Bu gün Azərbaycan Premyer Liqasında bürünc medalçı məlum olacaq

20-05-2018, 10:59
Oxunub: 3978
XXVIII turun oyunları iki günü əhatə edəcək


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünün son turuna start veriləcək.

Etatist.com-un məlumatına görə XXVIII turun oyunları iki günü əhatə edəcək.

Dörd qarşılaşmadan 2-si formal xarakter daşıyacaq. Bunlar “Qarabağ” – “Qəbələ” və “Səbail” – “Keşlə” görüşləridir. Ağdam təmsilçisi çempionluğu, “qırmızı-qaralar” gümüş medalları təmin etdikləri halda, digər iki paytaxt təmsilçisinin hazırda qərarlaşdıqları 6 və 7-ci pillələrdəki mövqelərini dəyişmək imkanları yoxdur.

Turun daha 2 qarşılaşmasının nəticələri isə həm bürünc medalçının müəyyənləşməsi, həm də avrokuboka vəsiqə baxımından son şans sayılan 4-cü pillə uğrunda mübarizədə həlledicidir. Mövsümü 3-cü sırada bitirməyə ən şanslı komanda “Neftçi”dir. “Ağ-qaralar” I Diviziona düşməsi rəsmiləşən “Kəpəz”i Gəncədə udmaqla, məqsədlərinə nail ola bilərlər.

Hazırda 43 xalla 3-cü yerdə qərarlaşan paytaxt təmsilçisi heç-heçə edəcəyi təqdirdə də medalçı olmaq imkanına malikdir. Bunun üçün 41 xalla 4-cü olan “Zirə”nin “Sumqayıt”a qalib gəlməməsi şərtdir. “Ağ-qaralar” uduzacaqları təqdirdə mövqeyini qoruya bilər. Bir şərtlə ki, Sumqayıtdakı matçda heç-heçə qeydə alınsın. Çünki həm “Zirə“ (2:0, 1:0, 1:1, 0:3), həm də “Sumqayıt” (1:0, 1:2, 2:0, 2:2) şəxsi oyunlarda “Neftçi”dən üstündürlər.

Hazırda 40 xalla 5-ci pillədə qərarlaşan “Sumqayıt” ən azı 4-cü olmaq üçün mütləq qalib gəlməlidir. “Zirə” isə heç-heçə təqdirində də mövqeyini qoruyacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının qalibi Çempionlar Liqasına, gümüş və bürünc medalçılar isə Avropa Liqasına vəsiqə qazanırlar. Lakin 4-cü yeri tutacaq komandanın da avrokuboka düşmək şansı var. Bunun üçün mayın 28-də Azərbaycan Kubokunun finalında “Qəbələ”nin “Keşlə”ni üstələməsi lazımdır. Əks halda, Avropa Liqasına 3-cü vəsiqə Yuri Maksimovun baş məşqçi olduğu komandaya nəsib olacaq.

Mayın 21-də baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək. Məhz bu səbəbdən, görüş “qırmızı-qaralar”ın meydanında deyil, qarşılıqlı razılaşmaya əsasən, “Azərsun Arena”da baş tutacaq. Bürün medalçının da tədbirdə iştirakı üçün qarşılaşma bazar ertəsinə təyin edilib.

Azərbaycan Premyer Liqası, XXVIII tur

20 may (bazar)

17:15. “Səbail” – “Keşlə”

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Murad Məmmədov

“Bayıl Arena”

17:15. “Kəpəz” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

17:15. “Sumqayıt” – “Zirə”

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Şahin Cəfərov

“Kapital Bank Arena”

21 may (bazar ertəsi)

19:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əli Hüseynov

“Azersun Arena”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti