Kosmosa göndərilən mahnı - "Across the universe"

10-05-2018, 16:00
Oxunub: 628
"Musiqi qəflətən başlayır və siz artıq çoxdan yola çıxmış olursunuz"


1968-ci ildə “The Beatles” qrupunun üzvləri Hindistandakı Rişkeş qəsəbəsində yerləşən Maharişi Maheş adlı yoqa ustasının aşramına gedirlər. Maharişi Maheş transendental meditasiyanın yaradıcısıdır. Qrup üzvləri təqribən bir ay orada qalırlar.

Aşram antik Hindistanda meşə və ya dağda, ustaların dünyəvi həyatdan uzaq, dinclik içində yaşadıqları yerə deyilir. Həmin yerlər həmçinin təhsil üçün də istifadə olunur. “Beatles Rişkeşdə” kitabının müəllifi Paul Soltzman isə qrupun orda qaldıqları müddət ərzində 48 mahnı yazdığını deyir.

Kosmosa göndərilən mahnı - "Across the universe"

İndi isə keçək yazının əsas mövzusu “Across The Universe” ("Kainata doğru") mahnısına.


Bu mahnının da əsası həmin müddətdə yaranıb. Lakin mahnı iki il sonra, 1970-ci ildə çıxarılan “Let It Be” albomunda yer almışdır. Sözlərinin bir qismi bunlardır:

Sözlər sonsuz bir yağmur kimi kağız badələrə tökülür,
Keçərkən qeyb olub kainata doğru uzanırlar.
Açılan zehnimdə hüzn hovuzundan sevinc dalğaları axır, tökülür.
Mənə sahib ol və himayə et...
Minnətdaram, mənim öyrədən Tanrım!
Heç bir şey dünyamı dəyişməyəcək,
Heç bir şey dünyamı dəyişməyəcək...

Musiqi qəflətən başlayır və siz artıq çoxdan yola çıxmış olursunuz. Səmaya və ulduzlara baxıb dinlənildikdə bütün kainat boyunca sizi özünə doğru çağırır. Elə bil ki, bütün kainatı təkcə gəzib gəlirsiniz. Ruhu və bədəni dincəldir, amma biraz da narahatlıq yaradır sanki.

Dinləyəndə yaranan hisslər danışmaqla bitmir. İncə, amma adi deyil. Xoşbəxt və ya bədbəxt deyil. Sakit bir musiqi…

“Across The Universe” sonralar bir çox başqa sənətçilər tərəfindən də ifa edilib. Məsələn, Kurt Kobeyn, Fiyona Epl, David Bov, Roqer Vaters, "Scorpions", Rufus Veynrayt, "Beady Eye".

2007-ci ildə Julia Taymorun rejissoru olduğu eyniadlı film təqdim olunur.

Bir az da həmin filmdən bəhs edək. Film nəyisə, yaxud elə özünü axtaran insanların qarşılaşması ilə başlayır. Adi bir qrup filmi deyil. Sevgi, sosial problemlərin də olduğu bir filmdir.

Ən vacibi isə musiqilərin filmə deyil, filmin musiqilərə uyğunlaşmasıdır. Filmin musiqiləri “The Beatles”in 33 mahnısından ibarətdir. Hər bir insan əvvəlindən sonuna qədər qrupun musiqiləri ilə möhtəşəm bir gəzintiyə çıxır. İlk səhnədə əsas personaj Judenin sahildə “Girl” mahnısını oxuduğu vaxt siz də onunla birlikdə oxuyursunuz. Filmin içərisindən daha çətin çıxırsınız.

Filmin “The Beatles”in bioqrafiyası olmaq fikri yoxdur. Onu sevmək kimi bir fikri vardır.

Son səhnələrə çatanda isə bir qrup insan “All you need is love” ("Tək ehtiyacımız sevgidir") mahnısını oxuyur. Sonra da tək ehtiyacımız olanın sevgi, musiqi və sülh olması ideyası ilə bizi yola salır.

Kosmosa göndərilən mahnı - "Across the universe"

2008-ci il fevralın 4-də “The Beatles”in bu mahnını lentə almasının 40-cı ili, NASA-nın quruluşunun və qrupun başlanğıcının 50-ci ili idi. NASA həmin il yubileylərini qeyd etmək üçün ”Across The Universe” mahnısını nəhəng peyklər vasitəsi ilə kosmosa göndərir. Beləliklə də, musiqi bütün kainat boyunca yayılır.

Tərcümə: İlkay Əliyeva
Mənbə: sanatkaravani.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti