Hüquqşünas, dövlət xadimi, şəhid edilmiş nazir...

29-05-2018, 23:14
Oxunub: 2555
Fətəli xan Xoyski19 iyun 1920-ci ildə Tiflisdə qətlə yetirilir


XX əsrin birinci yarısı müsəlman şərqində ilk demokratik parlamentli respublikanın təməli qoyulub. Yazım müsəlman dünyası tarixində demokratik idarəçilik aparatının icra strukturunun əsasını qoyan və onu formalaşdıran XX əsrin görkəmli siyasətçisi Fətəli xan Xoyski haqqındadır.

Əslən Xoy şəhərindən, Şəki xanı Cəfərqulu xanın nəslindən olan Fətəli xan Xoyski noyabr ayının 25-i 1875-ci ildə Şəkidə dünyaya göz açıb. Rus ordusunda general-leytenant rütbəsinədək yüksələn atası İsgəndər xan oğlunun da hüquq fakültəsini bitirməsini diləyirdi. Atasının arzusuna qarşı çıxmayan gənc Fətəli Moskva Dövlət Universitetinin Hüquq fakültəsinə daxil ola bilir. Təhsilini başa vurduqdan sonra Xoyski Zaqafqaziyaya - Yelizavetapola (Gəncə) üz tutur. Bir müddət burada məhkəmə aparatında işləyən Fətəli xan sonradan Kutaisiyə göndərilir. 1907-ci ilə qədər müxtəlif vəzifələrdə çalışan F.Xoyski II Dövlət Dumasına seçkilər zamanı deputat seçilir. Dumadakı fəaliyyəti zamanı iclaslarda çar Rusiyası əsarətindən əziyyət çəkən müsəlman-türklərin hüquqlarını müdafiə edən çıxışlar etmişdir. II Dövlət Duması buraxıldıqdan sonra isə o, yenidən Yelizavetapol quberniyasına qayıdır. Yenidən məsul vəzifədə işlə təmin olunur.

1917-ci fevral burjua-inqilabı bir çox dəyişikliklərə səbəb oldu. 1917-ci il 27 mart Fətəli xan Xoyski Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. İnqilabdan sonra heç bir partiyaya mənsub olmayan Xoyski həmin ilin oktyabrında Müsavat Partiyasının I qurultayında çıxış edir. O, “Azərbaycana muxtariyyət” şüarı ilə yaddaşlara iz salır və müstəqil Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olunur. Nəhayət, xalqımız 1918-ci il mayın 28-i Azərbaycan Müstəqil Demokratik Respublikasının əsasının qoyulması ilə öz azadlığına, müstəqilliyinə qovuşur.

Müstəqilliyə ilk addımlarını atan millətimizin ilk hökumətini qurmaq F.Xoyskiyə tapşırıldı. Fətəli xan Xoyski elə həmin gün hökumətin təşkili haqda təklif irəli sürdü. O, həm hökumətin sədri, həm də xarici işlər naziri vəzifəsinə yiyələndi. Mayın 29-u dünyanın bütün siyasi mərkəzlərinə - ABŞ, London, İngiltərə, Fransa və s. yerlərə teleqramla Azərbaycanın müstəqilliyinin elan olunduğunu bildirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin əsasının Tiflisdə qoyulmasına baxmayaraq mərkəzi şəhər Gəncə seçilir. Buna səbəb isə Bakının Şaumyanın başçılıq etdiyi kommunanın əlində olması idi.

Bu zaman mayın ortalarında üç yüz nəfər təlimatçı ilə Gəncəyə gəlmiş Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru Paşa şəhərdə real hakimiyyəti öz əlində cəmləşdirə bilmişdi. O, Gəncəyə gəlir, Azərbaycan Milli Şurası və hökumətinə şübhə ilə yanaşır. Belə bir şəraitdə iyunun 17-də keçmiş şəhər idarəsinin binasında Milli Şuranın sayca yeddinci iclası keçirilir. Hökumətin sədri F.Xoyski hökumətin istefaçı bəyanatı ilə çıxış edir. Geniş müzakirədən sonra hökumətin istefası qəbul olunur və F.Xoyskiyə yeni hökumət təşkil etmək tapşırılır. Müxtəlif partiyaların nümayəndələrindən ibarət təşkil olunmuş yeni hökumətdə Xoyski baş nazir vəzifəsi ilə yanaşı ədliyyə naziri vəzifəsini də tuturdu.

Özünün yeni hökumət proqramı ilə çıxış edən F.Xoyski bildirir ki, onun hökumətinin başlıca vəzifəsi Azərbaycanın azadlıq və istiqlaliyyəti uğrunda mübarizə olacaq. Azərbaycan Milli Şurasının bu iclasında onun buraxılması, bütün qanunverici və idarəedici hakimiyyətin Azərbaycan müvəqqəti hökumətinin əlində cəmləşdirilməsi haqqında iki mühüm qətnamə qəbul olunur. Milli Şuranın buraxılması haqqında birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq Azərbaycan Milli Şurası bütün hakimiyyəti F.Xoyskinin sədrliyi ilə yaradılmış hökumətə həvalə etsin və ona tapşırılır ki, öz hakimiyyətini qısa müddətdə çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməsin!

Başqa bir sənəddə isə qeyd olunurdu: “Azərbaycan hökuməti Azərbaycanın istiqlaliyyətini və siyasi azadlıqlarını ləğv edə bilməz, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişməyə hökumətə səlahiyyət verilmir. Qalan məsələlərdə hökumətə bütün hüquqlardan istifadə etmək səlahiyyəti verilir. F.Xoyski hökuməti altı ay müddətindən gec olmayaraq Müsəssislər Məclisi çağırmalıdır”.

İyunun 27-də Azərbaycan dili dövlət dili elan olunur. Avqustun 28-də tədris müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul edilir. Fətəli xan hökumətinin Gəncədə ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan etmək olur. O, müstəqil Azərbaycanın qoşun hissələrini yaratmaq üçün işə başladı. Azərbaycanın istiqlaliyyəti üçün onu müdafiə edəcək ordunun yaradılmasının müstəsna əhəmiyyəti var idi. Avqustun 11-də qəbul olunmuş hərbi mükəlləfiyyət haqqında qanuna müvafiq olaraq tam 19 yaşına çatmış vətəndaşların ordu sıralarına səfərbər olunması elan olunur. F.Xoyski hökumətinin mühüm tədbirlərindən biri də iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyası idi. Bu komissiyanın qarşısında birinci dünya müharibəsi illərində, xüsusilə Bakıdakı mart hadisələri zamanı Zaqafqaziya ərazisində yerli müsəlmanlara qarşı törədilmiş vəhşiliklər, onların əmlakına qəsd ilə bağlı məsələləri araşdırmaq, bu işdə günahkar olanları aşkar etmək və onları məsuliyyətə cəlb etmək vəzifəsi qoyulub.

Daha bir diqqətəlayiq iş isə Gəncənin çar hakimiyyəti zamanı ləğv olunmuş adının Azərbaycan hökumətinin 30 avqust tarixli qərarı ilə özünə qaytarılması olub. Elə həmin qərarla Qaryagin qəzası da Cəbrayıl qəzası adlandırıldı.

1918-ci il sentyabrın 15-də türklərdən və azərbaycanlılardan ibarət Qafqaz İslam Ordusu Bakıya daxil olur, sentyabrın 17-də isə Azərbaycan Xalq Cumhuriyyəti hökuməti Bakıya köçür. Bakı Azərbaycanın paytaxtı elan olunur. Bütün Şimali Azərbaycan ərazisi F.Xoyskinin başçılıq etdiyi Azərbaycan hökumətinin hakimiyyəti altına keçir.

Bakıya köçdükdən sonra hökumət istər ictimai-siyasi, istərsə də təsərrüfat və mədəni quruculuq sahəsində daha mühüm tədbirlər həyata keçirməyə başlayır. Müəssislər Məclisinin çağırılması işinin təşkili üçün Nazirlər Şurasının sədri, daxili işlər və xalq maarifi nazirlərindən ibarət komissiya yaradılır.

1918-ci il noyabrın 9-da F.Xoyskinin məruzəsi əsasında Azərbaycan hökuməti Azərbaycanın üçrəngli milli bayrağını təsdiq edir. Beş aylıq fasilədən sonra 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının Bakıda birinci iclası toplanır. İclasda çıxış edən Azərbaycan hökumətinin sədri F.Xoyski bildirir ki, hökumətin Müəssislər Məclisini çağırmağa hazırlıq işlərinə vaxtı çatmadığı üçün Milli Şura bu işi öz öhdəsinə götürsün. Milli Şura bu təkliflə razılaşır. Noyabrın 19-da keçirilən iclasında Milli Şura tərəfindən 120 nəfərdən ibarət Azərbaycan Parlamentini yaratmaq haqqında Azərbaycan hökuməti tərəfindən təqdim olunmuş qanun layihəsi bəyənilir.

Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Bu da açıq-aşkar demokratiyanın bariz nümunəsidir.

O, dini etiqadına görə şiə müsəlmanı idi. AXC dövründə F.Xoyskinin bəzi qohumları görkəmli dövlət və inzibati vəzifələri tuturdular. Böyük qardaşı Hüseynqulu xan Xoyski bir müddət Gəncə qubernatorunun müavini olur. Kiçik qardaşı Rüstəm xan Xoyski Fətəli xan Xoyskinin hökumətində himayədarlıq naziri olub.

O, sonradan İslamı qəbul edərək Ceyran xanım adını almış Yevqeniya Vasilevna ilə ailə həyatı qurur. Fətəli xan Xoyskinin üç uşağı olub: qızı Tamara və iki oğlu Murad və Ənvər.

Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Tiflisə köçür və orada 19 iyun 1920-ci ildə qətlə yetirilir. Qatillər "Daşnaksütyun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idilər. Nəşi indiki Tbilisi Botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn edilib. Şəhid edilmiş nazirimiz yaddaşımızda, tariximizdə qalacaq, cümhuriyyət üçün canını fəda edən insanlar üçün bu ölkə bir az daha canlanacaq. Müstəqilliyimiz əbədidir!
Rəqsanə Mehdizadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti