Lənkəranda zona müşavirəsi keçirilib

25-05-2018, 18:23
Oxunub: 259
Etibar Nəcəfovun mövzu ilə bağlı məruzəsi dinlənilib


Lənkəran şəhərindəki Heydər ƏliyevMərkəzində “Müasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi və dini durum” mövzusunda zona müşavirəsi keçirilib

Report-un məlumatına görə, tədbirdə Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon icra hakimiyyəti başçılarının müavinləri - icra hakimiyyəti yanında dini işlər üzrə komissiyaların sədrləri, təhsil, mədəniyyət, gənclər və idman idarələrinin, hüquq mühafizə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin rəhbərləri, bələdiyyələrin sədrləri, din xadimləri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Zona müşavirəsində Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun mövzu ilə bağlı məruzəsi dinlənilib.

Etnik-mədəni müxtəlifliklərin qorunmasının dövlət tərəfindən həyata keçirilən tənzimlənmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayan E.Nəcəfov bildirib ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayarkən Azərbaycan bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər əldə edib. Bunun əsas göstəricisi burada etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır.

Bildirilib ki, İslamın şiə və sünni məzhəblərə bölünməsi müsəlman dünyasının sosial-iqtisadi, siyasi, hərbi, mədəni sahələrdə geridə qalmasının əsas səbəblərindən biridir. Bu ayrı-seçkiliyin yaranması müsəlman aləmində qanlı toqquşmalara səbəb olub. Əfsuslar olsun ki, müasir dövrdə də əksər müsəlman ölkələrində şiə-sünni qarşıdurması bu və ya digər formada özünü büruzə verir. Bu qarşıdurma özünü həm ölkədaxili, həm də ölkələrarası müstəvidə göstərir. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, burada şiə-sünni qarşıdurması yoxdur.

“Qloballaşan dünyada, geniş kommunikativ imkanların mövcud olduğu bir şəraitdə zərərli dini bilgilərin qarşısını tam almaq mümkün deyil. Əsas prioritet məsələ zərərli təbliğata qarşı alternativ maarifləndirməni həyata keçirmək, məlumatların doğru, düzgün və milli dəyərlərimizə yad olmayan mənbələrdən əxz edilməsidir. Nəzərə alsaq ki, milli kimliyin formalaşmasına əsas xidmət göstərən elementlərdən biri dini kimlikdir, burada təkcə dövlət qurumları deyil, vahid cəmiyyətin hər bir fərdi olaraq, çalışıb ənənəvi dini dəyərlərimizi zərərli təsirlərdən qorumalıyıq”, - deyə E.Nəcəfov bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkədə milli-mənəvi dəyərlərimizin bərpasının, dövlət-din münasibətlərinin formalaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məsələlərin düzgün tənzimlənməsinə xüsusi diqqət yetirildiyini qeyd edib. Bir çox dini ibadətgahların, məscidlərin əsaslı təmir olunması, yenilərinin tikilməsini əyani sübut kimi göstərən icra başçısı bu gün ölkədə milli-mənəvi, dini dəyərlərə hörmətlə yanaşıldığını, tolerantlıq münasibətlərinin mövcud olduğunu bildirib. 

Məruzə ətrafında çıxışlarda dövlət-din münasibətləri istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti