Enerji Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib

23-05-2018, 19:00
Oxunub: 217
Bu cür görüşlərin davamlı təşkilinə görə təşəkkürlərini bildiriblər


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Enerji Gömrük İdarəsində iş adamları ilə növbəti görüş keçirilib. 

Bu barədə Report-a DGK-dan məlumat verilib. 

Gömrük-biznes əməkdaşlığı mövzusunda keçirilən görüşü İctimai Şura təşkil edib.

Xatırladaq ki, İctimai Şura Dövlət Gömrük Komitəsi sədrinin "Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması" haqqında sərəncamına əsasən təsis olunub.

Görüşdə Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimov Azərbaycan iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektorun rolundan, eləcə də sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən bəhs edib. Gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və daxili bazarın qorunması istiqamətində görülən işlər, elektron gömrük xidmətləri haqqında məlumat verilib.

İdarə rəisi Dövlət Gömrük Komitəsi tərəfindən son illər biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi və biznes subyektlərinə dəstəyin genişləndirilməsilə bağlı işlərdən də danışıb. Tədbir iştirakçıları xarici iqtisadi fəaliyyətin inkişaf etdirilməsi, dövlətin iqtisadi təhlükəsizliyi və iqtisadi maraqlarının qorunması, ticarət dövriyyəsinin sürətləndirilməsi və biznes subyektləri üçün əlverişli infrastrukturun qurulması sahəsində görülən işlər barədə də məlumatlandırılıb.

Daha sonra iş adamları gördükləri işlər barədə məlumat verərək xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə gömrük orqanlarının fəaliyyətini dəyərləndirib, həmçinin sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsilə bağlı bu cür görüşlərin davamlı təşkilinə görə təşəkkürlərini bildiriblər.

Sonda xarici iqtisadi fəaliyyət iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları cavablandırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti