Nə böyük bayramdır!

28-05-2018, 02:21
Oxunub: 481
"...İştə bir illik istiqlal həyatının xof ilə ümid arasındakı iztirab və minnətdarlıq dəqiqələri!"


Məhəmməd Əmin Rəsulzadənin 1919-cu il 28 mayda "Azərbaycan" jurnalında yayımlanan təbrik yazısı.

Azərbaycan türkləri bu gün ilk dəfə olaraq böyük bir bayram keçirirlər - İstiqlal bayramı!

Bundan bir il əvvəl Zaqafqaziyanın müqəddəratını həll üçün Tiflisə toplanmış olan müsəlman vəkilləri tarixin elə bir anına təsadüf eləmişdilər ki, yüz illik əsarət dövrünə yalnız yüksək bir amal nəticəsi deyil, eyni zamanda zəruri bir ehtiyac kimi son vermək məcburiyyətində qalmışdılar.

Əvət, Zaqafqaziya millətləri məcbur olub istiqlal elan etmişdilər.

Bilməcburiyyə elani-istiqlal!

İstiqlalımıza düşmən olanlar bu iki “məcburiyyət” və “istiqlal” sözlərinin bir araya toplanmasını “ictimai ziddin” qəbilindən ədd etməklə, Zaqafqaziya cümhuriyyətlərinin qeyri-təbii olduqlarını isbat etmək istəyirlər.

Fəqət bu mülahizə zahirdə doğru görünsə də, batində belə deyil.

Bir növzadın (yeni doğulmuş – red.) məsimeyi-madərdən xilas olub da dünyaya gəlməsi heç şübhəsiz bir vəqei-istiqlaldır. Qadının vəzi-həmlinə digər təbirlə bizdə “azad olmaq” deyirlər. Halbuki bu “azadlıq” eyni zamanda təbii zərurət, məcburiyyətdir. Elə bir məcburiyyət ki, həyati-aləm ona bağlıdır!

Zaqafqaziya Seyminin istiqlal elanı günündə “Kadet” firqəsi nümayəndəsi Seym üzvlərinin o gün vəzifələrinin ağırlığından duyduqları hissiyyata tərcüman olaraq, hər kəsi özü kimi təsəvvür edərək: “Bakınız sanki “Seym” bir möhtəzirin başı üstündə durmuşdur” – dediyinə müqabilən mən: “Əfv edərsiniz, bu iztirab və əndişə bir möhtəzirin deyil, bir ləhvisənin başı üstündə görülən iztirabdır”.

Zaqafqaziya ləhvisəsinin “azad”lığı çox müşkilatla olmuşdu. Çünki birdən üç növzad doğmuşdu: Gürcüstan, Azərbaycan və Ermənistan!

Hər növzad kimi istiqlal dəxi can kimi sevildiyi halda canan kimi cəfakardır. Bir növzad paydar olub kəndi başına dolanır bir adam olana qədər ata və anasına nə əndişələr, nə qəmlər, nə qüssələr verər!

İştə eyni iztirabları, eyni qüssə və dərdləri, fəqət bununla tovəm olan sevinc itminanları biz keçən sənəyi istiqlalda keçirmədikmi?..

Mart hadisati-əliməsinin bir nəticəsi olaraq davam edən Bakı əsarəti, Şamaxının bu dəfə yer altındakı məvadi - bir kaniyyədən deyil, insanların fitrətindəki şərarətdən mütəzərrər olub da, xak ilə yeksan olması; Osmanlı türk qardaşlarımızın son ümidsizlik dəmində yetişib də bizi düşmənlərdən xilası; Bakının geri alınması, sonra ingilislərlə bərabər Biçeraxov və sairələrinin gəlişi ilə hasil olan iztirab və əndişə, Parlamentin açılması, Azərbaycan ordusunun yetişməsi, Qarabağ, Naxçıvan, Lənkəran məsələləri, Dağıstan faciəsi, nəhayət, bugünkü şənliklər – iştə bir illik istiqlal həyatının xof ilə ümid arasındakı iztirab və minnətdarlıq dəqiqələri!

Necə olur olsun növzadımız bir yaşına çatdı.

Bu bir ilin ərzində azərbaycanlıların verdikləri maddi qurbanlara müqabil qazandıqları yalnız xaricin bizi müstəqil bir millət kimi tanımağa doğru və göstərdiyi bəzi təmayülat deyil, ən böyük şeyi fikri-hürriyyət və istiqlalın artıq milli bir fikir olduğu keyfiyyətidir.

Bundan iki sənə əvvəl biz türkçülər Azərbaycan şüarını böyük güldəstənin zəngin bir gülü kimi təsəvvür etdikdə, yalnız rus kadetləri ilə sosialistlərindən deyil, öz kadetlərimizlə sosialistlərimizdən dəxi müqabilə görürdük.

Bir sənə sonra bütün firqələr bunu bir zərurət kimi qəbul edərək Azərbaycan istiqlalının elanına iştirak etdilər. Bu gün isə hər kəs onu bir hədiyyə kimi qarşılayıb bir amal və bir ideal kimi alqışlayır!

Bu alqışlar yalnız siyasi firqələrin nümayəndələrindən deyil, ağac tüfəngləri ilə “iləri, iləri!” – deyə küçələri dolaşan gənclərlə Azərbaycan əsgərini yaşar gözləri və “Allah bəd nəzərdən saxlasın” duası ilə ötürən camaatdan, istiqlal sevincini dərk etmiş xalqdan gəlir.

Bundan altı ay əvvəl Azərbaycan Məclisi-Məbusanın açıldığı gün “Bir kərə yüksələn bayraq bir daha enməz!” – demişdim.

O zaman, içində bulunduğumuz zaman o qədər müşkül və o qədər pərxöf idi ki, yüksəltdiyimiz bayrağı pək də yüksək qaldıra bilmir, onu yalnız Parlament binasına münhəsir etdirib də “müdara” (Kin və ədavətini gizlədib zahirdə dostluq göstərən – red.) göstərmək məcburiyyətində qalırdıq.

Bu məcburiyyətdən mütəəssir olan bəzi bədbinlər “hanı - bir kərə yüksələn bayraq, bir daha endiriləməz! - diyordunuz,” - diyordular!

İştə qoy bugünkü gün milli bayraqlara boyanmış Azərbaycan paytaxtı o bədbinlərin qəlbini təsfiyə etsin!

Bir sənəlik həyat həqiqətən də göstərdi ki: bir kərə açılmış livai-hürriyyət bir daha bükülməz!

Doğrudur ki, bu gün yüksəltdiyimiz istiqlal bayrağını endirməyə, açdığımız livai-hürriyyəti bükməyə çalışan düşmənlər var. Bu düşmənlər bu gün hər tərəfdən bizə pusu qurmaqda, bizi təhdid etməkdədirlər. Fəqət bir tərəfdən millətimizin gündən-günə artan əzmi-millisinə, istiqlal və hürriyyəti yolunda sabit qalacağına, digər tərəfdən də nə desələr-desinlər, dünya üzərində təsirsiz qalmayacaq milliyyət fikri-müəzzəminin bilaxirə zəfər elan edəcəyinə inanmaqla, bu tarixi-millimizdə misli namüsəyyur böyük bayramla digərimizi təbrik edəlim də, inanalım ki, bir yaşına çatmış növzadi-istiqlal təhlükəli qranlarını keçirir.

Bir kərə yüksələn livai-istiqlal, bir daha enməz!

Etatist.com
M.Ə.Rəsulzadə
“Azərbaycan” №190
28 mayıs 1919-cu il
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti