Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

21-04-2018, 14:35
Oxunub: 87
O, Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşub


Şəmkir rayonundakı “N” saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunan anma mərasimi keçirilib.

Bu barədə Report-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsini yad ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sona Əliyeva, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, hərbi hissənin zabiti, polkovnik Rasim Manafov və digərləri İsgəndər Aznaurovun həyat və döyüş yolu barədə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra bir çox ahıska türk ailəsi kimi onların ailələri də Azərbaycana pənah gətirib və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıblar. 1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşub, Mutludərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə şəxsi şücaət nümunələri göstərib.

1993-cü ilin baharında şəhid olan İsgəndər Aznaurova ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onun adına yaşayış məntəqəsi, küçə və məktəb var. Vaxtilə döyüşdüyü səngər bu gün “İsgəndər qalası” adlanır.

Mərasimdə Kür qəsəbəsinin Mədəniyyət Evinin kollektivinin və orta məktəb şagirdlərinin birgə hazırladıqları kompozisiya və Nizami Abbasın rejissoru olduğu "İsgəndər sorağında" adlı sənədli filmi təqdim olunub.

Sonda Milli Qəhrəmanın həyat yoldaşı Gülxanım Aznaurova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti