"AŞPA-nın Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya heç bir əsasa söykənmir"

21-05-2018, 11:09
Oxunub: 191
"Çünki şəxsən Səməd Seyidovun bu korrupsiya məsələsinə aid olmasını sübut edəcək bir dəlil yoxdur"


"Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq edilən sanksiyalar heç bir əsasa söykənmir və qərəzlidir".

Report xəbər verir ki, bunu jurnalistlərə ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətin rəhbəri Azay Quliyev bildirib.

Onun sözlərinə görə qurumun bu addımı Azərbaycana qarşı yönəlib: "Çünki şəxsən Səməd Seyidovun bu korrupsiya məsələsinə aid olmasını sübut edəcək bir dəlil yoxdur. Hazırlanmış hesabat özü də ziddiyətlərlə doludur. Hesabat bütünlüklə Azərbaycana həsr olunub. Bu da təbii ki, üzücüdür və təəssüf hissi doğurur. Düşünürəm ki, AŞPA heç bir halda öz ali dəyərlərini kiçiltməməlidir. Hər hansı bir sifarişlə bir ölkəni xüsusi seçərək ona qarşı belə bir addım atılmamalıdır".

ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, bütün bunlara baxmayaraq Azərbaycanın Avropa Şurasından çıxması düzgün addım olmaz: "Çünki Azərbaycan qurumun ən fəal üzvlərindən biridir. Azərbaycan eyni zamanda Avropa Şurasının və onun Parlament Assambleyasının fəaliyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edən ölkələrdən biridir. Bəzi dairələrin təzyiqi altında, onların istəyi və təxribatı ilə Azərbaycanın öz qərarına yenidən baxmaq, AŞPA-dan çıxmaq kimi niyyəti yoxdur və olmamalıdır. Ola bilsin ki buna cəhd edənlər var. Bu cür layihələrın arxasında duran əsas məkrli planlar odur ki Azərbaycan və Avropa arasında münasibətlər korlansın. Avropa ilə əməkdaşlığa müəyyən xələl gətirilsin. Nəzərə alsaq ki bu gün Azərbaycan Avropa İttifaqı ölkələrinin əsas ticarət tərəfdaşıdır, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr icra olunur. Belə olanda hamıya bəllidir ki Azərbaycana qarşı məkrli işlərdə kim maraqlıdı".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti