Argentinanı ağladan qadın - Yeva Peron

15-05-2018, 16:00
Oxunub: 319
"Bugünkü həyatımı, nələr hiss etdiyimi anlamaq üçün həyatımın ilk illərinə, ilk hiss etdiyim duyğulara dönmək lazımdır"


Otuz üç illik qısa, amma fırtınalı həyatına sığdıra bildiyi ilə ölümündən sonra belə şöhrətini qoruyan Yeva Peron haqqında bu gün belə mahnılar, filmlər, kitablar, müzikllar hazırlanır. Xalqın sevgisini ifadə edən Kiçik Yeva mənasındakı Yevita ismi ilə bütünləşən Yeva Peron bu gün Argentina deyiləndə ağla gələn ilk isimdir. Ölümünün 60-cı ilində, 2012-ci ildə Argentinada kağız pullara portreti vurulan ilk qadın olmaq ünvanını əldə edərək hələ də adından söz etdirir.

Yeva 1919-cu ilin mayın 7-də, anasından başqa bir qadınla evli olan atasının onu istəməməsinə rəğmən dünyaya gəlir. Onsuz da atası onu heç vaxt qəbul etmir və elə də çox görmür.

15 yaşında yoxsulluqdan qurtulmaq, çəkdiyi əzablara son vermək və ən önəmlisi nüfuzlu biri ola bilmək üçün doğulduğu Los Toldosdan Buenos-Ayresə qaçır. Ümid etdiyinin əksinə, Buenos-Ayres də ona heç yaxşı davranmır. İş tapmaq zənn etdiyindən çətin olur, ac və pərişan günlər keçirir. Çox az maaşla radioda işləməyə başladıqdan sonra qazancını artıra bilmək üçün salonlarda kiçik rollar ifa etməyə başlayır.

İstedadı sayəsində radio, şoular və teatr üçbucağında gün keçdikcə daha da yüksəlir və tanınır. 1943-cü ildə adı həm aktrisalıq bacarığı, həm də radio proqramları ilə məşhurluq qazanır. Hətta o dövr üçün rekord sayıla biləcək bir ödənişlə radiodakı kontraktını yeniləyir.

1944-cü ildə həmin il baş verən San Xuan zəlzələsinin yaralarını sarımaq üçün Luna Park stadionunda təşkil olunan yardım aksiyasında özündən 24 yaş böyük Polkovnik Xuan Peronla tanışlığı onun həyatını dəyişir.

Yeva ilə tanış olduğu dönəmdə hakimiyyətə qarşı çevrilişdə aktiv rol oynayan Polkovnik Əmək və Sosial Müdafiə Nazirliyində zəkasından və işığından təsirləndiyi bu gənc qıza həmin nazirlikdə təşkilatlar üzrə katiblikdə iş təklif edir. Bu, onların yaxınlaşmasında dönüş nöqtəsi olur.

6 il öncə yoldaşını uterin xərçəngi səbəbindən itirən polkovnikin qəlbi boş idi. Yeva gəncliyi və gözəlliyi ilə onun gözlərini qamaşdırır. Üstəlik, 1945-ci ildə sivil çevriliş səbəbilə həbs olunan polkovnik Peron azadlığına heç gözləmədiyi şəkildə qovuşur, belə ki, sevgilisi Yeva təşkilatları yönləndirərək keçirdiyi tətillərlə onun sərbəst buraxılmasına nail olur.

Bir çox mənbə və cütlüyün yaxın əhatəsi onların əslində, bir-birlərinə böyük bir eşqlə bağlı olmadıqlarını deyir. Əslində, bu evlilik ikisinin də həyatındakı önəmli əskiklikləri bərpa etməyə istiqamətlənmiş bir ehtiyac idi. Argentina prezidentliyinə hazırlaşan Polkovnik Xuan Peronun xalqın gözündəki eşqbaz obrazından qurtulmağa və prezidentliyi müddətində yanında dayanacaq güclü bir qadına ehtiyacı var idi. Yeva isə çəkdiyi yoxsulluqdan və qeyri-qanuni bir uşaq kimi böyüməyin travmasından yalnız Xuan Peron kimi zəngin, güclü və yuxarı təbəqədən biri ilə evlənərək xilas ola bilərdi.

Bu evlilikdən sonra cütlüyün həyatı getdikcə daha qəribə bir vəziyyətə düşməyə başlayır. 1946-cı ildə keçirilən seçkilərdə namizədliyini irəli sürən Xuan Peron həmin ilin fevralında Argentina prezidenti olur. Yevanın bu dövrdəki xalqın qəlbini qazanan davranışları və zəkası ilə etdiyi işlər, nitqlərindəki təsirlilik də Xuan Peronun seçkilərdəki qalibiyyətinə səbəbiyyət verən əsas faktordur. Yeva yoldaşının prezidentliyi dövründə də həmişə onunla birgə hərəkət edir və siyasətdə aktiv rol oynayır.

Yeva seçkilərdən sadəcə üç gün sonra xalqa səsləndiyi təşəkkür nitqində əvvəla argentinalı qadınlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirir, sonra da onların həyatdakı və siyasətdəki bərabərlik problemlərini çözəcəyinə söz verir. Bundan bir neçə həftə sonra Argentinada qadınlara seçki və seçilmə haqqı verilməsi ilə bağlı qanun layihəsinin hazırlanmasında önəmli rol oynayan Yeva Peron böyük müxalifətə rəğmən 1974-cü il sentyabr ayında qanunun qəbul olunmasına müvəffəq olur.

Xuan Peronun prezidentliyi dövründə yaratdığı və idarə etdiyi "Yeva Peron Vəqfi" Yevita adını qazanmasında ən önəmli faktorlardan biridir. Xalq bu dönəmdə ona müqəddəs kimi münasibət göstərirdi. "Yeva Peron Vəqfi" vasitəsilə Yevita bütün yoxsul və işçilərin sevimlisi olur.

1949-cu ildə yenə özünün qurucusu olduğu Peronist Qadın Partiyası layihəsini reallaşdırır və bu partiyanın sədrliyini həyata keçirir. Yalnız Yevanın ciddi bir problemi var idi, bu gənc, ambisiyalı və uğurlu qadının ağrıları dözülməz hal almış, beləcə, narahatlığını gizləyə bilməyəcəyi bir vəziyyətə düşmüşdü. Həyat yoldaşının məcburi apardığı həkimlər ona o dəhşətli proqnozu qoyur. Tale bir daha Polkovnik Peronu hədəfə almışdı. Yeva da eynən ilk evliliyində olduğu kimi uterin xərçəngi idi və vəziyyəti günü-gündən daha da pisləşirdi.

Yevita qadınların ilk dəfə səsvermədə iştirak etdiyi 1951-ci ildə 00001 nömrəli seçici kimi xəstəxanada səs verir.

O, Argentina tarixində ilk kimyaterapiya tətbiq olunan qadın olmasına baxmayaraq, dünyanın ən məşhur onkoloqu amerikalı Corc Pek tərəfindən əməliyyat edilməsinə rəğmən həyata tutuna bilmir və bütün xalqı gözü yaşlı qoyaraq 1952-ci ilin iyul ayında axşam saat 22:25-də 33 yaşında həyata gözlərini yumur.

Ardında buraxdığı, ölmədən öncə yazdığı iki kitabdan birincisi olan "Həyatımın anlamı"nda həyatının xülasəsini bu iki cümlə ilə ifadə etmişdi: "Bugünkü həyatımı, nələr hiss etdiyimi anlamaq üçün həyatımın ilk illərinə, ilk hiss etdiyim duyğulara dönmək lazımdır. Hər yaşadığım haqsızlıq həyatımda dərin yaralar açıb və qəlbimin dərinliklərində bu haqsızlıqlara qarşı bəslədiyim qəzəb bütün həyatımı istiqamətləndirib."

Yevitanın ölümündən sonra milyonlarla insan yas saxlayır, üç gün qeyri-iş günü  və otuz gün isə milli matəm günü elan olunur. Cənazə kortejində iki milyondan çox insan iştirak edir və təxminən üç yüz nəfər izdihamdan dolayı zədələnir. Cənazə öncəsi və sonrası çəkilişlər üçün "20th Century Fox" şirkəti və rejissor Edvard Krondjaqer təyin edilir. Sonralar bu fotoların bir çox sənədli filmdə istifadə edildiyini görürük.

Xalqın Yevitaya qarşı olan bu bağlılığından bir az da faydalanmaq üçün Xuan Peron onun mumiyalanmasına qərar verir. Mumiyalama işi üçün Vyana Universiteti Anatomik Patalogiya məzunu bu işdə təcrübəli həkim Pedro Araya məsuliyyət verilir. İki ilə yaxın davam edən işlər nəticəsində Yevitanın üzünün xəstəlik öncəsi parlaqlığına qayıtması üçün dövrünün çox fövqündə texnologiya ilə mumiyalama edildiyi bildirilir.

Argentinanı ağladan qadın - Yeva Peron

İqtidardan endiyi günə qədər evinin baş ucunda bütün dəvətlərdə görülə biləcək formada onun mumiyasını saxlayan Xuan Peronun evindən Yevitanın mumiyası 1955-ci ildə əsgərlər tərəfindən aparılır. Onun bir neçə il çətin şəraitdə saxlandığı deyilir. Bəzi dönəm avtokranlarda küçələrdə, bəzən hərbi depolarda saxlanılıb, nəhayət, 1957-ci ildə Vatikanın səyləri ilə Milana gətizdirilir və artıq hüzura qovuşması üçün başqa bir adla dəfn edilir. 


1970-ci ildə mumiyanın ölkəyə yenidən gətirilməsi fikri ortaya çıxır və bununla bağlı ən dəqiq çalışma General Lanus tərəfindən həyata keçirilir. Generalın əmri ilə izləri tapılan mumiya Milandakı məzarından çıxarılır. Ümumən yaxşı durumda olsa da, bir barmağın əskik və vücudunda bəzi çatışmazlıqlar olduğu müəyyənləşdirilən Yevitanın bədəni Argentinaya gətirilərək üzərində ciddi bərpa işləri görülür.

1974-cü ildə təkrar prezident seçilən Xuan Peron 1975-ci ildə keçirdiyi infarkt nəticəsində dünyasını dəyişir. Xuan Peronun ölümü ilə əvəzinə prezidentliyə keçən üçüncü xanımı İzabel Peron Yevitanı Buenos-Ayresdəki dünyanın ən məşhur xiyabanlarından biri olan La Rekoletadakı Peron ailə qəbirstanlığında dəfn etdirir və Yevitanın bədəni nəhayət hüzura qovuşur.
 
Tərcümə: Xuraman Məmmədova
Mənbə: rotadisi.com.tr
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti