Daha bir bank güzəştli aqrar kreditlər verəcək

4-06-2018, 10:56
Oxunub: 171
Azərbaycan üzrə əhatə dairəsi onu etibarlı tərəfdaşa çevirəcək


Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin müvəkkil kredit təşkilatları sırasına daha bir bank düşüb.

Report xəbər verir ki, Dövlət Xidməti fermerlərə güzəştli şərtlərlə kredit vermək üçün "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti ilə niyyət protokolu imzalayıb.

Niyyət protokoluna Dövlət Xidmətinin rəisi Mirzə Əliyev və “Rabitəbank” ASC-nin direktor müavini Orhan Gültekin imza atıblar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi bildirib ki, “Rabitəbank”ın mövcud vəziyyəti, xidmət səviyyəsi və Azərbaycan üzrə əhatə dairəsi onu etibarlı tərəfdaşa çevirəcək, fermerlərə əlçatan edəcək.

“Əminik ki, seçdiyimiz müvəkkil kredit təşkilatları fermerlərin maliyyəyə asan və maneəsiz çıxışını təmin etməkdə bizə yardım göstərəcək” – Mirzə Əliyev bildirib.

“Rabitəbank” ASC-nin direktor müavini göstərilmiş etimada görə təşəkkürünü bildirib. “Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən olan aqrar sahənin inkişafına töhfə verəcəyimizə şadıq”, - Gültekin deyib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti kreditlərin verilməsində şəffaflığı təmin etmək, aqrar sahə üçün kreditləri daha əlçatan etmək, eləcə də daha sağlam bank və kredit təşkilatlarını kənd təsərrüfatı kreditlərinin verilməsinə cəlb etmək üçün banklarla əməkdaşlığını yenidən nəzərdən keçirib. Bir sıra bank və kredit təşkilatları ilə əməkdaşlığı dayandıran Dövlət Xidmətinin tərəfdaşları sırasına yeni bank və BOKT-lar qatılıb. Bu günədək “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Turanbank” ASC, “Rabitəbank” ASC, “Aqrarkredit” QSC BOKT, “Finoko” BOKT ASC, “Finans İnvest” BOKT ilə niyyət protokolları imzalanıb. İlin sonunadək Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti müvəkkil banklar vasitəsilə fermerlərə 10 milyon manatadək məbləğdə kredit verməyi planlaşdırır. Kreditlər vətəndaşlara maksimum 7%-lə veriləcək. Bundan başqa, fermer və sahibkarlardan daşınar əmlakı, təsərrüfatı girov kimi qəbul etmək və başqa yeni girov mexanizmlərinin tətbiqi də diqqətdədir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti