"Rok musiqisi Motsart, Bax qədər deyil" - MÜSAHİBƏ

30-06-2018, 14:30
Oxunub: 529
"Musiqi mənim üçün uşaqlığım, gəncliyimdir. Sevincim, kədərim, ailəm, yaxınlarım, dostlarımdır"


Özünüz haqqında oxucularımız üçün qısa məlumat verin, zəhmət olmasa.
İmanov Şəhriyar, 1989-cu ildə Buzovna qəsəbəsində anadan olmuşam. İlk təhsilimi də elə orada, daha sonra 4 nömrəli İncəsənət məktəbində, sonradan Bülbül adına orta ixtisas məktəbində almışam. Ardınca isə Milli Konservatoriya və magistr pilləsini bitirmişəm. 2013-cü ildən bəri Milli Konservatoriyada dərs deyirəm, həm ifaçılıq, həm də pedaqoji fəaliyyətlə məşğul oluram.

Nə qədər vaxtdır ki, musiqi ilə məşğulsunuz?
8 yaşımdan. Artıq 20 ilə yaxındır.

Əsasən nəyisə sevəndə bunun bir səbəbi olur. Ya hansısa bir müəllimin təsiri, ya da elə içimizdən gəldiyi üçün. Bəs tarı sizə sevdirən nə oldu?
Açığı deyim ki, 8 yaşımda musiqiyə istiqamətləndirilərkən xüsusi bir istəyim olmamışdı. Sadəcə valideynlərimin təkidi idi. Ona görə ki, boş vaxtlarımı daha səmərəli keçirə bilim. Artıq müsabiqələrdə qalib gələndən, musiqi məktəbini uğurla bitirdikdən, Bülbül adına orta ixtisas məktəbində də  keçirilən müsabiqələrdə qalib olduqdan sonra bu sənəti davam etdirməyə qərar verdik. Mən və valideynlərim, ailəvi verilən qərar idi. Və bundan sonra bu sənətdə olmağım daha da dəqiqləşdi.

Başqa bir istəyiniz var idi?
Əlbəttə. Mən futbolu çox sevirəm. Futbolçu olmaq istəyirdim əslində. Yəni sizin dediyiniz sevgi futbola idi. Amma sonra artıq başa düşdüm ki, mən musiqiçiyəm və musiqidə daha faydalı ola bilərəm. Bilmirəm, bəlkə, futbolçu olsaydım, daha da faydalı olardım... Bu barədə heç nə deyə bilmərəm. İndi də futbola qarşı sevgim sonsuzdur. Oyunlara baxıram və s. Amma əlbəttə ki, musiqidən sonra.

"Rok musiqisi Motsart, Bax qədər deyil" - MÜSAHİBƏ

Bu yaxınlarda əməkdar artist adına layiq görülmüsünüz. Təbrik edirik sizi bu ada görə. Bu, böyük bir uğurdur. Uğura gedən yol isə hər zaman çətinliklərlə dolu olur. Bəs sizin qarşılaşdığınız çətinlik nə oldu?

İlk öncə bu adı verdiyinə görə cənab Prezidentə və əməyi olan hər kəsə öz təşəkkürümü bildirmək istəyirəm. Gözlənilməz oldu. Bizim gözəl guşələrimizdən birinə yola düşmüşdüm. Yolda bu xəbər gəldi. Çox sevindim. Əslində çoxdan gözləyirdim. Yəni açığı desəm, bu ad bilirsiniz ki, təmsilə, təbliğə görə verilir. Mən də kifayət qədər Azərbaycanın xaricində musiqimizi, mədəniyyətimizi təmsil etməyə həmişə şad olmuşam və bu səfərlərin sayı heç də az deyil. Bir halda ki, Azərbaycan musiqisinə, incəsənətinə xidmətdən söhbət gedir, mən bu xidməti artıq bir neçə ildir ki, öz-özlüyümdə, üzərimə götürmüşəm və bacardığım qədər musiqini, tarı xarici ölkələrdə səsləndirirəm. İstər solo konsertlər, istərsə də dövlət səfərləri olsun. Və ona görə də mən bu adı gözləyirdim. Sağ olsun, cənab Prezident ki, mənim üçün bayrama bayram qatmış oldu və düşünürəm ki, bu ad həm gələcək uğurlara, həm konsertlərə, proyeklərə bir stimuldur.
Bilirsiniz, heç bir sənətdə mən deməzdim ki, asan yollar var. Mən həmişə tələbələrə də deyirəm ki, uğura gedən yol heç vaxt kəsə ola bilməz. Mütləq olaraq sən çətinlikləri adlamalısan, istər musiqiçi, istər aşpaz, istər rəssam ol. Bunların heç bir fərqi yoxdur. Hər bir sənətdə çətinlik var. Enişlər, yoxuşlar var. Çətinliklər çox olub. İstər məktəb vaxtı, istər Bülbül adına orta ixtisas məktəbində oxuduğum vaxtlar, istər konservatoriyada. Haqsız olaraq, müsabiqədə ikinci yer tutduğum vaxtlar olub, halbuki, hər zaman birinci yer tutmuşdum. Düzdür, bir dəfə olub, amma olub. Getməli olduğum səfərdən bir gün qalmış qalmalı da olmuşam. Həm də heç kəsin gözləmədiyi halda. Hər cür çətinliklər olub. Səhnədən öncə simim də qırılıb, mizrabım da sınıb. Səfərlər zamanı başımıza gələn hadisələr, macəralar və s. Düşünürəm ki, çətinliklər olmalıdır və çətinliklər olmadan belə uğurların bərəkəti, zövqü bu dərəcədə olmazdı.

Gənclər hər zaman çox yenilikçi olurlar. Siz özünüz də elə bir sahədəsiniz ki, bu sahədə yeniliklər mümkündür. Bildiyimiz qədəri ilə də etmisiniz. Bizə maraqlı olduğu üçün bir az bu etdiyiniz yeniliklərdən danışardınız. Xüsusi ilə də tar ifası ilə bağlı nə kimi yenilik etmisiniz?
Əslində mənim ifam az da olsa, sizin dediyiniz kimi, yenilikçi olmağımla fərqlənir. Bunun da tarixçəsi 2013-cü ilin Muğam müsabiqəsinə təsadüf edir. Həmin vaxt böyük bir festival var idi və orada istrumental bölmə yaradılmışdı. Həmin instrumental müsabiqədə mən yarışmağa qərar vermişdim. Həmin müsabiqəyə “7 Məqam” adlı bir kompozisiya hazırlamışdım, hansı ki, tək, heç bir müşayiət, heç bir ritm və yaxud müşayiət aləti olmadan, mən bu müsabiqəyə çıxmağa qərar vermişdim. Hazırlamış olduğum bu kompozisiya bizim əsas 7 muğamın üzərində qurulan bir kompozisiya idi. Amma orada həm şərq, həm qərb var idi, həm texniki məqamlar, həm lirik məqamlar, həm yeni, həm klassik bəzi ştrixləri əlavə etmişdim. Və siz dediyiniz həmin o yenilikçi istiqamətim həmin müsabiqədən sonra başlamışdı. Beləliklə, kompozisiyam uğurlu oldu. Həmin müsabiqədə birinci yer qazandım. Bundan sonra bir az öncə qeyd etdiyim səfərlər başladı. Əlbəttə ki, bu məni bir ifaçı kimi sevindirirdi. Çünki yeni bir tərz, yeni bir kompozisiya ərsəyə gətirirsən və həm münsiflər, həm də tamaşaçılar tərəfindən uğurla qarşılanır. Bəzi tənqidlər və ya düzəlişlər, bəzi söz-söhbətlər də əlbəttə ki, olmuşdu, amma bunların xaricində, ümumilikdə bu tərz qəbul olunmuşdu. Beləliklə, 2013-cü ildən etibarən yeni yaratmış olduğum, bu tərz ifam daha da genişlənməyə başladı. Bundan sonra daha yeni bir neçə kompozisiya imza atdım: “Ağlayan şəlalə”, “Nəbz” və s. təbii ki, bunlar da özlüyündə ənənəvi deyil, fərqli tərzlərdə idi.

"Rok musiqisi Motsart, Bax qədər deyil" - MÜSAHİBƏ

Ümumiyyətlə, musiqi sizin üçün nədir?

Bilirsiniz, musiqi həyatdır. Mənim üçün uşaqlığım, gəncliyimdir. Sevincim, kədərim, ailəm, yaxınlarım, dostlarımdır. Uğurlarım, gördüyüm yerlər, gəzdiyim ölkələr, yeni tanış olduğum insanlardır. Demək olar ki, musiqi mənim həyatımda hər bir şeydir. Həyatımın çox böyük bir faizini musiqi təşkil edir. Səhər oyanarkən, günorta iş yerimdə, tələbələr ilə, konsertlərdə və ya hər hansısa bir çıxışda, səfərdə olarkən, hər bir halda mən musiqi ilə təmasda oluram. Və deyərdim ki, bu təmas məni daha güclü edir. Ona görə də, belə düşünürəm ki, əgər mənim güclü olmağımda səbəbkar musiqidirsə, məncə, o zaman musiqi mənim həyatımda hər şeydir.

Müsahibələrinizdən birində belə bir fikir səsləndirmişdiniz: “Ciddi musiqi stadion doldurmur. Rok, pop və s. stadion doldurur." Siz öz daxilinizdəkini tarla ifadə edirsiniz? Bəs, sizcə, bu, bir rok ifaçısına aid deyilmi?
Əlbəttə ki, aiddir. Hər kəs özünü musiqinin hansı sahəsində görürsə, o istiqamətdə də irəliləyir. Mən əslində onu nəzərdə tutmuşdum ki, ciddi musiqi, intellektual musiqi öz ətrafına çox da geniş kütlə toplaya bilmir. Bilirsiniz, gəlin açıq etiraf edək ki, kütlənin 90-95 faizi, sənin ifa edəcəyin 1 saat ərzində düşünmək istəmir. İnsanların əksəriyyəti musiqiyə əyləncə kimi, kimisi istirahət kimi baxır. Kimiləri ailəsini götürüb bir məkana gəlir, istəyir ki, sadəcə kənardan musiqi səsi gəlsin. Böyük bir qismin musiqini düşünmək, anlamaq ehtimalının olmadığını nəzərə alsan, o zaman ciddi musiqilər üçün stadion böyüklüyündə bir kütlə toplaya bilməyəcəyini də anlayırsan. Yəni mən o fikri səsləndirərkən, bunları nəzərdə tutmuşdum. Siz fikir versəniz, stadionlarda ən çox dediyiniz kimi rok musiqilər ifa olunur və yaxud pop musiqilər ilə oranı asanlıqla doldurmaq olur. Çünki insanların çox az faizi musiqini düşünmək, özündə yeni nəsə kəşf etmək üçün dinləyir. Bu da çox az bir faiz təşkil edir. Amma bu da təbiidir, gileylənmək lazım deyil. Və bu hər yerdə belədir, yəni təkcə Azərbaycanda və ya Türkiyədə bu cür deyil. Ciddi musiqilər öz ətrafına heç vaxt çox-çox böyük kütlələr toplaya bilmir. Yəni klassik musiqilər, istər Bethoven, Motsart və ya istərsə də Baxın ifasında səslənən ifalar, Avropanın ən məşhur klassik musiqi beşiklərindən olan Vyananı götürsək və ya ən böyük opera səhnəsini misal göstərsək, görərik ki, bu musiqilər çox da böyük olmayan zalda səslənən musiqilərdir. Yəni bu məkanlardan başqa böyük ölçüdə dinləyici sayı toplaya bilmirlər.

Bəs, sizcə, rok, pop və bu tipli musiqi janrları ciddi musiqi deyil?
Yox, əlbəttə ki, rok musiqisi də öz-özlüyündə ciddiliyi təbliğ edir. Ümumiyyətlə, rok özü də dərin bir musiqidir. Hətta bəzi roklar da buna əyani sübutdur. Biz deyə bilmərik ki, bu, qeyri-ciddi musiqidir. Sadəcə, onu dinləyərkən, çox da dərin düşüncələrə varmaq lazım deyil. Yəni bir musiqiçi olaraq mən deyim, biri var sadə qarmonlar üzərində qurulmuş musiqi və ya ritm ölçüləri olduqca sadə olan musiqilər, daha dərinə getsək, 4/4 üzərində qurulan musiqilər, yəni gündəlik həyatımızda daha çox dinlədiklərimiz 4/4 və ya 2/4 üzərində qurulan musiqilərdir. Amma 7, 10, 13 üzərində qurulan mahnılar var ki, hətta biz musiqiçilər tərəfindən də çox çətinliklə qavranılır. Bir halda ki, hətta bizim tərəfimizdən də çox çətinliklə qavranılırsa, adi tamaşaçılar üçün bu, bir az daha qəliz olur və çətin dərk edə bilirlər. Ona görə də əksəriyyət dərk edə bilmədiyi musiqini dinləmək istəmədiyi üçün daha asan mahnılara doğru qaçmaq məcburiyyətində qalır.

"Rok musiqisi Motsart, Bax qədər deyil" - MÜSAHİBƏ

O zaman, sizin fikrinizcə, ciddi musiqi daha düşündürücü olmalıdır?

Dərin, həm ritm, həm qarmon, həm sözlər, həm mətn olaraq, ümumilikdə dərin musiqidən söhbət gedir. Yenə də deyirəm, bəli, ciddi roklar da, düşündürücü roklar da, fəlsəfi roklar da var. Amma ümumilikdə, rok musiqisi Motsart, Bax qədər deyil.

Bəs, özünüz xalq mahnılarından, muğamdan əlavə başqa bir musiqi janrını dinləyirsiniz və ya sevirsinizmi?
Əlbəttə. Elə haqqında bəhs etdiyimiz roku da dinləyirəm. Bilirsiniz, bəzi roklar var ki, onları dinləməyi daha çox sevirəm. Hətta beynimdə onu, yəni bir parçasını tarda necə ifa etmək barədə də düşünürəm. Günün 7-8 saatını musiqi ilə məşğul olursansa və ancaq dərin musiqi dinləyir və ya sadəcə məşğul olduğun musiqi janrından kənara çıxmırsansa, o zaman insan beyni fiziki olaraq buna dözməyə bilər. İstər-istəməz, məsələn 1 saat sonra klassik musiqilər dinləyirsən, çünki beyin dincəlməlidir. Və ya başqa bir janr olsun. Bunların hər birini dinləməyə ehtiyac yaranır. Avtomobildə gedərkən də bizdən asılı olmayaraq, digər janrda olan mahnıları da dinləyirik. İstəsək də, istəməsək də digər janrlara da müraciət edirik. Həmçinin eyni musiqi ilə məşğul olmaq və dinləmək olmaz. Yəni vaxtaşırı olaraq yenilənmək və başqa janrları da dinləmək lazımdır.

Bilirik ki, hər sahədə olduğu kimi tar ifası sahəsində də rəqabət var. Öyrənmək istərdik ki, sizin ən çox sevdiyiniz, bəyəndiyiniz tar ifaçısı kimdir?
Gözəl ifaçılarımız çoxdur. Əslində mən müqayisə etmək istəməzdim. Bir söz var: hər gülün öz ətri var. Və eləcə də hər ifaçının öz tamaşaçısı, kütləsi, tərzi var. Qısası, çox gözəl ifaçılarımız var. Həm ölkə daxilində, həm də ölkə xaricində ölkəmizi layiqincə təmsil edirlər. Ona görə də ad çəkməyə ehtiyac görmürəm. Gör-götür dünyasıdır. Kimsə kiməsə baxır, görür, götürür. Mən özüm də kimdəsə, hansısa bir xüsusiyyəti görürəm, bəyənirəm və onu özümdə inkişaf etdirməyə çalışıram. Həm yaşlı, həm gənc, həm də orta nəslin nümayəndələri sırasında olduqca istedadlı ifaçılarımız var. Onların hər birinə öz sənətində, həyatlarında uğurlar diləyirəm.

"Rok musiqisi Motsart, Bax qədər deyil" - MÜSAHİBƏ

Nədənsə, mənə elə gəlir ki, musiqi insanın ruh halı ilə bağlı olan bir şeydir. Yəni hansı ruh halında olursansa, bu hal bəstələnən musiqidə əks olunur. Məsələn, sizin kompozisiyanız olan “7 Məqam”ı dinləyərkən təəccübləndim.  Sanki müxtəlif ruh hallarının əks olunmasını görürük. Ona görə də bizə maraqlıdır ki, bu kompozisiya eyni vaxtlarda ərsəyə gəlib, yoxsa fərqli-fərqli zamanlarda yazılıb?

Bəli, ayrı-ayrı vaxtların təcəssümüdür ki, bu, həmin musiqiyə siraət edə bilib.

Həmin prossesi danışardınız, zəhmət olmasa.
Bilirsiniz, mən o müsabiqəni eşidəndə, o zamanlar el şənliklərində də iştirak edirdim. Həmin müsabiqənin elanı çıxanda mən bir anda bütün irəlidə dayanan işləri, öz-özlüyümdə siyahımdan silməyə başladım. Və el şənliklərində bərabər iştirak etdiyim musiqiçilərlə əlaqə saxlayıb bundan sonra həmin məclislərdə iştirak edə bilməyəcəyimi, elan olunmuş müsabiqəyə hazırlaşdığımı bildirdim. Təbii ki, bu addımım onlara çox qəribə gəldi, soruşdular nə müsabiqədir və s. Amma bu müsabiqənin nə dərəcədə önəmli olduğunu mən özlüyümdə bilirdim. Bundan sonra belə bir kompozisiya qurmağa başladım. İstədim ki, orada həm Şərq, həm Qərb, həm dinamika, həm lirik məqamlar əks olunsun. Əgər 7 muğamımızdan söhbət gedirsə, əlbəttə ki, müğamın klassik tərəflərini də və yeni əlavələrini də göstərmək lazım idi ki, bu mənəm. Ümumilikdə, bir ay və ya bundan artıq müddətdə bu kompozisiyanı hazırlamış oldum və düşündüyüm yalnız müsabiqə idi. Çünki fikir vermisinizsə, həmin kompozisiyada həm özüm-özümə ritm, həm akkord tuturam və həm də solo ifa etmiş oluram. Əlbəttə, bunları qurmaq çox vaxt apardı, daha çox enerji sərf etməli oldum. Əsas motivasiya idi. Bütün fikirləri, bütün problemləri bir tərəfə qoymuşdum. Yalnız və yalnız o kompozisiya ilə məşğul olurdum. Və məşq prossesində də təkcə müsabiqədəki çıxışımı göz önünə gətirirdim. Beləliklə, siz dediyiniz kimi, ayrı-ayrı məqamlarda, məsələn, gün olur ki, sən daha çox emossionalsan, daha çox həlimsən, yəni bunların əksi özünü kompozisiyada göstərmiş oldu.

Son sualımız isə bundan ibarətdir ki, gələcəkdə hansı yeniliklər, hansı layihələr etməyi düşünürsünüz?
Albom zərurəti yaranıb. Mütləq şəkildə albom üzərində çalışmaq lazımdır. Yəni konkret olaraq nəzərimdə olan əsas budur. Eyni zamanda avqust ayında arzu etdiyim ölkələrdən birinə də səfər gözlənilir. Bunun ardınca digər ölkələrə də səfərlərimiz olacaq. Klassik müğamları klassik tərzdə lentə aldırıram və yəqin ki, daha bir albom bunlardan ibarət olacaq və s.

Son olaraq, oxucularımıza söyləmək istədiyiniz nəsə var?
Oxuculara hər zaman sizin sayt kimi gözəl, zövqlü və intellektual məkanlar arzulayıram. Belə bir virtual məkanlara daxil olub arzu etdikləri məqalələri, xəbərləri oxumuş olsunlar.

Etatist.com
İlkay Əliyeva
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti