Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

28-04-2018, 17:27
Oxunub: 272
N. Şirinov sahibkarlıq subyektlərinə dövlət tərəfindən münbit şərait yaradıldığını diqqətə çatdırıb


Bu gün Bakı Baş Gömrük İdarəsində Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamından irəli gələn məsələlərin müzakirəsi ilə bağlı sahibkarlarla görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Report-a verilən məlumata görə, görüşdə komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov, Vergilər nazirinin müşaviri Abdulla Tağıyev və Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi Natiq Şirinov, eləcə də daşıyıcı şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi V.Novruzov görüşün məqsədi barədə qısa məlumat verərək, Prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli, idxal–ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında əlaqələrin səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.

Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi M.Vahabov Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq idxal-ixrac əməliyyatlarının, dövlət büdcəsi gəlirlərinin artdığını və bu sahədə sahibkarların fəaliyyətinin mühüm rol oynadığını bildirib. Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin daha da təkmilləşəcəyini bildirən M.Vahabov yeni sistemin şəffaflığın təmin olunması, vergi uçotunun düzgün aparılması və sahibkarların fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacağını vurğulayıb. İdarə rəisi yeni sistemin tətbiqi ilə birlikdə ölkənin gömrük və vergi orqanları arasındakı əlaqələrin səmərəliliyinin artacağını, bunun da sahibkarlığın inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi N. Şirinov sahibkarlıq subyektlərinə dövlət tərəfindən münbit şərait yaradıldığını, vergi orqanlarının da bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Vergilər Nazirliyinin sahibkarlar üçün 65-dən çox elektron xidmət təklif etdiyini bildirən departament rəisi bunun da sahibkarlığın inkişafı və şəffaflığın təmin olunmasında müsbət rol oynadığını vurğulayıb. N. Şirinov bəzi hallarda vergi qanunvericiliyi tələblərinin pozulduğu, vergilərin vaxtında və düzgün ödənilməsinin təmin edilmədiyini bildirərək yeni sistemin tətbiqinin həm də bu sahədə müsbət nəticələr əldə edilməsinə şərait yaradacağını qeyd edib.

Daha sonra görüşdə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında imzalanmış "Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında" razılaşma protokolunda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti