Maksim Qorki – Balzakı anlamaq

23-04-2018, 14:00
Oxunub: 344
"Balzak mənim üçün sonsuz və gücümün üstündə bir mövzudur"


Mənim üçün Balzakın əsərlərini xatırlamaq darıxdırıcı bir gündə səhrada gəzən yolçunun bir zaman keçdiyi xoş yolları xatırlamasına bənzəyir. Fransız ədəbiyyatından ilk kitabı 13 yaşında oxumuşam. Bu, Edmon Qonkurun Zemqano sənətçilərin özlərinə qarşı düşmən münasibətdə olan, dar, ruhu kirlədən bir mühitdə tənhalıq taleyinə məhkum edilmiş insanların təsirli həyatını əks etdirirdi.

Bu gözəl kitab məni ifadə etdiyi insan həsrəti ilə həyacanlandırmış və mənə hər zaman insan ruhunun ən çox xüsusiyyətlərini dünyaya bəxş edən bütün insanlara qarşı xüsusi diqqətlə, mərhəmətlə davranma fikrini aşılamışdı. Qonkur eyni zamanda məndə tarixini çox az və ya bir az bildiyim gözümdə cəngavərlər, qəhrəmanlar ölkəsi kimi canlanan Fransanın ədəbiyyatını tanıma həvəsi yaratmışdı. Tanıdığım lisey tələbələrindən Fransada hansı yazıçılar olduğunu soruşdum, mənə fransız ədəbiyyatından tərcümələr vermələrini xahiş etdim. Balzakın kiçik həcmli bir kitabı əlimə keçməzdən əvvəl ata Dümanın, Ponson de Terrailin, Baugobeyanın, Zakonenin, Qaberionun, Xavier de Montepenin və onlarla başqa yazıçının saysız kitabını həvəslə oxumuşdum. Balzakın kitabının adı “Şaqren dərisi” idi.

Antik bir mağazanı təsvir edən səhifələri oxuduqda aldığım zövqü dəqiq xatırlayıram. Bu təsvir mənim üçün hələ də ən gözəl harmoniya və zəriflik nümunələrindən biridir. Bu kitabda ustalığı ilə məni təəccübləndirən başqa bir şey Balzakın adi bir söhbətdə bir-biri ilə əlaqəsi olmayan obyektlərdən istifadə edərək insanları və simvolları aydın təsvirlərlə ifadə etdiyi dialoqdur.

Balzakın kitablarını axtarmağa başlamışdım. Oxuduğum növbəti kitab “Qorio ata” idi. Bu kitab məni şoka salmışdı. Uzun müddət özümü çeynənən insan qürurunun, insan əzablarının qisasını almaqla dünyanı təhdid edən Rastinyak kimi hiss etmişdim. O günlərdə həyatım elə də xoş deyildi, lakin sağlam idim, bu səbəbdən romantik olmuşdum.

“İnsanlıq komediyası”nı oxuduğum zaman 20 yaşım var idi. Bu kitab mənim hədləri bəlli olmayan romantizmimə güclü zərbə endirdi. Kitabda Balzakın dühasını hiss edə bilirdim, onu bir müəllim, bir dost kimi sevirdim. İki-üç il sonra Rusiyada Balzakın bütün əsərlərinin tərcüməsi nəşr olundu. Bu əfsanəvi istedad məni heyrətə gətirdi. Planlarının genişliyi, düşüncələrindəki cəsarət, sözlərindəki həqiqət, gələcəyə dair verdiyi proqnozlar onu dünyanən ən böyük müəllimlərindən biri edir. Şekspir, Balzak, Tolstoy bəşəriyyətin üç böyük abidəsidir. Onlar daim yeni yaşam üsulları göstərək insanlığın önündə dayanıblar. Balzak olmasaydı, Fransanı daha az anlaya bilərdim. Bankirlər Fransanın ləyaqətini ləkələyirlər. Bu haqda bir dəfə danışmışdım, sözlərim sevdiyim bir ölkədə anlam verə bilmədiyim qəzəbə səbəb olmuşdu. Ancaq rus xalqının azadlığına mane olan Fransız bank sisteminin anti-mədəni, anti – insani fəaliyyəti böyük adların ölkəsi, Fransanın  həqiqi böyük övladları – Hüqonun, Floberin, Balzakın işığına kölgə salmayacaq.

Balzaka nədə borclu olduğumu konkret deyə bilmərəm. Ancaq onun rus ədəbiyyatına təsiri böyükdür. Bu məsələ Lev Tolstoy tərəfindən də şübhəsiz qəbul edilmişdir. Mənə bir dəfə bu sualı vermişdi:

- Xarici ədəbiyyatdan əsasən kimləri oxuyursunuz?

Cavab verdim.

"Gözəl. Amma fransızları daha çox oxuyun. Hər kəsin yazmağı öyrəndiyi Balzakı, Stendalı, Floberi və Mopassanı oxuyun. Yazmağı yaxşı bacarırlar, forma duyğuları və məzmunu dərinləşdirmək bacarıqları təəccüb etdirəcək qədər inkişaf etmişdir. Onların yanına təkcə Dikkensi, bəlkə bir də Tekereyi qoymaq mümkündür. Əgər mən Stendalın “Parma monastırı” əsərini oxumamış olsaydım, “Hərb və Sülh” əsərinin müharibə səhnələrini yaza bilməzdim"

Sizə yazdığım  məktubu burada bitirirəm.

Balzak mənim üçün sonsuz və gücümün üstündə bir mövzudur, üstəlik, onunla bağlı xatirələrim, həyatımın ən çətin günləri ilə birləşir, bu da həyat verici bir amildir.

Kitabın mənim həyatımda bir ananın oynayacağı rolu oynadığını və Balzakın kitablarının, onun əsərlərində hər zaman çox böyük bir güclə və sevinclə hiss etdiyim insan sevgisi və həyatla bağlı inanılmaz biliyi bucağından mənim üçün ən dəyərli kitablar olduğunu da söyləmək istəyərəm.
Tərcümə: Nicat Həşimzadə
Mənbə: Maksim Qorki “Ədəbi portretlər”
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti