Romanın xilaskarı - Rüşvәtlә günahlandırılıb kәdәrdәn ölәn komandir

18-05-2018, 16:00
Oxunub: 734
"Tanrıya dua edəcəyəm ki, mənim kimi komandirləri Romanın üstündən əskik etməsin"


Romalı dövlət xadimi və əsgər olan Ssipion tarixin ən yaxşı komandirlərindən biridir. O, məşhur karfagenli Hanniballa olan Zama döyüşündə qalib gələrək adını tarixə yazdırmışdır. Romanı Hannibaldan xilas edən general kimi tanınır.

Publi Korneli Ssipion e. ə. 236-cı ildə doğulmuşdur. O, ilk dəfə atasının komandirliyini etdiyi Tisinius döyüşündə döyüşmüşdür.

Ssipion Karfagenin hücumlarından qorunmaq üçün cənubi İspaniyanı ələ keçirmiş, sonra da Romaya qayıdaraq konsul seçilmişdir. Həmin vaxtlar Roma Hannibalın hücumları ilə məşğul idi. Ssipion inanırdı ki, Hannibalı ancaq birbaşa Karfagenə hücum etməklə devirmək olar. Buna görə də könüllü romalılardan dəstə toplayaraq bir ordu qurur və e.ə. 204-cü ildə Afrika sahillərinə gedir. Burada karfagenliləri və digər müttəffiqləri məğlub edir və düşmənlərini sülh bağlamaq məcburiyyətində qoyur.

Hannibal e.ə. 202-ci ildə Afrikaya qayıtması Roma və Karfagen arasındakı gərginliyin yenidən başlamasına səbəb olur. Bu gərginliyi, onlar arasındakı qarşıdurmaları Zama müharibəsi sonlandırır. Bu döyüşdə iki bacarıqlı komandir - Hannibal və Ssipion qarşı -qarşıya gəlmiş, Roma ordusu Hannibalın ordularını Zamada məğlubiyyətə uğratmışdır.

Bu döyüşdən sonra Ssipion Afrikadakı uğurlarına görə Afrikalı ləqəbini qazanmışdır. Sonra Romaya qayıtmış, e.ə. 199-cu ildə Senatda rəhbərlik etmiş, daha sonra da iki dəfə konsul seçilmişdir.

E.ə. 190-cı ildə qardaşıyla bir yerdə Asiya sahillərində səfərlərdə iştirak etmiş, Selevkilərin kralı, məşhur Antioxun qarşısına çıxmışdır. “Maqneziya” döyüşündə Ssipion Antioxu məğlub edərək necə böyük bir komandir olduğunu bir daha göstərmişdir.

Bu döyüşdən sonra bir sülh müqaviləsi imzalanmış, lakin şərtlərin nisbətən yüngül olması romalıların qəzəbinə səbəb olmuşdur. Ssipionun rəqiblərinin müxalifət etməsi ilə birlikdə romalılar onu və qardaşını rüşvət almaqda günahlandırmışlar.

Bütün bunlardan olduqca kədərlənən Ssipion belə bir çıxış edir: “Mən Romanın ən pis günündə onu Hannibaldan xilas etdim. İndi məni rüşvət almaqla ittiham edirsiniz. Gedib Tanrıya dua edəcəyəm ki, mənim kimi komandirləri Romanın üstündən əskik etməsin.” Sonra Kapitola gedib dua edir və ardınca da dövlətdəki vəzifəsindən imtina edərək, Liternumdakı evində yaşamağa başlayır.. Orada 3 il yaşayan Ssipionun sonralar rüşvət almadığı aydınlaşdırılsa da, o, qəhər və kədərdən vəfat edir.

O, bir çox tarixçilər tərəfindən dünyanın ən məharətli komandirlərindən biri hesab edilir. Hannibal “Maqneziya” döyüşündə Antioxa taktikalar verərək, yol göstərmiş, lakin kral təkəbbüründən bu məsləhətlərə qulaq asmamışdır. Bəzilərinə görə Antiox bu üsulları dinləsəydi, Ssipionu məğlub edə bilərdi. Publi Korneli Ssipionun vəsiyyəti ilə qəbir daşına “Nankor Vətən, sənə sümüklərimi verməyəcəyəm” yazılmışdır.
Tərcümə: İlkay Əliyeva
Mənbə: tarihkomplo.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti