Kənd təsərrüfatı naziri Cocuq Mərcanlıda olub

5-05-2018, 15:42
Oxunub: 410
Qarğıdalı səpinində iştirak edib


Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub. Kənd Təsərrüfatı Nazirliyindən Report-a verilən məlumata görə, nazir əvvəlcə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib.

Cocuq Mərcanlıya gələn İ.Kərimov kənd sakinləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb, arzu və təkliflərini dinləyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq Nazirliyin nümayəndələri, mütəxəssisləri fermerlərlə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşlər keçirir: “Dövlət başçısının tapşırığı ilə Cocuq Mərcanlıda qısa müddətdə müasir, bütün infrastruktura malik qəsəbə salınıb. Kəndin inkişafı üçün əsas istiqamətlərdən biri burada aqrar fəaliyyətin genişlənməsidir. Sakinlərin məşğulluğunun təmin edilməsi başlıca hədəflərimizdəndir. Bugünkü görüşümüzün məqsədi də sakinlərin qayğılarını dinləmək və fəaliyyətimizi buna uyğun qurmaqdır. Cocuq Mərcanlı sakinlərinə aqrar sahədə daim dəstək verib qayğı göstərməliyik”. İnam Kərimov Cocuq Mərcanlıda ayrılan pay torpaqlarının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan bütün texnikaların, həmçinin gübrə və toxumların Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əvəzsiz təmin ediləcəyini bildirib. Nazir qeyd edib ki, hazırda Cocuq Mərcanlıda 33 hektarda qarğıdalı əkilməsi nəzərdə tutulub. Kənd Təsərrüfatı naziri rəhbərlik etdiyi qurumun nəinki səpin prosesində, həmçinin məhsul istehsalının bütün mərhələlərində, problemlərin həllində fermerlərin, kənd sakinlərinin yanında olacağını əlavə edib. Nazir bildirib ki, fermerlər həm texnika ilə təmin ediləcək, həm də onlara məhsuldarlığın artırılması üçün məsləhət xidməti göstəriləcək. İnam Kərimov Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə olaraq həyata keçirilən qarğıdalı səpinində iştirak edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti