Orucda məqsəd...

20-05-2018, 23:41
Oxunub: 1605
Nə yazıq ki, günümüzdə oruc əksər müsəlmanlar üçün yemək vaxtını dəyişməkdən başqa bir şey deyil


Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Bəqərə 183)

Ayədən görüldüyü kimi, oruc İslam dinindən öncə də mövcud olub. və bunu xatırlatmaqla Allah  təkcə müsəlmanlara deyil, öncəki iman etmişlərə də orucun vacibliyini bildirir və müsəlmanları psixoloji tərəfdən oruca hazırlayır.

Bəs orucun vacib olmasında məqsəd nədir?

Yəni ey iman edənlər, ey təqva (ruhunu, əxlaqını və vicdanını Allahın haram buyurduğu pisliklərdən çəkindirən) sahibləri, özünüzə və nəfsinə hakim olmağı, yoxsulluğun nə demək olduğunu idrak etmək üçün oruc sizlərə vacib edildi.

Adətən insanın başını dərdə salan ağlını əlindən alıb, vicdanının paslanmağına və qəlbinin qaralmasına iki əsas səbəb var. Cinsi şəhvətpərəstlik və yedikcə doymayan nəfs. Mütləqdir ki, müsəlman təqvalı bir insan olmağı qarşısına hədəf qoysun və bu iki hissinə nəzarət etməyi öyrənsin. Nəzarət etməsə, heç vaxt başı şəhvətdən ayılmaz və insan olmağa əmək sərf edə bilməz. Bu səbəbdən Allah nəinki, haram olana, hətta bir ay boyunca günün böyük bir hissəsini (sübh çağından gün batana qədər) öz halalına da yaxınlaşmamağı məsləhət görür. Halal olana qarşı dözümlülük göstərə bilən insan, haramdan uazaq durmağı da öyrənəcəkdir.

Çox əfsuslar olsun ki, günümüzdə müsəlmanlar Allahı düzgün anlamayıblar. Onlar sanki Allahın bizi aclıq ilə imtahan etmək istədiyini düşünür. Bu, yalnış düşüncədir. Əslində Allah bizim bir şəxsiyyət kimi yetişməyimiz, nəfsimizə hakim ola bilən müsəlman olmağımız üçün bizə yol göstərir. Nə yazıq ki, günümüzdə oruc əksər müsəlmanlar üçün yemək vaxtını dəyişməkdən başqa bir şey deyil.

Əli Şəriəti komfortu ruhun bataqlığı adlandırır. Bəli, insan yalnız nəfsinin rahatlığı üçün çalışarsa, ruhunu bataqlığa sürükləmiş olar. Ramazan ayı isə tam əksinə, nəfsdən tam vaz keçməyi, ona qarşı mütləq hakim olmağı öyrədir. Məhz nəfsdən vaz keçdikdən sonra insan öz ruhunu duymağa başlayar. Ramazan ayı ruhumuzun ayıdır. Bu səbəbdən də Allah insanlara yol göstərək, doğru ilə yanlışı ayırd etmək üçün Quranı Ramazan ayında endirməyə başlayıb. Bu ayda ruh həqiqətləri daha tez duyur və ona tərəf yönlənir. Sanki ruhumuz bu ay təmizlənir. Bir insan ehtiyac sahibi olan insanın halını nə vaxt dərk edə bilər? Özü də ehtiyac sahibi olarkən. Allah buyurur ki, bir ay ərzində günün bir hissəsini ehtiyac içində olun və bütün il ərzində ehtiyac içində yaşayan insanların halını anlayın. Lüks avtomobildə gəzib ən seçmə qidalarla bəslənən məmur bir qarın yeməyə belə həsrət qalan yoxsulun halından necə anlaya bilər axı?

Ramazan ayında Allah yoxsul və kimsəsizləri ziyarət etməyə, onlarla bir süfrəyə oturmağa dəvət edir. Gəlin, bütün günü ac olan birinin quru çörək ilə iftar etməsinə şahid olun. Bu bir ay ərzində onlardan biri olun. Peyğəmbərimiz daima bu ənənəyə sadiq qalıb. O, yoxsullarla süfrəsini bölüşməyi yüz növ nemət olan  süfrədən üstün tutardı. Çünki bu süfrədən onun mədəsi deyil, ruhu qidalanardı.

Əgər bir məmur sidq ürəkdən bir ay oruc tutub, yoxsullar ilə bir yerdə iftar edərsə, ay bitdikdən sonra bir daha xalqın malına əl uzatmaq istəməz. Əl uzatmaq istəsə də vicdanı onun şah damarından yapışıb onu öz-özü ilə hesaba çəkər.

Amma heyif, çox heyif bu gün ac qalanların sayı artsa da oruc tutanların sayı azalır. Əgər Ramazan ayından sonra cəmiyət yenə də hərislikdən və nəfsinə qul olmaqdan vaz keçməyibsə, deməli bir ay boşuna ac qalıblar.

Allah yurdumuza həqiqi Ramazan, xalqımıza isə xalis bir orucluq yaşamağı nəsib etsin.

Zaur Qəhrəmanlı
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti