Rəsulzadənin Azərbaycan xalqına xitabı - 28 MAY

28-05-2018, 00:08
Oxunub: 543
Yaşa, yaşa, çox yaşa, ey, şanlı Azərbaycan!


Azərbaycan Xalq Cümhuriyyətinin 100 ilinin tamam olmasıyla bağlı bir neçə gündür ki, AXC və onun qurucuları haqqında yazılar yayımlayırıq. Bu dəfə isə Məhəmməd Əmin Rəsulzadənin 1953-cü ildə "Amerikanın səsi" radiosuyla Azərbaycan xalqına xitabını oxucularımıza təqdim edirik.

- Əziz vətəndaşlarım!

“Amerikanın səsi” radiosunun verdiyi imkanlardan istifadə edərək, bu gün, Azərbaycan tarixinin ən böyük günü olan 28 mayda, Sizlərə xitab edirəm. 100 il davam edən çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi-Millisi Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır. Mədəni bütün bir mirasa malik olan vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda aparılan tarixi savaşların ən qanlısı XIX əsrin başlanğıcında Rusiya Çarlığına qarşı olub. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad Xanın 1804-cü ildə Gəncədəki şanlı qəzası dillərdə dastandır. “Ölmək var, dönmək yoxdur!” Bu, həqiqi vətənpərvərlərin tətbiq etdikləri ən müqəddəs şüardır.

28 may 1918-ci ildə istiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda o, zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. “Hər millət öz müqəddəratını özü həll etmək səlahiyyətindədir” düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi.
İstiqlal elanı üzərində qurulan milli Azərbaycan hökuməti az zamanda məmləkətdə çox böyük işlər gördü:

100 ildən bəri əsgərlikdən mən edilən Azərbaycanda bir ordu yaratdı;
Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan azərbaycanlılardan zabit və əmniyyət qüvvələri yaradıldı;
Sosial sahədə əsaslı islahata girişdi;
Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı;
Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı;
Xalqı az zamanda oxutmağa başladı;
Türkcəni dövlətin rəsmi dili elan etdi;
Orta və ali məktəblər açdı;
Qərbi Avropa demokratiyaları tipində xalq nümayəndələri cavabdeh bir hökumət idarə üsulu yaratdı;
Hakimiyyət Milli Məclisin əlində idi. Parlamentdən etimad almadıqca heç bir hökumət iş başında qala bilməzdi;
Məmləkətdə tam bir azadlıq vardı;
O zaman indi Sovet zamanında olduğu kimi terror deyilən şeydən bir əsər yox idi;
Şəxslər də, məskənlər də əmin və amanda idi;
Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hara istərsə gedərdi;
Qonşu və Avropa dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi;
Bütün millətlərlə alış-veriş vardı;
Bütün bunların nəticəsində idi ki, cümhuriyyətimizin istiqlalı Avropa dövlətləri ilə Birləşik Amerika tərəfindən tanındı. Onları təqibən böyük bir çox dövlətlər də istiqlalımızı tanıdılar;
Türkiyə ilə İran Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq müqavilələri imzalandı;
12 yanvar 1920-ci il cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi.
Bu günü Azərbaycan xalqı candan bayram etdi. Haqlı idi. Bu, həqiqətən böyük bir bayramdır. Çünki bu gündən etibarən Azərbaycan davası Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlərarası bir məsələ olmuşdu.
Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşdi və bu iləri dünya demokratiyası tərəfindən təqdirlə qarşılandı. 100 ildən bəri üstümüzə çökən istibdad və istila artıq bizdən uzaqlaşdı.
Heyhat! Qədər imtahanları tamam deyildi. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Beləcə istiqlalımız qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl, 28 aprel Sovet propaqandaçıları bu qanlı istila hərəkatını sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər.
Sözdə sizə dünyanın ən azad və demokrat rejimi kimi qələmə verilən sovet quruluşu işdə qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə qədər doğru olduğunu gözünüzlə görərdiniz.
Azadlığımızı əlimizdən alanlar millətdən qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar. Azadlıq elan etsinlər. Edə bilməzlər! Çünki ağla-qara meydana çıxar. Onlar şəbpərə (yarasa – red.) kimidirlər, günəşdən qaçarlar.
Azərbaycan, onunla bərabər bütün Qafqaz cümhuriyyətləri həqiqi azadlıq və istiqlalına 1918-in mayında qovuşdular. 1920-ci ildə isə bu azadlıq və istiqlal Qırmızı Rus Ordusu tərəfindən üstün qüvvələrlə, qanla və atəşlə basdırıldı. Faciələr və qəhrəmanlıqlarla dolu olan bu mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920-ci il istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqaz millətləri indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alan bu mücadilədə vaxtilə yalançı kommunist şüarlarına aldanan, yol azmış bəzi vətəndaşlar belə, bu gün həqiqi milliyyətçilər və vətənpərvərlər cəbhəsinə keçiblər. Yabançı istilası üzərinə əcnəbi məmləkətlərə çıxmış olan Qafqaz imiqrantları milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyəsinə anlatmaqdadırlar. Bu vəzifəni ifadədə nə kimi müşküllərə uğradığımızdan bəhs etmənin burada yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə kommunist rejiminə düşən millətlərin hər cür haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox çətin olmayıb. Şükür ki, hadisələr bizə kömək edir. Dünya Sovet həqiqətini görməyə başlayır. Səkkiz ildən bəri hərbi bitirmişkən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm bir dövlət halında ayaqda durduqca və dünya inqilabı atəşi ilə yandırmaq könlündən keçdikcə yer üzündə heç bir zaman sülh və asayiş olmayacaq.

Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz.
1918-ci ilin mayındakı tarixi qərarları ilə azad millətlər cəbhəsində yer alan Qafqaz millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır.
Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən Sovet diktatoru Stalin ölüb, amma onun ikiüzlü sistemi - stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqq ilə batil, yalan ilə doğru üz-üzə gəlməkdədir. Şübhəsiz ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqqlarını tutan tərəf qalib gələcəkdir.
Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-ci ilin 28 mayı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz.
Vətəndaşlar! Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər türlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqi ilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 may istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dilə gətirirəm:

“Sən bizimsən, bizimsən, durduqca bədəndə can.
Yaşa, yaşa, çox yaşa, ey, şanlı Azərbaycan!”

Ankara
"Azərbaycan" jurnalı № 247
1984-cü il
_________
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti