Ölümün dözülməz ağırlığı

1-06-2018, 14:00
Oxunub: 707
"Ölümü yaşamadan təsvir etmək, onun dərinliyə baş vurmaq hər adamın işi deyil"


Çox qəribədir, həyatı elə yaşayırıq ki, ölümü belə unuduruq. Ölüm gözümüzün qarşısında dayansa, bir dəqiqə belə yaşaya bilmərik, çünki ən aciz bir insanın belə ürəyində kiçik də olsa, yaşamaq eşqi var.

Mən ilk dəfə ölümün dözülməz ağırlığını Lev Tolstoyun “İvan İliçin ölümü” əsərində hiss etdim. Əsəri oxuduğum vaxt ölüm elə bil qəlbimdən böyük bir daş kimi sallanıb, məni yerin dibinə çəkirdi.

İvan İliç həyatı boyu dayanmadan çalışan, öz əməyi ilə pul qazanan insan idi. Həmişə yuxarı cəmiyyətlərdə mövqe qazanmaq istəmiş, bunu özü üçün həyatının əsas məqsədinə çevirmişdi. Qarşısına qoyduğu məqsədə günü-gündən bir az da yaxınlaşırdı. İş həyatında yüksəliş dövrünü yaşayan bu insan, şəxsi həyatında da uğur əldə etməkdə idi. Belə ki, dəbdəbəli məclislərin birində yüksək cəmiyyətdən olan bir qızla tanış olmağa nail olur, sonradan onlar arasında sevgi münasibətləri baş verir. Bu isə evliliyə gətirib çıxaran başlıca səbəb olur. Hadisələr bu yerə qədər hamı tərəfindən normal qəbul edilir, amma bir gün İvan İliç pərdə asmağa çalışdığı yerdə yıxılaraq yanını möhkəm əzir, fəqət buna fikir verməyərək həyatına davam edir. Hadisələrin sonrakı gedişatında isə işlər tərsinə dövr etməyə başlayır. İvan İliçin  səhhəti get-gedə pisləşir, ölüm onun qarşısında aşılmaz sədd kimi durur. Səhhətində baş verən bu dəyişiklik onun həm şəxsi, həm də iş həyatına böyük təsir göstərir. Ailə üzvləri onunla maraqlanmır, onun varlığını belə hiss etmirlər, çünki artıq bu adam onlar üçün istifadəsiz hala gəlmişdi. Bununla, Tolstoy bizə cəmiyyətin, insanların əsl üzünü göstərir, maddi dünyanın gerçəklikləriylə üzləşdirir.

İvan İliç isə ölümlə çarpışmağa başlayaraq, ona qalib gəlməyə ümid edir. O, hətta elə ağrılara düçar olur ki, ölümün tez gəlməsini arzulayır. Mən bu səhnələri oxuduğum zaman ölümün necə də ağır, məşəqqətli olduğunu anlamağa başladım. Lev Tolstoyun bu səhnələri yazanda neçə dəfə ölüb-dirildiyini az da olsa, hiss etdim. Çünki ölümü yaşamadan təsvir etmək, onun dərinliyə baş vurmaq hər adamın işi deyil. Yazıçı yaratdığı obraz ilə həm yaşayıb, həm ölməlidir. Tolstoy da İvan İliç obrazı ilə yaşamağı da ölməyi də bacarmışdır.

İkinci dəfə isə ölüm ilə Onore de Balzakın “Qorio ata” əsərində rastlaşdım. Qorio ata da eynən İvan İliç kimi hər şeyə sıfirdan başlamış insan idi. O, arvadını itirəndən sonra qızlarına görə yaşamağı özü üçün qət etmişdi. Hər şeyini iki əziz qızına sərf edən ata, qızlarının ərləri tərəfindən təhqirə və alçaldılmağa məruz qalırdı. Çünki o, bir tacir idi, yuxarı zümrəyə - aristokratlar cəmiyyətinə layiq sayılmırdı. Qorio ata buna baxmayaraq, sırf qızlarına görə tacirlikdən əl çəkir, balaca pansionat taparaq orada məskunlaşır. Qalan puluna isə qızlarının qarşıda ola biləcək çətin günləri üçün qənaət etməyə başlayır. Ona pansionatda xəsis insan kimi yanaşırlar, çünki onlar məsələnin özəyini bilmədən mühakimə etməyi öyrənmişdilər. Atanın qızlarına qarşı nə dərəcədə sevgi bəslədiyini başa düşməkdə aciz idilər. Qorio obrazı bəlkə dünya ədəbiyyatının tək qarşılıqsız sevgi təcəssümü idi. Heç bir obraz onun qədər sevginin aliliyini özündə cəmləşdirə bilməzdi.

Amma Qorio ata ölümü unutmuşdu. Həyatı pul qazanmağa və qızlarına sərf etmişdi. Ölüm anı çatanda isə yanında qızlarından biri də yox idi. Yatağına uzanaraq ölümlə üz-üzə dayanmağa çalışırdı və hər kəlməsinin əvvəli və sonu qızlarının adı idi. Mənə görə Balzak da Qorionun ölümünü adi halda təsvir edə bilməzdi. Mənim yadımdadır, bu ölüm səhnəsini oxuduğum vaxtlar gözlərim kitabdakı hər bir sözə kilidlənib qalır və özümü bir növ bu dünyadan ayrılıb, Qorio atanın başının üzərindəymiş kimi təsəvvür edirdim. Balaca bir otaqda yaşlı atanın fəryadlarını eşitmək, onu ölümə tərk etmək necə də ağır və dəhşətlidir. Balzakın bu səhnələri yaratmağı mənim üçün əvəzedilməz bir hissdir. Yazıçı maddi dünyanın necə bir yer olduğunu pulun necə də insanların ruhlarını ələ keçirdiyini bariz şəkildə göstərir. Qorio ata və İvan İliç bu pul dünyasının qurbanlarından biri olaraq, yaxınları tərəfindən ölümün dar və anlaşılmaz dalanına girməyə məcbur edildilər.

Fikrimi meksikalı rejissor Alexandro Qonzalez İnarritunun “21 qram” filmindəki bir fikir ilə bitirmək istərdim:

"Neçə həyat yaşayarıq? Neçə dəfə ölərik? Ölüm anında hamımızın 21 qram itirdiyimizi söyləyirlər. 21 qrama neçə ömür sığar? Nə qədəri itər? 21 qram nə zaman itməyə başlayar? Nə qədəri onunla gedər? Geridə nə qədəri qalar?

Geridə nə qədəri qalar?

21 qram... 5 sikkə pulun ağırlığı. Bir quşun ağırlığı.

Bir şokolad parçasının.

21 qram nə qədər edər?"

Nəcəf Əsgərzadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti