Dəbin nizamını yenidən quran dərzi - Koko Şanel

17-05-2018, 16:00
Oxunub: 3015
"Dəb bitər, tərz qalar"


Onun həyatı sanki Göyçək Fatimənin nağılı kimi başlamışdı. Ancaq onun kimi saray pilləkənlərındə yadından çıxardığı ayaqqabısının arxasınca gələn şəhzadəni gözləmədi. Özünə yeni bir ayaqqabı hazırlayan, üsyankar, gözəl, kiməsə ehtiyacı olmayan, bəzilərinə görə özündənrazı, kimiləri üçünsə heyrət doğuran bir kraliça - Koko Şanel kimi yaşadı həyatını..

Qabriella Şanel

1983-cü ildə təmizlik işləri ilə məşğul olan bir qadının ikinci övladı olaraq gözlərini dünyaya şanssız açan uşaqlardan biri olur. Köçəri həyat yaşayan atası Albert Şanel at arabası ilə qəsəbələrdəki bazarları dolaşaraq səyyar satıcı olaraq işləyir. Kiçik qızının yeddi yaşı olduqdan sonra sevdiyi qadın ilə ailə həyatı qurur. Bundan 5 il sonra isə vərəm xəstəliyinə düçar olduğuna görə hələ iyirmi yaşında olan həyat yoldaşı  Janna ölümündən sonra arxasında beş uşaq buraxıb gedir.

Gənc anasının ölümündən sonra, onsuz da məsuliyyətsiz olan atası Albert oğlan uşaqlarını işləmək üçün tarlalara, Koko və bacısını isə katolik monastırının internat məktəbinə göndərərək ortadan qeyb olur. Monastırın sərt və olduqca ciddi, intizamlı həyatı Qabriellanın ruhu üçün dözülməz bir əziyyətə çevrilir. Bu intizamlı və katolik inancın çətin şərtləri ilə baş açmaq məcburiyyətində qalsa da, o, buna boyun əyməyəcək, öz istədiyi həyatı yaşayacaq və ömrünün sonuna kimi “yetimxana” sözünü əsla dilinə gətirməyəcəkdi..

Yaşadığımız zamanda insanlar həyatı sorğu-sualsız, qəlizləşdirmədən yaşamağı seçirlər. Tale adlandırılan müstəvidə həyatlarının gedişatını dəyişdirmədən ömürlərini başa vurular. Bəziləri isə bu müstəvinin digər tərəfi ilə maraqlanır, qarşılarına qoyulanla kifayətlənmir və böyük bir coşğu və ya əzmlə arzuladıqları həyat üçün mübarizə aparırlar. Qabriella da bu insanlardan biri olur.

18 yaşı olanda artıq monastırda qalmaq üçün yetərincə böyümüş sayılan Qabriella əlinə düşən bu fürsəti dəyərləndirərək bacısını da yanına alıb katolik qızların yaşadığı, Fransanın Obazin şəhərində yerləşən bir evə köçür. 6 il ərzində tikiş tikməyi öyrənir. Dərzi olaraq işləməyi qarşısına məqsəd qoyan Şanel fransız zabitlərinin geyimlərini hazırlayan bir atelyedə işləməyə başlayır. Onun işlədiyi yerə tez-tez gedib gələn fransız zabitləri arasında olan gənc Etiyen ilə tanış olur. İlk görüşdə bir -birilərinə aşiq olurlar. Etiyen onun üçün ilk sevgisi və Qabriella adını unutdurub əvəzinə “Koko” nu yaradan biri olur.

Tanış olduqları gün Etiyen onu fransız zabitlərinin getdiyi "Café Chantant" adlanan əyləncə məkanına dəvət edir. Onun üçün də gənc qız ilə belə bir məkana gəlmək ilk olur. Qadınlar, zabitlər, qəhqəhələr və səhnə...

Etiyen Qabrielladan özü üçün bir mahnı ifa etməsini xahiş edir. Məcburi də olsa, səhnəyə çıxan Qabriella ”Qui qu’a vu Coco I’Trocadero?” ("Kokonu Trokaderoda kim gördü?") adlı mahnını ifa edərək Koko Şanel olaraq ilk dəfə o gecə dünyaya göz açmış olur...

Dəbin nizamını yenidən quran dərzi - Koko Şanel

O gecə onu izləyən və heyran qalan Etiyen Şanelə birlikdə yaşamaq təklifi edir, amma bu evlilik təklifi olmur. Şanel isə qarşısında olan maneələrdən qurtulmaq üçün onu xilaskar kimi görür və təklifi qəbul edir. Beləliklə, onun üçün Paris ətrafındakı Royalyö qalasında boyun əymək istəmədiyi həyatı bitmiş və yeni bir həyat başlamış olur.

Parlaq bir həyat mübarizəsi...

Etiyen Balzan ilə 3 il həyəcan doğuran bir həyat yaşasa da, yenə də tam olaraq xoşbəxt ola bilmir. Etiyenin tez-tez təşkil olunan dəvətlərin, qonaqların ev sahibi kimi olması Şanel üçün heç uyğun deyildi.

Koko bir gün papaq mağazası açmaq qərarına gəlir. Sevgilisi bu istəyin hər nə qədər absurd olduğunu düşünsə də, o mağazanı açmaq üçün ona yardım edir. Vulqarlıqdan çox uzaq, son dərəcə sadə olan bu papaqlar isə heç kim tərəfindən bəyənilmir.

Etiyenin təşkil etdiyi dəvətlərin birində onun dostu, ingilis yuxarı təbəqəsinə mənsub, aristokrat bir ailədən gələn Artur “Boy” Şapel də iştirak edir. O gecə bir-birilərini görüb, heyran qalan cütlük hər şeyi arxalarında buraxaraq Parisə gedirlər. Beləliklə, Koko Etiyeni tərk edir.

Boy Şapel Şanelin edəcəklərinə çox inanır və hazırladığı papaqların təqdimatı üçün bir gecə təşkil edir. Gecənin əsas qonağı isə Boyun dostu Kraliça Viktoriyanın nəvəsi Şəhzadə Viktoriya Melita olur. Şəhzadə Kokonun hazırlamış olduğu və heç cürə sata bilmədiyi ilk qırmızı papağı həmin gecə geyinmiş olur. O gündən sonra isə Kokonun mağazasının önü müştərilərlə dolub daşmağa başlayır.

Dəbin nizamını yenidən quran dərzi - Koko Şanel

"Xoşuma gələn şeyləri dəbə gətirmək üçün deyil, bəyənmədiklərimi sıradan çıxarmaq üçün bu peşəni seçdim..."

1910-cu ildə 21 papaq mağazası olan Şanelin özündə zərafəti əks etdirən və xüsusi dizayn edilmiş geyimləri zaman-zaman papaq mağazalarını əvəz etməyə başlayır.

Sadəlik və zərafətdən əsla vaz keçməyən Koko “ mən zövqsüzlüyü dərk edirəm” deyəcək qədər özünə güvənir, qadınların tüklü, piləkli, iri papaqlarına, korsetli, qabarıq ətəklərinə, olduqca gözə batan və təmtəraqlı geyimlərinə istehza edərək gülür və alçaldırdı.

Onun fərqliliyi ilk vaxtlarda ətrafındakılara olduqca təəccüblü gəlirdi. Amma daha sonralar isə onlarda maraq doğurmuş və onu qəbul etməyə başlamışdılar.

Ona həmişə dəstək olan Şapel ilə uzun müddət xoşbəxt zaman keçirsələr də, o, Şanelə qarşı heç bir zaman dürüst davranmır. 9 il sonra aristokrat bir ingilis qadınla ailə qurur, amma buna baxmayaraq, Koko ilə bağlarını heç bir şəkildə qopara bilmir. Boy Şapelin avtomobil qəzası ilə dünyasını dəyişdiyi gün Koko da onu yalnız buraxmır və bundan sonra “Onun ölümü mənim üçün böyük bir zərbə oldu. Şapeli itirdiyim gün əslində, hər şeyimi itirdim. Həyatda başıma gələn bütün xoşbəxt anlarımı onunla birlikdə itirdiyimi söyləmək məcburiyyətindəyəm” deyə bir açıqlama verir.

Dəbin nizamını yenidən quran dərzi - Koko Şanel


"Dəb küçələrə qədər gedib çatmırsa, demək ki, o dəb deyil..."

Qadınlar üçün şalvarı ərsəyə gətirən də məhz o, oldu. Matəm rəngi sayılan, yas mərasimlərində geyinilən qara rəngi dəbin baş tacı etdi. Aristokrat ingilis kişilərinin geymiş olduğu tüvid parçadan öz adını daşıyan və heç vaxt köhnəlməyən pencəyi yaratdı. "Tiffanidə səhər yeməyi” filmində iştirak edən Odri Hepbernin qara paltarı və taxmış olduğu mirvari sırğası da onun əsərlərindən biridir. Bir iş qadını kimi günəş saçması ilk zamanlar dəstəklənmədi, daha sonra isə dünya bürüncləşmiş dəb ilə tanış olur və bu sahə olduqca böyük bir sektor kimi hər yeri bürüməyə başlayır.

Sonra kişilər kimi pijamaya bənzər şalvarlarla gəzməsi, ayaq biləklərini ortaya çıxaran ətəkləri, idman, dəniz, dənizçi geyimləri, bijuteriyaları...

Bütün bunları öz tərzini qurban vermədən həm geyindi, həm də digərlərini geyindirmiş oldu..

Atatürkün istəyi ilə türk əsgərlərini də geyindirdi..

Sadəcə dünya qadınlarını deyil, eyni zamanda türk əsgərlərinin də geyimlərini o hazırlayır. 1930-cu ildə Atatürk Türk Silahlı Qüvvələrinin üniformalarını Koko Şanelə həvalə edir. Baxış bucağının nə qədər geniş olduğuna şübhə edilməyən Komandirin istəyi ilə türk ordusu 1980-ci illərə kimi məşhur modelyerin imzasını daşıyan uniformaları geyinmiş olur.

Dəbin nizamını yenidən quran dərzi - Koko Şanel

Dəb bitər, tərz qalar...

1939-cu ildə İkinci dünya müharibəsi başladığı ərəfələrdə Şanel bütün mağazalarını bağlayır. Ancaq evində "haute couture (high fashion)" geyimlər tikərək o dönəmi başa vurur. Beləliklə, yalnızlıq illəri başlamış olur. İsveçrədə təkliyə çəkilərək on üç il ərzində yalnızlığını davam etdirir.

On üç ilin sonunda Paris dəb dünyasında fırtınalar coşduran Kristian Diordan bəhs edir. Bu xəbərlə çəkildiyi yalnızlıqdan çıxan Şanel Parisə qayıdır. Gecə-gündüz çalışaraq yeni modellər yaradır və qəribə də olsa, Şanelin yeni modelləri Amerikada böyük maraq doğurur. Fransız mətbuatı üçün yaşlı olsa da, Chanelin zərif və olduqca rahat əl işləri bütün mağazalarda yenidən həyata qovuşur.

Müasirlikdən və zəriflikdən fərqli gözləntiləri olanları nəzərə almadan Şanel dəb dünyasına öz damğasını çoxdan vurmuşdu. “Dəb bitər, tərz qalar” deyərkən bu günümüzə qədər gəlib çatan və ona sadiq qalan özünəməxsus bir yol həmişə var və olacaq da.

Dəbin nizamını yenidən quran dərzi - Koko Şanel

Bazar günlərinə nifrət edirdi

Sevgidə axtardığını tapa bilməyən Şanel özünü işinə verdiyi günlərdə belə həmişə ailə həsrəti çəkərdi. Bazar günlərində həmişə şahid olduğu xoşbəxt ailə tablosunu daima işləməklə unutmağa çalışardı.

1971-ci ildə 87 yaşında son zamanlarını keçirdiyi "Hotel de Ritz"dəki otağında bəlkə də Tanrının da şahid olduğu, nifrət etdiyi bir bazar günü həyat ilə vidalaşmışdır.

Kiçik yaşlarında yaşadığı çarəsizlikləri, yoxsulluğu və əzilmək duyğusunu yaşayıb, bunların əvəzini 100 qat, bəlkə də 1000 qat çıxara bilənlərdən biri idi Şanel..

Yaşayarkən əfsanəyə çevrilən həyatı Hollivudda musiqilər, kitablar və filmlər üçün əsas mövzu sayılan və heç bir zaman həyata baş əyməyənlər sırasında idi Şanel..

Ailəsindən və keçmişindən əsla bəhs etməyən, iş həyatındakı kişilərlə çiyin-çiyinə çalışan, dünyaya uyğunlaşmaq əvəzinə, öz dünyasını yaradanlardan biri idi Şanel..

Onun həyatı, sabit həyat yaşayan bir qarışqa kimi deyil, ayaqlarını qanadaraq nallarından azad olan vəhşi bir atın hekayəsi kimidir. Öz hekayəsini azad şəkildə tamamlayanlardan biridir Koko Şanel...
Tərcümə: Xəyalə Vahabzadə
Mənbə: sanatkaravani.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti