Bu gün TANAP-ın açılış mərasimi keçiriləcək

12-06-2018, 09:53
Oxunub: 110
Vəzifəli şəxslər iştirak edəcəklər


Bu gün Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçiriləcək.

Report xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, yüksək vəzifəli şəxslər iştirak edəcəklər.

Bu gün açılış mərasiminin keçiriləcəyi Eskişəhərin Seyidqazi ərazisində TANAP-ın qaz çıxış nöqtəsi, kompressor və ölçmə stansiyalarından biri yerləşir.  TANAP-la nəql olunan qaz bu ərazidən daxili qaz şəbəkəsinə qoşulacaq və Türkiyə bazarına çatdırılacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək.

3 500 km-lik dəhlizin tərkib hissəsi

TANAP ümumi investisiya dəyəri 40 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilən, uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. TANAP-la yanaşı, “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Bu il mayın 29-da Səngəçalda Cənub Qaz Dəhlizinin açılış mərasimi keçirilib. Beləliklə, Dəhlizə daxil olan ilk hissə istismara verilib,TANAP-la dəhlizin növbəti mərhələsi istismara daxil olmuş olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti