"Əsl sənətkar Tanrının sözünü çatdıran avatardır"

20-06-2018, 11:23
Oxunub: 683
"Bir dəfə çox vahiməli olduğuna görə bir rəsmimi sərginin yarısında götürmüşdülər, bir növ özümlə fəxr etmişdim"


Mən özüm də rəsmi sevdiyim üçün həmişə rəssamlar mənə maraqlı olub. O əsərləri necə yaratdıqları, öz əsərləri haqqında nə düşündükləri barədə həmişə özümə sual vermişəm: onlar da bizim rəsmə baxarkən hiss etdiyimizi hiss edir, yoxsa sadəcə çəkir? Elə bu suallarımı da rəssam Elçin Hüseynə ünvanladım. Elçin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsini bitirib, hal hazırda rəssamdır. 

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Elçin bəy, zəhmət olmasa oxucularımız üçün özünüz haqqında bir az məlumat verərdiniz.
- 21 yaşım var. Rəssamlıq Akademiyasını keçən il bitirmişəm və fərdi emalatxanada rəsm əsərləri yaratmağa çalışıram.

- Rəssamlığı seçməyinizə səbəb nədir?
- Rəssamlığı özüm seçmişəm desəm, düzgün olmaz. Daha çox o məni seçib, çünki uşaqlıqdan rəsmlə məşğul olsam da, məqsədim tam ayrı idi. Amma necə deyərlər, bizim istədikərimiz var, bir də bizim üçün uyğun görünənlər.

- Sizin üçün uğur nədir?
- Bir dəfə çox vahiməli olduğuna görə bir rəsmimi sərginin yarısında götürmüşdülər, bir növ özümlə fəxr etmişdim. Əsas olan kiməsə bir şeyləri hiss etdirə bilməkdir. İncəsənət ümumdünya dilidir. İmkanları çox böyükdür və düzgün istifadə edilsə çox şeyə qadirdir.

- Çəkdiyiniz rəsmlərlə, yaratdığınız əsərlərlə insanlara nəyi çatdırmaq istəyirsiniz?
- Minimalizmi çox sevirəm, xırda şeylərin də böyük əsərlərə mövzu olub, eyni təsir gücünə malik ola biləcəyinə inanıram. Tanrı və insan mövzusundan çox istifadə edirəm. Bəlkə də bununla ikisi arasında eyniliyi insanlara göstərməyə çalışıram. Amma yenə də mənim üçün vacib olan insanların ilk baxışda başa düşməsələr də, nəsə hiss etmələridir. İstər bu xoş hiss olsun, istərsə də kədərli.

"Əsl sənətkar Tanrının sözünü çatdıran avatardır"

- Hansı rəssamları bəyənirsiniz?
- Əsl ixtisasım sənət əsərlərinin tarixi və nəzəriyyəsi olduğundan bütün tarixdə yeri olan rəssamlar haqqında müəyyən qədər məlumatım var və deyərdim ki, mükəmməl rəssam yoxdur, mükəmməl əsər var. Adi insan, fikrimcə, sənət əsəri yaratmaq üçün çox cılızdır. Buna görə də, məncə, əsl sənətkarlar əslində Tanrının sözünü, səsini, rəsmini çatdıran avatarlardır. Amma ümumiyyətlə desək Monenin rənglərini, Rembrantın işıq və kölgəsini, Van Qoqun mövzularını, Qoyanın obrazlarını sevirəm.

- Bəs sevdiyiniz əsərlərdən üçünü oxucularımızla bölüşə bilərsinizmi?
- İlya Repinin “Oğlunu öldürən İvan Qroznı” əsərində gözlərdəki peşmanlıq hissi, Vincent Van Qoqun “Kartof yeyənlər” əsərindəki ailə səmimiyyəti, Səttar Bəhlulzadənin “Torpağın arzusu” əsərlərindəki o dərinlik həmişə mənə ilham verib. Bu əsərlər həm gözoxşayan, həm də mənalıdır. Baxanda zövq alırsan, araşdıranda aşiq olursan. Bu əsərlər hər kütləyə xitab edir, rəsmdən anlayan aristokratlar da, kəndlilər də baxanda eyni şeyi hiss edir, bu əsl sənətdir.

"Əsl sənətkar Tanrının sözünü çatdıran avatardır"

- Son olaraq gənc istedadlara nə məsləhət verərdiniz?
- Özüm də gənc olduğumdan tez-tez məsləhətə ehtiyacım olur. Bakıda yaşayan yaşlı rəssamların emalatxanalarına gedib birbaşa suallarımı verirəm və demək olar hamısı eyni məsləhətləri verir: çoxlu canlı naturadan işlə, etüdə get, rəsmi gücləndir və sair. Amma mənə görə necə çəkməkdən daha çox nəyi çəkmək daha vacibdir. Dörd ilini bağlı emalatxanada günün böyük hissəsini texnikasını gücləndirərək keçirməyi düzgün hesab etmirəm. Mənim gənc rəssamlara məsləhətim belə ola bilər: kitab oxusunlar, konsertlərə getsinlər, sevsinlər, çoxlu səhvlər etsinlər, yaşasınlar, ancaq çəkmək istəyəndə çəksinlər, yalnız belə olanda səmimi alınacaq.

"Əsl sənətkar Tanrının sözünü çatdıran avatardır"

Aytac Abbas
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti