Dadaizm - Heçlik...

31-05-2018, 17:00
Oxunub: 1179
“Dadaistlər sizə qarşı sizin düşüncə formanızı ifadə edərək mübarizə aparır”


1914-cü ildə başlayan I Dünya müharibəsi insanların yaddaşlarında dərin izlər qoyub. Sonradan bu izlər insan düşüncəsinin bir parçası olan incəsənətə yansımış və müharibəyə etiraz olaraq müxtəlif cərəyanlar yaranmışdır. 1916-cı ildə müharibəyə qarşı olaraq yaranan və özündən sonra bir çox cərəyana ilham olan cərəyan isə dadaizmdir.

Dadaistlər tək müharibəyə qarşı deyil, eyni zamanda cəmiyyət, toplum dəyərləri, ənənələr, din və ideya, obrazlılığa sahib incəsənətə də qarşı idilər. Onların fəlsəfəsi isə müharibədən sonra insanların yaşadıqları sarsıntılara əsaslanırdı. Dadaistlərə görə dayanıqlı və əbədi heç nə yox idi. İnsanlar dəyərləri, incəsənəti bütün gözəllikləri özü yaradır, sonra isə öz əlləri ilə məhv edirdi. Gözəllikləri yaradan cəmiyyətlə müharibəni meydana gətirən cəmiyyətin eyni olması dadaistlərin ənənələrə qarşı çıxmaqları ilə nəticələnmişdi. Onların fikrincə, tək qayda qaydaların olmamasıdır. Başqa sözlə, cəmiyyətdəki bütün qanunların insanları məhv etdiyini düşünürdülər, buna görə də cəmiyyətdə olan dəyərləri, tabuları yıxmaq istəyirdilər. Dadaistlərin əsərlərinin çox zaman anlaşılmaz və qarışıq olmasının səbəbi əsərlərindəki təməl fikir idi - insanların mənəvi məhvini ifadə etmək. Əsərlər vasitəsi ilə insanlara öz vəhşiliklərini göstərmək istəyirdilər. Müharibə isə bu vəhşiliklərin birgə sərgiləndiyi səhnə idi. Dadaist yazarlar isə bu fikri belə izah edir: “Dadaistlər sizə qarşı sizin düşüncə formanızı ifadə edərək mübarizə aparır.”

Dadaistlər klassik ideyalara, qanunlara sahib burjua sənət anlayışı qəbul etmirdi. Onların fikrincə incəsənət insana həzz verməkdən daha çox insanların nəsnələri olduğundan fərqli formada görməsi və idrak etməsidir. Dadaistlər klassik incəsənət üslublarından imtina edərək kolaj, fotomontaj, qəzet, kağız və tullantı məhsullardan istifadə edərək öz əsərlərini yaradırdılar. Bu cərəyanın məşhur nümayəndələri arasında Hans/Jan Arp, onun sevgilisi isveçrəli modelyer ve rəqqas Sofi Tober, Emmi Henninqs, alman şair Riçard Hülsenbek, rumıniyalı şair Tristan Tzara ve rəssam Marsel Janko, Max Ernst, Fransis Pikabia ve Marsel Ducahmpın adını qeyd edə bilərik. I Dünya müharibəsində İsveçrənin tərəfsizliyini elan etməsi ilə cərəyanın nümayəndələri Sürix şəhərində toplaşdı. Hans Arp müharibə və sənət haqqında fikrini belə izah edir: “Biz 1914-cü ildə başlayan I Dünya müharibəsinin qətliamından diksindiyimiz üçün özümüzü Sürixdə sənətə həsr etdik. Uzaqlarda silahlar atəş edərkən biz bütün gücümüzlə  mahnı oxuyub, rəsm çəkdik, kolajlar hazırlayıb şeir yazdıq. Dönəmin dəliliyinə çarə olsun deyə təməllərə söykənən bir sənətçi və cənnətlə cəhənnəm arasında tarazlıq yaratsın deyə yeni bir nəsnələr nizamı axtarırdıq.”

İlk dəfə 1916-cı ildə Tristian Tzaranın fikirlərinin liderliyində dadaistlər tərəfindən cərəyanın fəlsəfi mahiyyətini izah etmək və öz fikirlərini bütöv şəkildə xalqa çatdırmaq üçün dadaizmin manifesti hazırlandı. Manifestin əsas fikri təbiətdə bir məna olmadığı kimi sənətdə də məna axtarılmamasının vacib olduğu idi. Dadaistlər hər zaman  obrazlı sənətə qarşı olanın yanında olacağını qeyd edirlər. İncəsənətin, ədəbiyyatın estetikadan uzaq olmalı olduğunu müdafiə edirdilər. Dadaistlər bu fikirləri ilə ədəbiyyatda, rəssamlıqda, heykəltəraşlıqda sərt qaydalara intellektual şəkildə etiraz edərək yeni bir üslub ortaya qoymuşdular. Onlar tək rəssamlıqda, heykəltaraşlıqda yox, şeirlərdə də kolaj üslubundan istifadə edirdilər. Şeirdə və ədəbiyyatda kolaj anlayışını isə Tristian Tzara belə izah edirdi: “Sözləri kağız parçalarına yazın, bir şlyapaya qoyub qarışdırın, sonra onları bir-bir götürüb kağızın üstünə yazın.” İzləyici olaraq düşünə bilərik, bəs bu əsərlərin mənaları nədir? Əslində, dadaistlər məna axtarmırdılar, ona görə başqa cərəyanların əsərlərini təhlil edərkən dediyimiz klassik cümləni deyə bilmərik ki, bu əsərdə rəssam və ya sənətçi bu fikri ifadə etmək istəyir. Bu əsərlərin yaranma məqsədi isə sənətçinin zehni fəaliyyətini ortaya qoymaqdır. Nəsnələrə yeni forma qazandırmaq, izləyicinin olduğundan fərqli şəkildə baxmasını təmin etməkdir. Dadaizmdə qəribə yanaşmalardan biri isə cərəyana qoyulan addır. Manifesti hazırlayan gənclər qaydalarını təşkil etdikdən sonra bu qaydanın kimə aid olduğunu, insanların onları necə adlandırmalı olduğunu düşünməyə başladılar. Bu adı müəyyən edən isə yenə Tristian Tzara oldu. O, qarşısında duran lüğəti açaraq vərəqlədi və barmağını təsadüfi bir sözün üstünə qoydu. Bu sözlə birgə yeni yaratdıqları axımı dadaizm özlərini isə dadaistlər adlandırdılar. “Dada” sözü isə fransız dilində “oyuncaq”, “taxta at” mənasını verir. Bu cərəyan 1916-1922-ci illərdə özünün zivəsini yaşadı. Ancaq 1922-ci ildə dağıldı. Məntiqi düşüncəni, cəmiyyətin qəbul etdiyi qaydaları rədd edən bu cərəyan möhkəm təməllərə sahib olmadığı üçün sənət tarixində sadəcə 6 il qala bildi.

Dadaizm - Heçlik...

Dadaizmdən bəhs edərkən Marsel Ducahmpın adını xüsusi qeyd edə bilərik. Əsl adı Sami Rozenstok olan sənətçi Fransada yaşasa da, əslən rumıniyalı idi. Dadaist manifestin və dadaizm fəlsəfəsinin yaradıcılarından Marsel Ducahmp rəsmlə yanaşı ədəbiyyat - şeir sahəsində də özünü yoxlayıb. Məşhur əsərləri arasında “Tək danışmaq”, “İç üz” əsərlərini göstərmək olar. Onun rəsm sahəsindəki əsərlərinə nümunə olaraq isə 1912-ci ilə aid “Pilləkəndən enən çılpaq” əsəri, müxtəlif əşyalardan hazırlanan kolaj əsərlərinə isə 1913-cü ilə aid “Üç standart stopaj”, 1917-ci ildə hazırlamış olduğu “Bulaq” adlı işi daxildir. Onun izləyiciləri ən çox güldürən işi isə 1919-cu ildə hazırladığı L.H.O.O.Q adlanır. Bu işindəo Leonardo Da Vinçinin əsərinə bığ və saqqal çəkərək əsəri lağa qoymuşdur. Bu davranışı ilə o estetik qavramı alçaldır və burjua incəsənətinə olan nifrətini ifadə edir. Bu işi digər bir cəhətdən “güldürərək düşündürmək” olaraq da düşünə bilərik. 

Dadaizm - Heçlik...

 L.H.O.O.Q -1919-cu il

Dadaizm - Heçlik...

Pillәkəndən enәn çılpaq  

Dadaizm - Heçlik...
Bulaq 1917-ci il

 Amalya Mustafayeva
Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti