Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb

17-05-2018, 17:00
Oxunub: 209
Tərəflər birgə təlimlərin, idman, bilik yarışlarının keçirilməsi və bir sıra digər məsələləri müzakirə ediblər


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov, Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi briqada generalı İsmayıl Güzeller və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru polkovnik Zaza Caparidze ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il martın 31-də Giresun şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən hər üç ölkənin hərbi təhsil müəssisələri rəhbərlərinin Bakıda keçirilən görüşü çərçivəsində aparılan müzakirələrin, təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən müdafiə naziri bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.
 
General-polkovnik Z. Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin Bakıdakı tədbirinin hər üç ölkənin müdafiə nazirləri və Silahlı Qüvvələri Baş Qərargah rəislərinin bu günədək keçirdikləri görüşlərin davamı kimi qiymətləndirib, bu əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
 
Tərəflər, həmçinin hər üç ölkənin hərbi təhsil müəssisələri arasında kursantların qarşılıqlı təhsil almaları, birgə təlimlərin, idman, bilik yarışlarının keçirilməsi və bir sıra digər məsələləri müzakirə ediblər.
 
Görüşün təşkilinə və qonaqpərvərliyə görə general-polkovnik Z. Həsənova minnətdarlıqlarını ifadə edən məktəb rəhbərləri Bakıda aparılan üçtərəfli səmərəli müzakirələrin təmsil etdikləri ali hərbi təhsil müəssisələri arasında əlaqələrin daha da inkişafına, birgə fəaliyyətlərin həyata keçirilməsi işinə mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti