yoxsa prezident respublikası olaraq qalmalıdır?” dilemması var idi.

O zaman bir təklif var idi ki, Azərbaycanda parlament buraxılsın, müharibə bitənə qədər hərbi nazirlik gücləndirilsin, hər şey güclü əllə idarə olunsun. O dövrü üçün, bu, çox maraqlı təklif idi. Məndə olan məlumata görə, bunun kiçik bir tətbiqi İsa Qəmbərin təkidi ilə həyata keçirildi. Füzulidə çox ciddi uğurlar əldə edildi. Füzulidə böyük bir ərazi geri alınmışdı.

İkinci yanaşma tərzi bu idi ki, Azərbaycanda təcili parlament seçkiləri keçirilməlidir.

Üçüncü yanaşma tərzi bu ki, parlament qalsın. Azərbaycan rəhbərliyindəki şəxslərin çoxu “əşşi, mağmın parlamentdir də, oturub da yerində” düşüncəsində idilər.

İstəyirdilər ki, icra hakimiyyəti nə deyir, parlament də onu etsin. Bunun da nəticəsi pis oldu, zayı çıxdı.

Mənə elə gəlir ki, bu yanaşma tərzlərinin üstü açılmayıb. Fikrimcə, ən ziyanlı mövqe üstün gəldi. 

- Hər bir hakimiyyət daxilində fikir ayrılığı ola bilər, bu, siyasi idarəetmədə normaldır. Sözümüz onda deyil, sadəcə bu sual bizi maraqlandırır: Hakimiyyətin içərisində Əbülfəz bəyə qarşı gedənlər, onun prezident olmasını istəməyənlər kimlər idi? 

- Etibar Məmmədovun məşhur bir sözü var: “Əbülfəz Elçibəyi prezidentlik səviyyəsinə endirmək olmaz” deyirdi. Elə düz də deyirdi.

- O, hakimiyyətdə təmsil olunmurdu axı, mən hakimiyyət daxilindəki qüvvələri nəzərdə tutdum. 

- Mən hələ o zamankı prezident seçkiləri ərəfəsində baş verənlərdən danışıram. Əbülfəz Elçibəy prezident olduqdan sonra isə bir çox adamın səhvlərindən, naqisliyindən, satqınlığından danışa bilərik.

Ancaq gəlin, bir şeyi nəzərə alaq ki, Əbülfəz Elçibəy hakimiyyətdən ona görə yıxılmadı. Onların daxili opponentliyi            Əbülfəz Elçibəyin hakimiyyətdən getməsində həlledici rolu oynamadı.

Əbülfəz bəyi istəməyən başlıca tərəf Rusiya idi. İndi biz bir-birimizin saqqalını yola bilərik, bir-birimizə ən kəsin ittihamları səsləndirə bilərik. Amma Əbülfəz Elçibəyin hakimiyyətdən getməsinin başlıca səbəbi Rusiya idi.

Əlbəttə ki, daxildə, güc strukturlarında Əbülfəz Elçibəyi istəməyənlər var idi. Bir qisim Heydər Əliyevi istəyirdi. Bir qisim düşünürdü ki, yerli iqtisadiyyata bağlı olan Etibar Məmmədov hakimiyyətə gəlsin.

Elə dairələr var idi ki, onlara prezidentin tapşırığını vermək və onu həyata keçirmək çox çətin idi.

Bəziləri daxildə hakimiyyət məntiqinə uyğun olmayan davranışlara da yol verirdi. Meydan havasından gəlmiş, dövlət təcrübəsi olmayan, subardinasiyanın nə olduğunu hələ dərk etməyən insanlar da var idi. 

- Elçibəy hərəkat yoldaşlarının çoxunu vəzifəyə gətirməklə düzmü addım atdı? 

- İndi kimi dindirirsən “bizim hakimiyyətin vaxtında...” deyir. Bunlar hamısı şişirtmə və döşünə döyməkdir. Hakimiyyəti təmsil edən insanlar yüksək siyasi rəhbərlik idi.

Bu vəzifələrə can atanlar vəzifəyə gətirilənlərdən qat-qat çox idi. Belə bir ifadə var idi, səsləndirirdilər: “Biz meydanda yumruğumuzu silkələmişik, amma vəzifəyə gətirilmirik”.

Mənə elə gəlir ki, o zaman əvvəlki siyasi rəhbərlikdən qalanlar kifayət qədər təmizlənmədi. Necə deyərlər, torbada siçanlar qaldı. Hansılar ki, sonradan torbanı deşməyə və taxılı daşımağa başladılar.

Mənə elə gəlir ki, onların da vəzifədən çıxarılması daha düzgün addım olardı. Çünki AXC hakimiyyətinin sonrakı illərində onların dirilib nələr etdiyinin şahidi olduq.

Biz Elçibəy dövrünün bütün səhvlərini və uğurlarını bir yerə yığsaq, deyə bilərəm ki, uğur torbası qat-qat böyük idi. İstər ölkənin maliyyəsini, istər ordusunu, istər qurulmaqda olan iqtisadiyyatını, istərsə də təhsildə olan islahatları götürün.

Təsəvvür edin ki, bütün bunlar müharibənin ən kəskin dövründə, pulsuz ölkədə bir ildə görülən işlərdir. Neft kontraktlarının hazırlanması, Rusiya qoşunlarının Azərbaycandan çıxarılması Azərbaycan üçün epoxal dəyişikliklərdir.

AXC hakimiyyətində korrupsionerlər, yeyənlər yox idimi? Əlbəttə ki, var idi. Oğurlayanlar yox idimi? Var idi. Uşaqlıq edənlər yox idimi? Var idi. Amma ümumi nəticədə bütün bunları tərəziyə qoyanda və başa düşəndə ki, təcrübəsi olmayan hakimiyyət idi, o zaman görülən işlər daha ağır gələr. Mən görülən işlərə adekvat olmayan münasibəti ədalətsizlik hesab edirəm. 

- Azərbaycanın o dövrdəki xarici siyasəti də mübahisə predmetidir, xüsusilə də Rusiya və İranla bağlı məsələdə. Bəziləri deyir ki, AXC hakimiyyətə gələndən sonra Azərbaycanın İranla münasibətləri pisləşdi. Əbülfəz Elçibəy Rusiya və İranla əlaqələri tamamilə kəsməkmi istəyirdi? 

- Mən insanlara xatırlatmaq istəyirəm ki, Azərbaycanın ən faciəvi səhifəsi olan Xocalı soyqırımı rus tankları hesabına həyata keçirilib. Şuşa dövlət rəhbəri (Prezident səlahiyyətlərini icra edən parlament sədri Yaqub Məmmədov-red.) İranda olanda işğal olundu. Harda idi İranla yaxşı olan münasibətlər? Və faktiki olaraq İran həmin dövrdə Azərbaycanı aldadırdı. Ona görə də “Azərbaycanın İranla münasibətləri yaxşı idi, AXC gəldi hər şeyi korladı” demək kökündən yanlışdır.

Azərbaycanın Elçibəy dövründəki xarici siyasəti ilə bugünkü dövrdəki xarici siyasət prioritetləri arasında heç bir ciddi fərq yoxdur. Sadəcə bugünkü dövrdə bu siyasəti oturuşmuş bir diplomat qrupu, oturuşmuş dövlət həyata keçirir. O zaman isə oturmağa stulu olmayan bir dövlət, əlində çamadanını özü daşıyan xarici işlər naziri bu siyasəti aparırdı.

Yəni o zaman indiki kimi institutsional şəkildə bu siyasəti həyata keçirmək mümkün deyildi. O zaman Azərbaycanın əsas başağrıları İran və Rusiya idi.

Azərbaycan bu dövlətlərlə düşmən olmaq istəmirdi. Bununla bağlı məxfi teleqramlar da var, hansı ki, Prezident Administrasiyasında da qalıb.

Elçibəylə Rusiya prezidenti arasında olan teleqramlar qalır. Üstəgəl, görüşlərdə olan söhbətlər də.

O zaman Rusiyanın Qarabağ məsələləri üzrə həmsədri Vladimir Kazimirov Azərbaycanda olanda biz onunla danışdıq. Mən və Asim Mollazadə onunla müzakirə apardıq.

O zaman prezidentin yanında qısa müzakirəmiz olmuşdu ki, Rusiya amilini nəzərə almalıyıq.

Biz deyirdik ki, Rusiyanın maraqları hansısa bir məqamda təmin olunmalıdır.

Sonra mənlə Asim Mollazadənin Kazimirovla görüşü oldu. Kazimirov bizə dedi ki, çox yuxarıdan gedirsiniz, Rusiyanın istəyini nəzərə almırsınız.

Mən Kazimirova dedim: “Siz düz-əməlli deyin görüm, nə istəyirsiniz? Siz mövqeyinizi aydın ifadə etmirsiniz ki, konkret nə istəyirsiniz”. Həqiqətən də belə idi, Rusiya hər görüşdə məsələləri fərqli-fərqli qoyurdu. Rusiyanın başlıca məqsədi Azərbaycanda hakimiyyəti dəyişmək idi. Söhbət heç də rus tanklarının birbaşa Azərbaycana girməsindən getmirdi. Hərçənd ki, bu variant da nəzərdən keçirilirdi. Bunun üçün sərhəddə qoşunlar da toplanmışdı.

- Yəni, Azərbaycanla Rusiya arasında müharibə başlanacaqdı?

- Bu dəfə də 1920-ci ildəki kimi eyni ssenari həyata keçirilə bilərdi.

- Bəs oturuşmamış, təcrübəsiz hakimiyyət ola-ola bunun qarşısı necə alındı?

- 4 iyun qiyamı hər il müxtəlif mübahisələrə və spekulyasiyalara səbəb olur. İkinci, üçüncü qatda onun səbəblərinin müzakirələri gedir. Hərçənd ki, hər şey stol üstündədir. 4 iyun hadisələri Elçibəyi hökumətinin Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasına, neft müqavilələrin imzalanmasında göstərdiyi inada görə cəza idi.

Bu haqqı Azərbaycan verməli idi. Buna görə hakimiyyətdən getməyə dəyərdi. Bəs niyə Rusiyanın planı alınmadı? Çünki Heydər Əliyev hakimiyyətə gəldi. Heydər Əliyevin hakimiyyətə gətirilməsi Rusiya planlarının Azərbaycanda pozulması demək idi.

Elçibəyin də istəyi olmasaydı, Heydər Əliyev hakimiyyətə gəlməzdi. Onsuz da hakimiyyət verilirdi. Heydər Əliyev isə AXC hakimiyyətinin planlarına daxil deyildi.

Amma Heydər Əliyev Rusiyanın planlarına heç daxil deyildi. Rusiyanın planlarında Surət Hüseynov var idi.

Rusiya o zaman Azərbaycanı elə-belə tərk etmədi. Rusiya bunun müqabilində istədiyi məbləği də aldı. Və ondan sonra çıxanda belə əminlik yarandı ki, 2 həftədən sonra yenidən Azərbaycana qayıdacaq. Və bütün silahların hamısını Azərbaycanın qiyama hazırlaşan Surət Hüseynovun ordusuna verdi. Təkcə 55 qrad verilmişdi. Bu qrad məgər Qarabağda Ermənistana çevrildi? Xeyr. Buna görə də, Rusiya qoşunları Azərbaycanda çıxanda əmin idi ki, Surət Hüseynov hakimiyyətə gələcək və onlar qoşunla yenidən Azərbaycana qayıdacaq. Heydər Əliyev bu planları pozdu və Elçibəyin də Heydər Əliyevi Bakıya dəvət etməsi bu planların pozulması demək idi. Azərbaycanın müstəqilliyi başlıca məsələ idi.

- Elçibəy Rusiya qoşunlarının çıxması müqabilində pulmu vermişdi?

- Təbii ki, bu, güclü diplomatik təzyiqlər idi. Bu, tək Azərbaycanın yox, Qərbin vasitəsi ilə də həyata keçirilirdi. Bu, həm də şəxsi əlaqələrin nəticəsi idi. Rusiya qoşunları Azərbaycandan çıxanda da böyük texnikaya malik idilər. Söhbət nəzərdə tutulan maliyyədən gedir. Onlar bunu, Azərbaycana bağışlamayacaqdı ki!

- Əbülfəz bəyin neft müqavilələrinin imzalanmasında inadlarlıq göstərdiyini dediniz. Özünün də bir müsahibəsi var, orada bildirir ki, Britaniya o zaman daha çox pay almaq istəyirdi. Bəs Qərbin Elçibəyin hakimiyyətdən getməsində rolu nə qədər idi?

- Qərb sözsüz ki, Elçibəyin hakimiyyətdə qalmasını istəyirdi. Türkiyə isə istəmirdi. Azərbaycan hökumətinə xəbərdarlıq etmişdilər ki, belə problemlər olacaq. Mənə elə gəlir ki, AXC hakimiyyəti təkəbbür göstərdi.

Deyirdilər ki, cəmi 5 faiz də tərəfdarımız olsa, biz hakimiyyətdən getməyəcəyik. Bu, təkəbbür idi. Bu problemlər bilinirdi.

Qərb xeyli cəhd etdi ki, Azərbaycanda stabilliyi saxlasın.

"Elçibəy ölümdən qorxan insan olmayıb" - MÜSAHİBƏ

- Arif müəllim, bəs BP-nin rolu?


- Belə bir mövqe var ki, BP AXC hakimiyyəti inadkarlıq göstərdiyinə görə, onu dəyişmək istəyirdi. Əslində inadkarlığı Sabit Bağırov göstərirdi. Bir sentin üzərində iş aparırdı ki, Azərbaycanın xəzinəsindən getməsin.

Düşünürəm ki, BP belə bir riskə getməzdi. Amma BP görəndə ki, proseslər başlayıb, bundan öz xeyrinə istifadə etməyə başladı. Heydər Əliyev Bakıya gəlməsəydi, Rusiya yönümlü hakimiyyətin bərqərar olması şəksiz məsələ idi.

Ona görə də, düşünməz olmaz ki, BP bu dərəcədə böyük riskə getsin. BP sadəcə sonradan bulanıq suda balıq tutmağa başladı.

- Əbülfəz Elçibəyin Qərblə münasibətlərin istiləşməsi üçün etdiyi diplomatik gediş bəzi insanlarda belə bir təəssürat yaradır: “Elçibəy Qərbin agenti idi”. Bu iddialar nədən qaynaqlanır? 

- Bizim milli şüurun hansı səviyyədə olduğunun canlı şahidisiniz. O dövr indiki dövrdən şüur baxımından az fərqlənir. Bizim milli şüur kifayət qədər özünü tutmamış bir vəziyyətdədir. Hər bir ciddi prosesin çox asan həlli yolunu tapırıq: “Satdılar” deyirik. Guya ki, azərbaycanlıda qorxaqlıq ola bilməz. Guya ki, azərbaycanlıda ağılsızlıq ola bilməz. Guya hər şey yaxşı idi. Buna görə də “ay səni, Şuşanı, Kəlbəcəri satdılar” deyirlər. Kimin kimsə yaxşı münasibəti varsa, “o, filankəsin adamıdır” deyirlər.

Siz dediyiniz iddiaları səsləndirən adamlar dövlət idarəçiliyindən başı çıxmayan adamlardır. Düşünmürlər ki, sən necə Rusiya kimi nəhənglə əlaqələri kəsə bilərsən?!

Elçibəy Qərbin adamı deyildi. O, sadə idi, amma bəsit biri deyildi. O həqiqətən də hesab edirdi ki, Azərbaycanın gələcəyi Qərbdədir. O, Kələkidə də deyirdi ki, Azərbaycanın canı Rusiyadan qurtulsun. Qərb həyat tərzini və siyasi modelini qəbul etmək o demək deyil ki, hamımız ingilislərin casusuyuq.

- Bəzən bəsit düşüncəsi olmayan şəxslər də var ki, onlar da Elçibəyin Qərbin adamı olmasına diqqət yönəltmək istəyirlər. Misal üçün, Zərdüşt Əlizadə. Bir dəfə bizimlə söhbətində demişdi ki, Elçibəyin bəyanatlarını, hesabatlarını Qərb kəşfiyyatçıları hazırlayır.

- O insan bəsit deyilsə və belə bir fikir səsləndirirsə, deməli, bu, məqsədlidir.

- Onun Elçibəydən xoşu gəlməməsinin kökündə nələr yatır?

- İnciklik ola bilər. O deyir ki, öz dediyi xətlə gedilsəydi, nəticə başqa cür olacaqdı. Yəqin ki, şəxsi münasibətlərdən də doğan məsələlər var. Zərdüşt Əlizadə çox savadlı, dünyagörüşlü, məlumatlı adamdır. Amma bir mövzu var ki, ona gələndə onunla razılaşmağım çətinləşir. Söhbət Elçibəyə olan münasibətindən gedir.

- Elçibəylə yəqin ki, xarici səfərlərdə də olmusunuz. Özünü necə hiss edirdi bu səfərlərdə?

- Elçibəyin bir ifadəsi var idi. O bildirirdi: “Mən özümü xarici səfərlərdə prezident kimi hiss edirəm”. O, hər yerdə ehtiramla  qəbul olunurdu. Onun Qərbdə, Türkiyədə hörmətini, imicini təsəvvür etmək çətindir. Bunu yalnız onun yanında olanlar görə bilərdi.

- Əbülfəz bəy, hansı markadan olan kostyumlara üstünlük verərdi?

- Tünd kostyumlar geyinərdi. Vallah, kostyumlarının markasına fikir verməmişəm.

- O zaman prezidentin otağı neçənci mərtəbədə idi?

- 5-ci mərtəbədə dövlət katibinin otağı idi. Səhv etmirəmsə, prezidentin kabineti 7-ci mərtəbədə idi.

- Əbülfəz Elçibəy heç ölümü haqqında düşünürdü?

- O, fəlsəfi düşüncəli insan idi. Fəlsəfi düşüncədə olan insanlar daim ölüm haqqında düşünürlər. Bununla belə, Elçibəy ölümdən qorxan insan olmayıb. Əgər belə olsaydı, avqustun 23-də gedib qərargahda oturmazdı.

Elçibəy Basqalda olanda onun qulağını çox doldururlar ki, bəs sürücüsü “verbovka” olunub və sui-qəsd hazırlayır. Elçibəy deyirdi ki, bundan sonra ürəyinə xal düşməyə başladı.

“Biz Basqalda olanda bir dəfə hamının başı özünə qarışmışdı. Mən də dedim ki, Xəlil, bir az gəzmək istəyirəm. Xəlil dedi ki, mühafizəçiləri də götürək. Mən razı olmadım. O, sükan arxasında oturdu mən də arxada. Dedim ki, Xəlil, sür. Sürdü. Dedim, Xəlil bir az da bərk sür. O da belə etdi. Dedim bir az da sürətli sürsün. O da sürdü. Sonra gördüm ki, Xəlil tərləyir. Gördüm ki, Xəlil yaman günə düşüb. Saxlamasını istədim və düşüb üzündən öpdüm”- Elçibəy belə deyirdi.

Bir dəfə də Gəncədə Surət Hüseynovla görüşdən sonra ona sui-qəsd xəbərdarlığı edilmişdi.

Demişdilər ki, təyyarəsini Mingəçevirdə göydə vuracaqlar. Deyirdilər ki, bununla bağlı Surət göstəriş verib. Elçibəy isə deyirdi ki, alnımıza nə yazılıb odur. Elə təyyarə ilə də qayıtmışdı. O, ölümdən qorxmazdı. 

- O, Ankarada xəstəxanada olanda yanına getdinizmi? 

- Yox, gedə bilmədim. Mən getmək istəyirdim. Amma Azərbaycan üçün görünməmiş bir şey etmək istəyirdim.

O zaman Azərbaycanın dövlət qəzetləri, müxalifət qəzetlərinin redaktorları ilə danışdım. “Xalq” qəzeti, “Turan”, “Zerkalo”, “Azərbaycan”, “Yeni Müsavat”la danışdım. Dedim ki, hamımız Türkiyəyə Əbülfəz Elçibəydən müsahibə götürməyə gedirik və bu müsahibə olduğu kimi dərc olunacaq. Hamı buna razılaşdı.

Yəqin ki, hökumət də razı idi buna, yoxsa dövlət qəzetləri imtina edərdi. Biz biletləri sifariş vermişdik. Mən bilirdim ki, bəy buna “yox” deməz. Mən Türkiyəyə xəbər göndərdim ki, müsahibə üçün gələcəyik, özümüz də öz pulumuzla bilet almışıq. Mənə bir gündən sonra zəng etdilər və tək gəlməyimi istədilər. Və dedilər ki, guya Əbülfəz Elçibəy belə istəyib. Amma dəqiq bilirdim ki, belə deyil.

Dedim, söhbət tək gəlməkdən gedirsə, mən də imtina edirəm. Düşündüm ki, bu sözümdən sonra fikirlərini dəyişəcəklər. Bundan sonra bildim ki, Elçibəy bu qərarı verməyib. Amma mən də sözümdən dönmədim.

- Siz heç elə düşünmüsünüz ki, Elçibəy bu addımınıza görə sizdən incik köçdü bu dünyadan? 

- Mən həyatdan köçmüş bütün dəyərli dostlarıma, müəllimlərimə, yaxın adamlarıma görə həmişə özümdə hansısa bir günah hiss etmişəm. Bilmirəm niyə! Hətta konkret bir məsələ olmasa belə, özümdə günah görürəm ki, bu insanın hansısa arzusunun həyata keçməsində rol oynaya bilməmişəm. Bu, vicdandan irəli gələn bir şeydir. Mən əlbəttə ki, özümdə hansısa anlaşılmaz günah hiss edirəm. Amma Elçibəyin məndən inciyib-incimədiyini bilmirəm.

Əbülfəz Elçibəyin məndən inciyib-incimədiyini o dünyada görüşəndə özündən soruşacağam. 

- Elçibəy xanımına münasibətdə necə idi? 

- İnanın ki, tamamilə məlumatsızam. Elçibəylə ailə münasibətləri barəsində bir dəfə də söhbətimiz olmayıb. 

- Elçibəy Kələkidən Bakıya qayıdandan sonra silahdaşları ona lazımi qiyməti verdilərmi? 

- Elçibəy prezident olanda da ona lazımi qiymət verilmədi. Nəinki artıq prezidentlikdən getmiş və sonradan prezident olacağı böyük sual altında olan bir şəxsə. Maksimalistlər, məqsədli addımlar çox oldu. Amma Elçibəyə çox sadiq olan insanlar da çox oldu. Mən sədaqət tələb etmirəm. İnsan var ki, Elçibəyə sadiq olmaq üçün özündə əsas görmür. Məsələn, real olaraq hesab edir ki, Elçibəy düzgün idarəçi deyil.

Ancaq o cür saf, dərin düşüncəli bir insanın çox böyük hörmətə layiq olması keyfiyyət göstəricisidir. Təəssüf ki, bir çoxları bu hörməti vaxtında saxlamadılar. 

- Heydər Əliyevlə Elçibəyin səhv etmiriksə, 1993-cü ilin qış aylarında görüşü olub. Siz həmin görüşdə iştirak etmişdiniz?

- Mən o görüşdə iştirak etmədim. Amma o görüşün əvvəli, başlanğıcı yadımdadır. Heydər Əliyev içəri girəndə mən qəbul otağında idim. Onu qarşıladıq, çay verildi. Bu görüş Prezident İqamətgahında baş tutdu. Həmin vaxt Fazil Mustafa da gəlib çıxdı. Biz koridorda idik. Elçibəylə Heydər Əliyevin görüşü başladı, mən artıq öz funksiyamı yekunlaşdırmışdım.

Görüş 8 saat davam etdi. Aşpazın danışdıqları bəzi maraqlı situasiyaları bilirəm. Amma mənim söhbətim olmadığı üçün deyə bilmərəm. 

- Amma biz istərdik qısa da olsa, danışasınız. 

- Aşpaz onların nə yediyindən danışırdı. Heydər Əliyevin o zaman Bakıya gəlişi heç  bir siyasi məsələ ilə bağlı deyildi. Görüşü özü xahiş etmişdi. Bu görüşdə təbii ki, xeyli qeyri-siyasi söhbətlər gedib. Köhnələri də xatırlamaq barədə də söhbətlər də gedib.

Həmin görüşdə konkret siyasi razılığın əldə olunması haqqında da söhbətlərin olduğu deyilir. Amma bu, mənə absurd gəlir. O dövrdə hərəsi qarşıdan gələn təhlükənin ciddiliyini bilirdi.

Amma onların siyasi razılığa gəlməsini təsdiq edəcək heç bir əlamət görməmişəm, bu barədə məlumatım da yoxdur.

Amma məndə bir hissiyyat var ki, o görüşdə Heydər Əliyev Elçibəyin psixoloji portretini tam cızmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti