Samir Şərifov AİB nümayəndə heyəti ilə görüşüb

21-06-2018, 18:08
Oxunub: 246
AİB rəsmləri Azərbaycanla bank arasında əməkdaşlığın sürətlə inkişaf etməsindən məmnunluqlarını ifadə edib


20-21 iyun 2018-ci il tarixlərində maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya departamentinin direktoru Verner Lipaxın başçılıq etdiyi nümayəndə heyəti və Kshatrapati Shivajinin rəhbərlik etdiyi bankın İcraçı Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşlər keçirib.

Nazirlikdən APA-Economics-ə verilən xəbərə görə, görüşlər zamanı S. Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, bank sektorunun gücləndirilməsi tədbirləri, büdcə-vergi siyasəti və maliyyə intizamının daha da gücləndirilməsi, həyata keçirilən infrastruktur və investisiya layihələri, ölkədə işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Ölkəmizin əlverişli nəqliyyat və logistika mövqeyi, iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tranzit imkanlarından bəhs edən nazir bu günlərdə Azərbaycan və Türkiyədə rəsmi açılış mərasimləri keçirilən Cənub Qaz Dəhlizi, ötən il istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda böyük əhəmiyyət daşıdığını, bu tranzit və nəqliyyat xətlərinin region ölkələri üçün böyük imkanlar yaratdığını vurğulayıb.

AİB-in Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyən ilk beynəlxalq maliyyə qurumu olduğunu xatırladan S.Şərifov bankın Azərbaycanda həyata keçirdiyi layihələrin dövlət və özəl sektorları əhatə etdiyini və dövlətin inkişaf strategiyalarına uyğun olaraq həyata keçirildiyini qeyd edib. Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsini təmin etmək üçün ölkə rəhbəri tərəfindən hökumət qarşısında mühüm vəzifələr qoyulduğunu deyən nazir S.Şərifov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaq üçün Asiya İnkişaf Bankının öz töhfəsini verməkdə davam edəcəyinə əminliyini ifadə edib.

Azərbaycana səfərdə məqsədlərinin AİB-nin fəaliyyətini müşahidə etmək, ölkənin inkişaf ehtiyacları ilə daha yaxından tanış olmaqla bankın fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün strateji istiqamətləri müəyyən etmək  olduğunu bildirən İcraçı Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri Kshatrapati Shivaji ölkəmizdə qazanılan iqtisadi uğurları və həyata keçirilən islahatları yüksək qiymətləndirib.

AİB rəsmləri Azərbaycanla bank arasında əməkdaşlığın sürətlə inkişaf etməsindən məmnunluqlarını ifadə edərək mühüm və etibarlı tərəfdaş kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində AİB-nın öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıblar.

Görüşlər zamanı həmçinin, Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri, o cümlədən neft-qaz, avtomobil və dəmir yolları nəqliyyatı, energetika, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihələri, Kontrtsiklik Proqramının maliyyələşdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti