Azərbaycan mədəniyyət ənənələri

29-05-2018, 19:39
Oxunub: 1478
"Bütün mədəniyyətlər üç böyük amilin qarşılıqlı təsirlərindən doğarlar: Vətən, millət, mədəniyyət!"


Əziz yurddaşlar, hörmətli arxadaşlar!

Mövzumuz “Azərbaycan mədəniyyət ənənələri”dir. Etiraz etməzsiniz ki, bu mövzunu bütün əhatəliliyi ilə anlada bilmək üçün bir deyil, bir neçə konfransa ehtiyac vardır: xüsusilə ki, Azərbaycan mədəniyyətinə aid materiallar hələ kafi dərəcədə işlənməmiş və bir sistem halına salınmamışdır. Vaxtınızı alacaq bu məruzə yoldakı çalışmalara kiçicik olsun bir istiqamət verə bilərsə xoşdur!..

Bəyanlar, bəylər!

Bütün mədəniyyətlər üç böyük amilin qarşılıqlı təsirlərindən doğarlar: coğrafi amil - Vətən, etnoqrafik amil - millət və mənəvi amil – mədəniyyət!

Mədəniyyət ənənələrini anlatmaq üçün Azərbaycanın bu baxımdan bulunduğu durumunu bir quş baxışı ilə, öncə bir gözdən keçirəlim.

Azərbaycan tutduğu mövqe etibarilə Yaxın Şərqin çox əhəmiyyətli sahəsidir. Bir tərəfdən Kaspi dənizinə, o biri tərəfdən də Böyük və Kiçik Qafqaz dağları ilə Savalan ətəklərinə dayanan bu sahə Kür, Araz və Qızılüzən kimi böyük çayların bərəkətli hövzələrini təşkil edən düzənlikləri içinə alır. Məşhur qışlaq və yaylaqları ilə hər cür həyati imkanlara malik burası ekonomik birlik ərz edən coğrafi bir bütündür.

Böyük mühacirət yolları üzərində istilalar qovşağı və siyasi böyük qüvvətlərin quruluş və savaş meydanı olan Azərbaycanın tarixi daima bir mücadilə içində keçmiş, siyasi müqəddəratı da hərdəm yenilənən istilalara qarşı vuruşma və müdafiədə təyin olunmuşdur.

Uzun zaman Azərbaycan müxtəlif dinlərin dartışmalarına meydan oxumuşdur. Burada İranın məzdəkizmi, Yunanın ellinizmi, Bizansın xristianlığı və nəhayət ərəb müsəlmanlığı çarpışmışlar. Atəşpərəstlərin məşhur atəşgahları Azərbaycanda bulunuyordu. Məzdəki peyğəmbəri Zərdüştün özü Muğanda doğulmuşdur.

Siyasi istilalar qovşağında müxtəlif adət və mədəniyyətlərin çarpışdığı bir sahədə bulunan Azərbaycan həyatının şiddətli mücadilələr altında Azərbaycan topluluğu özündə qüvvətli xarakter sahibi mübariz insanlar yetişdirmişdir. Bu iddianın siyasi mücadilə ilə əsgərliyə aid dəlillərindən yana, sırf mədəniyyət tarixi bucağından görülən olaylarını diqqətlə izləsək, digər misallarla qarşılaşarıq. Bir kərə türk dastanları qəhrəmanlıq və fədakarlıq misalları ilə doludur. Bu xüsusda artıq təfsilata girmədən bir-iki misal verməklə Azərbaycan ictimai fikrinin mətanət və dəliqanlılığına işarət etmək istərik. XIV əsr şairi Nəsimi Azərbaycanda doğan hürufi təriqətinin ideoloqu və dahisi idi. Özünü Hələbdə edam etdilər,dərisini diri-diri soydular. Fəqət:

“Canını tərk eylə kim bu yolda canan bulasan

Hər ki, can verdi bu yolda, buldu ol cananəyi”

beytinin canfəda şairi bu cəhənnəm əzabına bir ah demədən qatlandı və ölümü qeyri-adi igidliklə qarşıladı. Buna bənzər bir hadisəyə XIX əsr ortalarında da rast gəlirik. Dini bir hərəkata mənsub olan qəhrəman bir qadın vardır. Adı – Qüdrətüleyn. Gözəlliyi ilə bərabər igidliyi ilə də məşhur olan bu qadın Qəzvin qazisinin qızı, azərbaycanlı bir Türkdür. Tehranda Nəsrəddin şahın əmrilə özünü diri-diri  yandırmaya məhkum etdilər. Ona “dinini tərk et, şah səni bağışlar”-dedilər. Fəqət o:

“Bən deməm ki, sən səməndər ol da, ya pərvanə ol,

Çünki yanmaq niyyətindir, dönmə dur, mərdanə ol!”

beytini söyləyərək yandı.

Bu iki tablo Azərbaycan xarakterinin nə qədər atəşli və nə qədər səbatlı və fədakar olduğunu göstərmək istedadındadır. Tarixin müxtəlif çağlarında biz bu xarakterin başqa cür verimlərini də izləmək imkanındayıq.

Müsəlman mədəniyyətinin bütün səhifələrində Azərbaycanın oynadığı subyektiv rol böyükdür. Ərəb və ya fars elminin sırasına keçmiş məşhur azərbaycanlıların adlarını burada tamamilə vermək imkanında deyilik. Yalnız irəli sürülən iddianı sənədləşdirmək üçün bunlardan bir qismini zikr etməklə kifayətlənəcəyik. Filoloq Təbrizli Xətib, filosof Bəhmənyarın əsərləri Avropa dillərinə tərcümə edilmişdir. Şirvanlı münəccim Fəridəddin 30 illik çətin bir çalışmanın məhsulu olaraq özündən sonrakı nəsillərə məşhur bir zic(Astronomiya traktatı) buraxmışdır. Əbdülqadir Marağayi XIV əsr bəstəkarıdır. Musiqi sahəsində yazdığı məşhur əsərilə Avropada da tanınmışdır. Memarlıq, nəqqaşlıq və xəttatlıq sahələrindəki azərbaycanlı ustaları Təbriz, Ərdəbil, Naxçıvan və Bakıda hələ baqi qalan bədii yüksək dəyərli tarixi tikililərin qalıntıları ilə də tanımaq mümkündür. Təbrizdəki Göy məscid memari gözəllik baxımından bütün mütəxəssislər tərəfindən qeyd olunan bir dəyər və şöhrətə malikdir. Şeyx Səfi məqbərəsi dillərdə söylənilir. Azərbaycan Atabəyləri tərəfindən tikdirilmiş Naxçıvandakı Möminə Xatun türbəsi yüksək dəyərdə bir abidədir. Şirvanşahlar zamanından qalma Bakıdakı binalar xüsusilə əhəmiyyətlidir. Başda məşhur Divanxana binası olmaq üzrə bu Bakı Akropolu bütün islam dünyasında müstəsna bir gözəlliyə malikdir. Hələ XVI əsr Avropa səyyahlarının heyrətini cəlb edən Divanxana üçün alman şairi Hötenin məşhur bir təbiriylə “daşa dönmüş musiqi” demişlərdir.

Xəttatlığa gəlincə, Aqradakı Böyük Əkbərin sarayını bəzəyən  sənətkarlar arasında azərbaycanlılar da vardır. Türkiyədə məşhur olan Yaşıl Cami Təbrizli ustalar tərəfindən tikilmişdir.

Azərbaycanlılar Yaxın Şərqdəki nəqqaşlıq sənətinin irəliləməsində böyük rol oynamışlardır. Qərbdə Şərqin Rafaeli adı ilə məşhur İran miniatürçüsü Kəmaləddin Behzad Təbrizli Seyid Əhmədin şagirdidir. Nəqqaşlıq, rəssamlıq və xəttatlıq sənətlərinin müxtəlif etaplarında ad alan azərbaycanlıları burada birər-birər zikr etmək imkan xaricindədir. Bu qədərcik qeyd edim ki, Elxanlılar zamanında öncə çinlilərlə uyğurların əlində bulunan bu iş sonra tamamilə azərbaycanlılara keçmişdir. Şah İsmayıl zamanında Səfəvi sarayının yanında məşhur Təbriz məktəbi təsis olunmuşdur. Böyük rəssam Behzad Heratdan dönərək bu məktəbə başçılıq etmişdir.

Bədii sənət Azərbaycandakı əl işlərində də görülməkdədir. Məsələn, Azərbaycan xalılarının naxışları bütün dünyada məlumdur. Bu gözəl xalçalardan biri Holland rəssamı Hans Memlinqin “Çocuğu ilə Məryəm” tablosunda təsbit olunmuşdur.

Mücərrəd elmlərlə incəsənət sahələrindən keçərək mənəvi, ruhi və fəlsəfi düşünüş sahəsinə gəlincə də Azərbaycanın özünəməxsus mühüm bir mövqedə olduğunu görürük. Sufiliyin ən böyük şairi Cəlaləddin Ruminin əfsanəvi qəhrəmanı Şəms Təbrizlidir. Sufizmin klassik sirlərini anladan “Gülşəni-raz” əsərinin müəllifi Mahmud Şəbüstəri də azərbaycanlıdır. Hürufiliyin banisi Şeyx Fəzlullah Nəimi də buralıdır.

İranın məşhur moralist şairi Sədi öz “Bustan”ında Baba Kuhi inamlarının ilk formullarını verən bir adamdır. Bakıda doğulmuşdur.

Ədəbiyyata gəlincə, Azərbaycan daha böyük bir önəmdədir. Azərbaycanın ümumi Türk ədəbiyyatındakı iştirakını müəyyən etmədən öncə İran ədəbiyyatındakı rolu üzərində bir az duralım. Bunu qeyd etməyi də unutmayaq ki, X əsrdən XIII əsrə qədər Yaxın Şərqin bütün məmləkətlərində ümumi idarə və ədəbiyyat dili farcsa idi. Fars olmayan müəlliflər belə bu dildə yazarlardı. Klassik İran ədəbiyyatı 1000 ildən bəri İranda hökumət sürən Türk sülalələrin himayəsini görərək parladı. Nizami bütün yaxşılıqları, qüvvət və dəyərləri daima Türk məcaz və istiarəsi ilə zikr edərdi. Ədalətli dövlət idealı onun nəzərində Türk dövlətidir:

Türklərin çün yüksəldi dövlətləri,

Ədalətlə süsləndi həp elləri.

Madam ki, sən zülmə amil olursan,

Bir Türk deyil, çapaolçu bir hindusan!

O, bütün düşüncələri ilə bir Türk, bir azərbaycanlıdır. Rus vəhşətini:

Adamlıq bəkləməz bir kimsə rusdan,

Ki, bənzər insana yalnız baxışdan!

beyti ilə ifadə edər.

Xanıkov Xaqaninin yaradıcılıq qüvvətini Viktor Hüqo ilə müqayisə edir.

Klassik Türk ədəbiyyatının doğulduğu dövrdə Azərbaycan yenidən öz ənənələri ilə mütənasib böyük bir mədəniyyət istedadı göstərir. Bu istedad Azərbaycanın qüvvətli bir xalq ədəbiyyatına malik olması ilə ahəngdədir. Əski Türk dastanlarının məşhur sözçüsü Dədə Qorqud Azərbaycanda keçən qəhrəmanlıqları anladır. Bu hekayələrdəki dil belə bugünkü Azərbaycan türkcəsinin demək olar ki, eynisidir.

Müxtəlif Türk ləhcələri arasında Azərbaycanın etinalı bir yerə malik olduğu da qeyd olunmalıdır. Aşıq adını daşıyan səyyar xalq xanəndələri tərəfindən “Koroğlu”, “Şah İsmayıl”, “Əsli və Kərəm” və başqa bu kimi dastanların saz çalğıları ilə bərabər söylənişlərində Azərbaycana məxsus bir xüsusiyyət vardır. Bu dastanlarda mövzu isə zəifləri qorumaq, başqasına yardım etmək, nəfsini fəda etmək, sevgiliyə qarşı vəfalı olmaq, dostluqda sadiq qalmaq, arxadaşlıqda səbat göstərmək və qocalıqda qorxu bilməmək kimi digər anlamlardır.

Azərbaycan xalq mahnılarından olan “Bayatılar” üslublarındakı rəvanlıq, fikirlərindəki uçuş və hisslərindəki incəliklərlə ayrılırlar:

Bu dağlar ulu dağlar,

Bu qarlı, sulu dağlar

Burda bir igid ölmüş,

Göy kişnər, bulud ağlar!

İllərdən bəri çevrələrindəki xalq kütlələri üzərində bütün Türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl dövlət qurmaq üzrə hərəkətə keçir. Avropalılarca xalis bir İran sülaləsi sayılan Səfəvi dövlətinin banisi isə həqiqətdə bir Türk sufisi və azərbaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə Türk qüvvəti idi. Onun sadə türkcə ilə yazılan ilahiləri rəsmi hüdudların çox irəlilərində belə  Türk topluluqlarının ruhları üzərində müəssir olurdu. Şah İsmayılın sarayı Azərbaycan Türk ədəbiyyatının yaradıcı ocağı və akademiyası idi. Bu saraya Həbibi kimi şairlər məxsusdu.

Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları farca idi. Rəsmi Türk dövlətlərində misali yox ikən, çevrəsindəki şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi.

Bu dövrdəki şairlər yalnız “Taclı Türk”ə deyil, onun da xitab etdiyi əsl Türk kütləsinə müvəffəqiyyətlə xitab edə bilmək üçün türkcə yazırlardı. İdarələrini yürütmək üçün onun içindən yetişdikləri mühitin zövqünə uyaraq onun ağıl və vicdanına qolay bir yol bula bilmək üçün özü ilə türkcə danışırlardı. Türk ədəbiyyatının parlaq günəşi Füzuli bu dövrün böyük sənətkarıdır. Sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının bu böyük işıldağı məşhur “Bəngü-badə”sini Şah İsmayıla ithaf etmişdir. Atəşli Hürufi Nəsimi ilə Şərqin ən böyük liriki Füzuli yalnız Azərbaycanı deyil, türkcə oxuyan bütün dünyanı həyəcanlandırır. İngilis şərqşünaslarından, Türk ədəbiyyatının tarixçisi mister Gibbə görə, duyuşlarının səmimiliyi və ifadələrindəki şairanə şəkil baxımından bütün şərqdə Füzulinin ikinci bir tayı yoxdur.

XIX əsr başlarında Azərbaycanın siyasi müqəddəratında radikal dəyişikliklər olur. Çarlıq Qafqaza enmiş bulunur. Azərbaycan cəmiyyəti Rusiyanın əyri aynasında olsa da, XVIII əsrin aydınladıcı fikirləri ilə təmasa gəlir. Bu şərtlər altında Azərbaycanda Avropa tərzində yeni bir ədəbiyyat yaranır. Bu məktəbin ən böyük ustadı isə M.F. Axundzadədir. Klassik ədəbiyyatımız üçün Füzuli nə isə, çağdaş ədəbiyyatımız üçün də Mirzə Fətəli odur. Müsəlman dünyasının bu ilk dramaturquna Avropalı tənqidçilər Şərqin Molyeri, ruslar da Qoqolu deyirlər. Mirzə Fətəli eyni zamanda böyük bir refermatordur. Ərəb əlifbasının dəyişdirilməsi fikrini ilk dəfə o meydana atmışdır. 1905-ə qədər sürən dövrdə Azərbaycan ədəbiyyatının inkişafı Mirzə Fətəli məktəbinin təsiri altında irəliləyir. Azərbaycan qəzetçiliyinin binası da bu dövrdə atılmışdır. 1875-ci ildə Zərdablı Həsən bəy  tərəfindən Rusiya müsəlmanları arasında ilkdəfə olaraq Bakıda “Əkinçi” adında qəzet təsis olunmuşdur. Əkinçi müsəlmanlara “yaşamaq qovğasında məğlub olmaq istəmirlərsə, qonşulardan və mədəni millətlərdən geri qalmamalıdırlar” deyə tövsiyə edir.

1905-də təsis olunan “Həyat”, ”İrşad” kimi qəzetlər  yeni dövrün ələmdarlığını yapırlar. Bu dövrün ən ötgün qəzetçisi Ağaoğlu Əhməd bəydir. “Molla Nəsrəddin” məcmuəsində “hop-hop” adı ilə yazan şair Sabirin ulduzu parlayır. Onun sadə şeirləri burjuaziyanın zəngin evlərində deyil, kəndlərdə, uzaq daxmalarda oxunur. Sabirlə bərabər Məhəmməd Hadi Şirvani meydana atılır. O, insanın yaradıcı düşüncəsini boğan adətlərə candan üsyan edir. Üzü açıq, çarşafsız müsəlman qadını onun gözündə qurtulan bütün Şərqin simvoludur.

Azərbaycan səhnəsininin ən böyük uğuru Azərbaycan operasının doğuşudur. 1907-də xalq müəllimi Hacıbəyli Üzeyirə Füzulinin ölməz əsəri “Leyli və Məcnun”u bəstələyərək səhnəyə çıxarmaq nəsib olur. Vaxtilə saz şairləri tərəfindən obalarda, oymaqlarda oxunan dastanlar opera səhnəsinin bir mövzusunu təşkil edir. İştə “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Şah İsmayıl” və “Koroğlu” operaları. Vaxtilə bunların hər biri məsnəvi və dastanlardı. İndi bəstəkarlar tərəfindən səhnə texnikasına uydurulmuş, istedadlı aktyorlar və gözəl səsli xanəndələrin hümməti ilə Avropasayağı bir əsər şəklində təmsil olunurlar.

Bu dövrdə Türk dili, Türk qəzeti və Türk teatrı deyiləcəyi yerdə müsəlman dili, qəzeti və teatrı deyilirdi. Fəqət milli oyanış hərəkatı getdikcə təbii məcrasını bulur. Bütün müəssisələr kimi, mətbuat da milli mədəniyyət motivlərinə keçir. Belə həyəcanlı durumda Azərbaycan 1-ci dünya müharibəsi dövrünə girirdi. 1915-ci ildə “Açıq söz” qəzeti “Türkləşmək, müasirləşmək, islamlaşmaq” başlığı altında dərc edilir. Bu qəzet artıq milli və mədəniyyət müəssisələrindəki “müsəlman” sifəti yerinə “Türk” sifətini işlədirdi. Bu dövrdəki Azərbaycan cəmiyyətinin 1-ci dünya savaşının sonuna bağlanmış ümidləri vardır. “Açıq söz” qəzetinin məqaləsində “Dünya xəritəsi qəribə dəyişəcək. Dünya xəritəsinin alacağı yeni şəklə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəməti ilə bərabər heç şübhə yoxdur ki, milliyyət məfkurələrinin də böyük təsiri olacaqdır. Öz vətəndaşları arasıında ögey-doğmalıq göstərən bir dövlət mütərəqqi və qüvvətli bir təşkilata malik olmayacaqdır. Ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı ulduza sahib olmalıdırlar. Çünki vahid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və belə bir silahdan məhrum qalan camaatlar kimsəyə söz eşitdirəmmiyəcəkdir!” deyilirdi.

Bu ana fikri biz Hüseyn Cavidin bu beytlərində buluruq:

Şaşırıb durma böylə...bir aydın

İdeal arxasınca qoş, çırpın!

Səni qurtarsa qurtarır birlik,

Çünki birlikdədir fəqət dirilik!

Azərbaycan belə bir ruh və həyəcanla 1-ci dünya savaşına girir. Nəhayət hərbin sonlarında Rusiya imperatorluğu çökür və 28 Mayıs 1918-də Şurayı-Milli Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün cahana elan edir.

Bəyanlar, bəylər! 28 mayıs 1918 Azərbaycan tarixinin ən böyük bir günüdür. Bu gündə Türk və müsəlman icmaları içində şərq ilə qərb mədəniyyətlərinin qarşılaşdığı coğrafi bir sahədə gəlişən Azərbaycan mədəniyyəti tarixi seyrinin əhəmiyyətli bir mərhələsinə varmışdır. Yüz il əvvəl Rusiya çarlığının idarəsinə ayrı-ayrı xanlıqlar şəklində keçən Azərbaycan indi yekparə bir mədəniyyət varlığı və millət birliyi halında yenidən dünyaya doğulurdu. Seçdiyi hökumət şəkli ilə o, sadəcə Azərbaycanda deyil, bütün Türk və islam dünyasında bir yenilik göstərirdi: Cümhuriyyət qururdu. Beynəlmiləl demokratiya prinsiplərinə dayanaraq qurulan bu cümhuriyyət mavi, qırmızı və yaşıl – üçrəngli bayrağı ilə Azərbaycan mədəniyyət ənənələrinin bir xülasəsini rəmzləndirirdi. Mavi rəng-türklüyün, yaşıl rəng-islamlığın, qırmızı rəng də çağdaşlığın əlamətidir. Bütün Qafqasya ilə bərabər Azərbaycan Cümhuriyyəti də bolşevizmin dəmir pərdəsi arxasına alındıqdan sonra məmləkətin siyasi coğrafiyası kimi mənəvi mədəniyyət mühiti də dəyişmişdir. Burda rol oynayan tarixi mədəniyyət amilləri normal seyrlərdən qalmış, rus kommunizmi ilə totalitarizminin böyük əngəlləri ilə qarşılaşmışdır. İndi orada rəsmən hakim olan mədəniyyət idealı “böyük rus milləti ilə birləşmək” idealıdır. Fəqət 28 Mayıs 1918 tarixində milli və mədəni istiqamətini almış istiqlal dövründə gediləcək mədəniyyət yolunu bəlləmiş Azərbaycan bu istila basqısı altında belə həqiqi yolundan çıxmamış, var qüvvətilə varlıq mücadiləsinə davam etmiş və edir. Bunu isbat etmək üçün 31 ildən bəri bolşevik rejimi altında bulunan Azərbaycandakı milli mədəniyyət olaylarını gözdən keçirmək gərəkdir ki, bu mövzuya ayrıca bir konfrans ayırmaq istər. İndilik bu qədər qeyd edim ki, 31 ildən bəri orada Türk, müsəlman və qərb mədəniyyət dünyasının bildiyi mədəniyyət, dəyər və idealları ilə kommunist dəyər və fikirləri arasında amansız bir mücadilə vardır. Bu mücadilə indiki halda bütün dünya ölçüsündə gedən böyük mücadilənin bir parçasıdır.

Sovetlərdə indi müdhiş bir rus-bolşevik şovenliyi zühur etmişdir. Rus mədəniyyət ölçülərini mütləq surətdə qəbul etməyənlər, buna müqabil millətlərarası mədəniyyət dəyərlərini qiymətləndirənlər kosmopolitizm ilə ittiham olunur və yaxanı NKVD-nin əlinə verirlər. Dünən nasionalist deyə təqib olunanlar bugün kosmopolit deyə cəzalandırılırlar.

Bəyanlar, bəylər! Demək, mücadilə davam edir və tariximizdən qüvvət alan mədəniyyət ənənənələri bütün zorluqlar və güclüklərə rəğmən hələ canlılıq göstərir. Müzəffər olacaqları şübhəsizdir. Çünki getdikləri yol təbiidir. Çünki bu, mədəni dünyanın yürüdüyü tərəqqi və mədəniyyət yoludur. Son ucu, zəfər onun - üçrəngli istiqlal bayrağının, MİLLİ AZZƏRBAYCAN TÜRK DEMOKRATİK MƏDƏNİYYƏTİNİNDİR.
1.M.Ə.Rəsulzadə "Bolşeviklərin Şərq siyasəti"
2. M.Ə. Rəsulzadə "Azərbaycan kültür gələnəkləri"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti