Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir

27-04-2018, 19:30
Oxunub: 424
Kamera orkestrinin konserti ilə başa çatacaq


Gəncə şəhərində Beynəlxalq Müsiqi Festivalı keçirilir.

Report-un Qərb bürosunun məlumatına görə, Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 27-dən başlayaraq Gəncə Dövlət Filarmoniyasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir.

Aprelin 30-dək davam edəcək Festivalda Azərbaycan, Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Festivalda Rusiyanın Dövlət Akademik Böyük Teatrının nümayəndə heyəti ilə təmsil olunur.

Festivalın bədii rəhbəri SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylidir.

Festival çərçivəsində keçiriləcək kamera konsertində Fərhad Bədəlbəyli (piano), Dmitri Yablonski (violonçel, ABŞ), Olga Naqornaya (soprano, Ukrayna), Anastasiya Barun (soprano, Rusiya), İqor Korostılyov (bas, Rusiya), Aleksandr Anasenko (piano, Rusiya), Murad Adıgözəlzadə (piano), Şükür Səmədov (klarnet), Səbinə Əsədova (mezzo-soprano), Fəridə Məmmədova (soprano), Fəridə Rüstəmova (violin), İlahə Sadıxzadə (piano) çıxış edəcəklər.

Festivalın açılış mərasimində Azərbaycanın xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertdə Fərhad Bədəlbəyli (piano), Teymuraz Ququşvili (tenor, Gürcüstan), Olqa Naqornaya (soprano, Ukrayna), Aygün Bayramova (xanəndə), Samir Cəfərov (tenor), Ehtiram Hüseynov (xanəndə) və digər tanınmış musiqiçilərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi səsləndiriləcək. Aprelin 29-da Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Festival aprelin 30-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, Kamera orkestrinin konserti ilə başa çatacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti