Siyasi vəziyyətimiz - Rəsulzadə yazırdı...

27-05-2018, 16:00
Oxunub: 499
"General Milnin bəyanatında Azərbaycan hökumətini “hökuməti-məhəlliyyə” təbiri ilə degil, “ələletlaq” tələffüz olunmuşdur"


Getdikcə ingilislərin Qafqasiya cümhuriyyətləri həqqindəki siyasətləri aşkar oluyor.

General  Tomsonun ikinci bəyannaməsini üçüncüsü Azərbaycan hökumətinin Azərbaycan ərazisi üzərində yeganə məşru bir hökumət olduğu həqqindəki bəyannanməsi təqib elədi.

Bu kərə də müttəfiqlərin Şərq orduları komandanı əlahəzrət İngiltərə kralı hökumətinin nümayəndəsi general Miln rəsmi surətdə Azərbaycan hökumətini tanıdığını bildirmişdir.

General  Milnin hökumət rəisi Fətəli Xan Xoyski həzrətlərinə vaqe olan bəyanatında Azərbaycan hökumətini “hökuməti-məhəlliyyə” təbiri ilə degil, “ələletlaq” tələffüz olunmuşdur.

General, Fətəli Xan Xoyski həzrətlərinə dedigini Tiflisdə dəxi Gürcüstan rəisi-hökuməti Jordaniya həzrətlərinə söyləmişdir.

Demək ki, Qafqasiyadakı cümhuriyyətlərin sülhi-ümumi konfransınca qəbuluna İngiltərə hökuməti səy edəcəkdir.

Səlahiyyətdar ingilis generallarının müttəfiqlər naminə hərəkət edən sahib kəlməsinə siyasət ricalının Qafqasiya məsaili həqqində söyləmiş olduqları bir sərih bəyanları heç şübhəsiz ki, Qafqasiya millətlərinə kəndi başlarına təyini-müqəddərat etmələrini istəməyən qızğın qafalı siyasət kərdənlərə soyuq su vəzifəsini görmüşdür.

Fətəli Xan həzrətləri general Miln ilə vaqe olan müsahibəsini Məclisi-Məbusana təbliğ edərkən məbusan bunu böyük bir məmnuniyyətlə tələqqi elədi. Divani-riyasətə tapşırdı ki, general təkrar şəhərimizdədirkən fürsətdən istifadə edərək məbusan naminə kəndisinə təşəkkür və məmnuniyyət izhar eləsin.

Məbusanın bu təşəkkürü Azərbaycanın təşəkkürüdür. Bu təşəkkürə istiqlalını göz bəbəyi kibi saxlamaq əzmində olan millət də iştirak eylər.

Müttəfiq dövlət nümayəndələrinin bu surətlə rəftarı şübhəsiz ki, cəmaətimizdə, cəmaət xadimlərimizə ruh verəcək, əzm və cəsarətlərinin birə on artmasına səbəb olacaqdır.

İngilis qüvvəsinin tərzi-hərəkətindəki bu sərahət, paytaxtımızda bulunub da başqa havalar tərənnüm edən bir para rusiyaçı partiyalarla, mətbuatın dəxi xətti-hərəkətlərini dəgişməyə səbəb oldu.

Sosial-demokrat və sosial-revolyusioner firqələrinə mənsub olan qəzetələr təğyiri-lisan edərək Azərbaycan istiqlalına təhəmmüllərindən, Azərbaycan parlamanına girmək istədiklərindən bəhs etməgə başladılar. Hətta “S-R”lər parlamana girmək arzusunda olduqlarını divani-rəyasətə yazdıqları bir müraciətnamə ilə dəxi bildirdilər.

Sosial-demokratların “İskra” adlı qəzetəsi millətlərin kəndi müqəddəratlarını kəndiləri təyin etməgə həqli olduqları əsasına “hər zaman tərəfdar ola gəldigindən” bəhs elədi. Əsas etibarilə Azərbaycanın Rusiya ilə birlikdə qalmasını Azərbaycan demokratiyasının mənafeinə daha faidəli görüyorsa da hal-hazırda Azərbaycan hökumətinin (olmuş bir iş) bir əmri-vaqe olduğunu da nəzərə aldığını söylədi. Azərbaycan Rusiya ilə meyli və arzusu ilə birləşsin, bu onun faidəsidir – dedi. Yoxsa Azərbaycan buna icbar edilməsin, icbar edilərsə bu böyük bir həqsizlik olur! Bu həqsizliyə isə hər kəsdən ziyadə sosial-demokratlar qarşı qoyarlar – deyə bəyanatda bulundu.

“İskra” daha iləri gediyor. Diyor ki, Azərbaycan istiqlalı bu gün onlardan ötrü bir şüardır. Çünki müstəqil Azərbaycanın yaxın bir istiqbalda öz meyli və arzu-rizası ilə təkrar Rusiya demokratiyası ilə bir muxtariyyət və ya federasyon əsası üzərinə birləşməsi ehtimal daxilindədir. Halbuki müstəqil degil, xarici bir Avropa dövlətinə mərbut olursa, o zaman Azərbaycan əbədiyyən Rusiyadan ayrı qalacaqdır.

Demək ki, bu gündən etibarən Azərbaycan istiqlalının müdafeləri zümrəsinə bir də sosialist partiləri daxil oluyorlar.
Bismillah, daxil olsunlar. Həqiqi sosialist olsalar bundan başqa rəftar edəməzlər. Bu rəftarə onlar imdi degil, çoxdan süluk etməlidilər.

– Heçdənsə gec!..

Məhəmməd Əmin Rəsulzadə
“Azərbaycan”, 28 qanuni-sani (yanvar) 1919, №99
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti