Rais Rəsulzadə: "Xalq Rəsulzadəni də, bugünkü dövlətimizi də dəstəkləyir"

9-05-2018, 19:29
Oxunub: 3768
"Birlik üçün ilk növbətə Gəncədə Rəsulzadə ilə bağlı baş verən hadisəyə münasibət bildirmək lazımdır"


Rais Rəsulzadə sürgündə dünyaya göz açıb. Hətta məktəbi də sürgün həyatı yaşadıqları Qazaxıstanda, rus dilində oxuyur. Uşaqlıqdan rəssamlığa həvəsi var imiş, bununla yanaşı şahmat üzrə də çempion olub. R.Rəsulzadə deyir ki, sinif yoldaşlarının hamısı sürgün həyatı yaşayan uşaqlar olublar.

Babası Məhəmməd Əmin Rəsulzadə haqqında danışanda isə "o, fövqəladə fitri istedada sahib şəxs idi" deyir. Müsahibə zamanı Rais Rəsulzadənin uşaqlığı, məktəb və universitet dövründən, Bakıya ilk gəldiyi illərdən, yaşadığı çətinliklərdən və babası Rəsulzadədən danışdıq. Atası Azər Rəsulzadənin ona babası haqqında dediklərini bizimlə bölüşdü. 

Rais Rəsulzadənin Etatist.com-a verdiyi müsahibəni təqdim edirik:

- Bir az özünüzdən, işinizdən, fəaliyyətinizdən danışardız zəhmət olmasa.
- Professional rəsmlə, professional dedikdə, təhsil prosesini nəzərdə tuturam... 1962-1965-ci illərdə - SSRİ dövründə, Moskvada Ümumittifaq Mədəniyyət Universitetində oxumuşam. 1965-69 ADRA-nı bitirmişəm. Bundan sonra əsgərliyə getmişəm və 1972-1977-ci ildən başlayaraq bədii qrafika üzrə təhsil almışam. Sonra mənə dedilər ki, sən burada lazımsan, burada qalmalısan. Sözün düzü, mən dərs demək fikrində deyildim. O vaxtdan həm yaradıcılıq, həm də pedoqoji fəaliyyətlə məşğul oldum. Mənim şəxsən dərs dediyim tələbələrin arasında indi əməkdar artistlərimiz, beynəlxalq səviyyədə rəssamlarımız da var.

Mən uşaqlıqdan evdə rəsmlə məşğul olurdum. Yadıma gəlir ki, hələ məktəbə təzə başlamışdım - birinci sinifdə oxuyanda, 6-7 yaşım olardı, Məni çağırıb qabağıma kağız qoyurdular ki, götür şəkil çək. Elə uşaqlıqdan bu işə həvəsim var idi.

"İlk illərdə daim nəzarətdə idik"

- Siz sürgündə doğulub yaşamış birisiniz, həmin illərdə nələr yaşadınız deyə bilərsiniz?
- Çox çətin illər idi. O illəri yada salmaq, elə eyni şeyləri yenidən yaşamaq kimi bir şeydir. Çətin idi... Yadıma gəlir, nənəm ayaqyalın işdən qayıdırdı... işlərdən qayıdırdı. İlk illərdə sərbəst hərəkət etməyə icazə yox idi, daim nəzarətdə idik. Bu mənim 13 yaşıma kimi oldu, sonradan bir az mülayimləşdi - 1956-cı ildə, Xruşovun məlum çıxışından sonra. Mən oxuduğum məktəbdə hər millətin nümayəndəsi var idi. Mənim dostlaşdığım insanlar arasında, çeçenlər, almanlar, cənubi koreyalı, qazaxlar, belaruslar, ruslar var idi, 28 nəfərin hərəsi bir millətdən idi. Əvvəl buna əhəmiyyət vermirdim. Sonradan düşündüm ki, necə ola bilər ki, bu insanların hərəsi ayrı bir millətdəndir. Sən demə bunların hər biri sürgün olunan ailələrdən imiş. Belə bir atmosfer var idi.

Buna baxmayaraq, bir az təvazökarlıqdan uzaq olsun, məni həmişə qabağa çəkirdilər. Təntənəli yığıncaqlarda məni həmişə bayraqdar edərdilər. Şahmatda da çempion idim. Nəinki dərsliklər, əlavə kitablar da oxuyurdum.

- Müsahibələrinizdən birində, sürgündə yaşadığınız bir xatirənizi danışarkən çox təsirləndiyiniz, kədərləndiyiniz görünür. Sizə bu qədər ağır təsir edən nə idi?
- Təsir edən elə hər şey idi. Tutaq ki, siz Bakılı ola-ola harasa göndərilirsiz, neçə ildən sonra qayıdırsız geri. Heç kəs yoxdur. Soyuq gecədə bilmirsiniz hara gedəsiz. Necə təsir bağışlayar? Dərsdən çıxırdıq hamı gedirdi evinə. Mənə deyirdilər ki, sən hara gedirsən? Yataqxana verməli idilər, o da üç ay gecikdi. Bir çox şeylərdən məhrum olmuşdum. Orada çempion idim, idmanla məşğul olurdum, eyni zamanda işləyirdim, evim var idi. Sonra bura gəlirsən, heç nəyin, qalmağa yerin yoxdu. O vaxtı Lökbatana “elektriçka” gedirdi. Avtobus “Azneft”dən gedirdi, amma o da saat 7-dən sonra olmurdu. “Elektriçka” da saat 9-dan sonra. Gecikdinsə, qaldın... Piyada gedəsi deyilsən ki, 20 km yolu.

Bunlar qalsın bir yana, 1965-69-cu illər çox maraqlı idi. Bizlə yaşayan uşaqlar çox maraqlı idi. Sonra əsgərliyə getdim. Daha sonra qayıtmalı idim Bakıya. 1971-ci il, dekabr ayında Bakıda qar dizdən idi. Hətta getdik Buzovna-Sabunçu tərəfə ki, ev tutaq, dedilər ki, “a bala, bu nə vaxtın gəlməyidir, əsgərlikdən gəlmisən? Evi sentyabrdan tutmaq lazım idi”.

Müəllimimin emalatxanasında qalırdım. Sonradan öyrəndim ki, rəssamlara sifarişləri yerinə yetirmək üçün qeyri-yaşayış mənzilləri verirlər. O da bizim çıxış yolumuzdur. Həm emalatxanan olur, həm də işinə davam də bilirsən. Axtardım, bir-ikisini tapdım, vermədilər. Birini İçərişəhərdə tapdım, dedilər, yox, süpürgəçilər bura süpürgələrini qoyur. Bir neçəsini soruşdum dedilər tutulub. Axırda birini tapdım – içi zibillə dolu yer. Oradan bir kamaz zibil çıxarıb, təmizlədim, təmir etdim. Mənim də bu işlərdən başım çıxmır, əsgərlikdən təzə gəlmişəm. Sonra biri gəldi ki, sənə o lazımdır, bu lazımdır. Mənim də bir az pulum var idi. Ora zirzəmi idi, nə etsən iki-üç aya qopub-tökülür. Mebeli, qazı, suyu heç nəyi yox idi, səhnəyə bənzər bir yeri var idi. Bir dənə çarpayısı var idi, setkasını qoymuşdum. Orada həm işləyirdim, həm yaşayırdım. Elə edirdim ki, bilməsinlər orada qalıram. Özəl deyildi, dövlətin idi.

- Atanızın adının nəyə görə Azər olmasını bilirik. “Əliheydər” olmasını istəyirmişlər, Rəsulzadə biləndə istəməyib. Deyib Azər olsun. Bəs sizin adınız nəyə görə Raisdir?
- Mənim adım qardaşımın adına uyğun olaraq qoyublar. Onun adı Ramiz idi. Mən soruşanda ki, nəyə görə adım Raisdir, deyirlər ki, Ramiz-Rais bir-birinə uyğundur. Amma Rais sözü, Misir Tanrısının adı, “Ra” sözündəndir. Azərbaycanda da pasport götürəndə deyirlər ki, Rais olmur, Rəis olmalıdır. Yeni işçi götürmüşdülər, bilmədim haranı bitirib, Rais yerinə “Rəis” yazıb. Dedilər ki, cavan qızdır, yeni işə götürmüşük, sizin üçün fərqi nədir ki? və s. Adım “Ra” sözündən gəlir - Günəş.

- Düzdür atanız da M.Ə.Rəsulzadəni görməyib, amma yəqin ki, onun danışdıqları daha çox olar, bunları bizimlə bölüşə bilərsiniz?
- Başlarına gələnlərdən danışıb, onun fəaliyyətindən, yazışmalarından - Türkiyədən məktublar göndərirdi.

- Məsələn, nə danışırdı atanız?
- Deyirdi ki, çox yaxşı adamdır, propaqandaya inanmayın. Rəsulzadə və həyatından nələr danışırdılar. Deyirdi ki, uydurmalar hamısı boş şeylərdir. Sizi yaxın bilən adam, bir müddət sonra sizdən üz döndərə bilər.

"Rəsulzadənin ideologiyası türkçülükdür"

- İndi bəzi insanlar M.Ə.Rəsulzadəni, liberal, bəziləri milliyyətçi, bəziləri solçu adlandırır. Bir də siz izah edə bilərmisiz ki, Rəsulzadənin ideologiyası nə idi?
- M.Ə.Rəsulzadə fövqəladə fitri istedadlı bir insandır. Təbii ki, Rəsulzadə başda olmaqla onun yoldaşları Azərbaycanda siyasi bir dövlət qurucusudur. Milli Azadlıq Hərəkatının ideoloqudur. Rəsulzadəni dəyərləndirənlər, əsasən onu oxuyub bilənlər, intellektlərdir. Ona görə də, ona elə-belə yanaşmaq mümkün deyil. Azərbaycan tarixini bilməyib, onu sevməyən, Rəsulzadəni anlaya bilməz. O, bütün xalqın ürəyindədir.

İdeologiyası türkçülükdür, nəzəriyyəsini Əli bəy Hüseynzadə yazıb, Rəsulzadə həyata keçirib. Hətta Rəsulzadəni sevməyənlər deyirdilər ki, Rəsulzadə və silahdaşları o qədər “qudurublar” ki, Bakını nəinki Azərbaycanın ərazisi hesab edir, hətta onu paytaxt elan etmək istəyirlər. Budur onların ideologiyası. Azərbaycançılıq, türkçülük - bunlar hamısı Rəsulzadənin ideologiyasıdır. Bunları oxumaq laımdır. Hamısı onun əsərlərində var. Dövlətçilik, milli mənəviyyat, demokratiya nədir? Bunlar hamısı onun əsərlərindədir.

- Çox keşməkeşli dövr olsa da, cümhuriyyət qurulmuşdu. Sizcə, niyə davam gətirə bilmədi?
- Siz tarixi oxumusunuz? Tarixdə var, Qızıl Ordu tərəfindən işğal olundu. Tarixi dəyişmək olmaz axı.

- Qızıl ordunun gəlib işğal etdiyini bilirəm. Sizin fikrinizcə nəyə görə işğala davam gətirilə bilmirlər?
- Mənim fikrim oldu-olmadı, tarixin bir gedişatı var. İşğaldan əvvəl hələ mart ayında Leninin sərəncamı vardı ki, nə olur olsun Bakı alınmalıdır. Hətta yerli qadınlarımız özləri çəpər kimi dayanmışdılar ki, onlara atmasınlar, amma yenə də işğal olundu. 

"Respublika Qızıl Ordunun qarşısında tab gətirə bilməzdi"

- Demək istəyirdim ki, Azərbaycanda ordunun qarşısında durmaq üçün nə çatışmırdı?
- Elə hər şey çatışırdı. İndi 22 ildir ki, biz Qarabağı ala bilmirik, düzdür? Nə çatışmır ki..? Beynəlxalq məsələlərə baxmaq lazımdır. Parlament qurulmuşdu, bütün xalqların nümayəndələri orada təmsil olunurdu, üzvlər var idi - ermənilər, ruslar, azərbaycanlılar... Çox işlər saymaq olar ki, ilk dəfə görülmüşdü. Sadəcə olaraq respublika Qızıl Ordunun qarşısında tab gətirə bilməzdi. Bizim ordu Qarabağda idi, başları qarışmışdı. Bunu nəyəsə yozmaq heç cür alınmır.

"Oturub onları günahlandırmaqla deyil, o dövrü yaşamaq lazımdır"

- Bəzi insanlar AXC-ni İrəvanı Ermənistana verməklə günahlandırırlar. Sizin buna münasibətiniz necədir?
- Bilirsiniz, oturub onları günahlandırmaqla deyil, o dövrü yaşamaq lazımdır. O vaxtı nəinki İrəvan bizim deyildi, hətta Azərbaycan da yox idi. Türklərin və beynəlxalq qüvvələrin təzyiqi ilə onlara da yer verilməli idi. Onlara güzəşt edilməli idi ki, sonradan bizim ərazilərə təzyiq göstərməsinlər. Ona görə də, o dövrü yaşamaq lazım idi ki, nə baş verdiyini anlayasan. Bu məsələ heç də, birmənalı olaraq qiymətləndirilməməlidir.

- M.Ə.Rəsulzadə xalqını birlikdə, bir bayrağın altında görmək istəyirdi. İndi biz bir bayrağın altındayıq. Bəs sizcə xalqımız birlikdirmi?
- Xalq birlikdir, bəli. Əgər elə olmasaydı, bizdə də Suriyadakı kimi bir vəziyyət olardı. Xalq Rəsulzadəni də, bugünkü dövlətimizi də dəstəkləyir. Görürsüz də, göz qabağındadır. Sakitlikdir.

"Birlik üçün ilk növbətə Gəncədə Rəsulzadə ilə bağlı baş verən hadisəyə münasibət bildirmək lazımdır"

- Sizcə birlik üçün əsas şərt nədir?
- Birlik üçün ilk növbətə Gəncədə Rəsulzadə ilə bağlı baş verən hadisəyə münasibət bildirmək lazımdır. Birlik üçün vətəni, tarixi sevmək lazımdır. Öz mədəniyyətimizi, mənəviyyatımızı, valideynlərimizi dəyərləndirməliyik. Yaşadığımız dövləti dəyərləndirməliyik. Bunun üçün çox iş görmək lazımdır.

- Azərbaycanın keçmiş prezidenti Ə.Elçibəy bir çıxışında demişdi ki, Rəsulzadə bir dəryadır, onu öyrənmək lazımdır. Sizcə, biz onu kifayət qədər öyrənə bilmişikmi?
- O, bir dəryadır. Öyrənməklə qurtarmır. 10 cildlik əsərləri var. Mən bayaq da dedim, bunlar çox ciddi məsələlərdir. Bunları araşdırmaq, fəlsəfi yanaşmaq lazımdır. Bu bir-iki saatlıq məsələ deyil. Sağ olsun prezidentimiz sərəncam vermişdi ki, onun əsərləri latın qrafikası ilə çap edilsin. 

"Azadlığı bizə daddıran Rəsulzadə və onun silahdaşlarıdır"

- Sizcə bizim gənclər Rəsulzadəni kifayət qədər öyrənə bilirlərmi?
- Gənclər Rəsulzadəni kifayət qədər öyrənib, hamısı onu sevir, ən azı ona görə ki, onun bayrağı altında yaşayırlar. Ən azı ona görə ki, onlar Azərbaycan adlı dövlətin vətəndaşlarıdır və bu dövləti quran M.Ə.Rəsulzadədir. Azadlığı bizə daddıran Rəsulzadə və onun silahdaşlarıdır. Ən azı ona görə məsulliyyət hissi daşıyırlar.

- Siz bu qədər çətinliyə baxmayaraq, heç vaxt ümidsizliyə düşməmisiz, uğur qazanmısız. Bəzi gənclər var ki, onlar heç nə yaşamır, amma əllərini hər şeydən üzürlər. O gənclərə nə tövsiyə edərdiz?
- Mən hesab etmirəm ki, uğur qazanmışam. Mən hesab edirəm ki, mən uğursuzam. Elm, gözəllik, xoşbəxtlik - bunlar hamısı ağır, davamlı, uzunmüddətli bir zəhmətin nəticəsidir. Zəhmətsiz heç nə yoxdur. İstəyir Nobel mükafatçısı olsun, istəyir adi vətəndaş, istəyir rəssam olsun. Çoxu deyir ki, heç nə etməyim pul qazanım, yaxşı yer, yaxşı maaş olsun. Həyatda elə şey yoxdur. Zəhmət çəkmək və tarixi yaxşı öyrənmək lazımdır, ona şüarlarla yanaşmaq yox. Əsl həqiqətləri öyrənmək lazımdır ki, sabah ermənilərlə üz-üzə dayananda güclü dəlillərlə, elmi əsaslarla ona cavab verə bilək. Zəhmətdən qorxmasınlar. Vətənpərvər olsunlar. Mənliklərini qorusunlar.

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti