Mediada qadın gücü - Ketrin Qrem

20-04-2018, 15:30
Oxunub: 1021
"Qadınların yüksəlməsi üçün etməli olduqları tək şey qadınlıqlarını yenidən təyin etməkdir"


"Qadınların yüksəlməsi üçün etməli olduqları tək şey qadınlıqlarını yenidən təyin etməkdir. Güc kişi simvolu kimi qəbul edilib. Əslində, gücün cinsiyyəti yoxdur."

Atasının böhrandan xilas etdiyi, daha sonra həyat yoldaşı tərəfindən idarə edilən bu ailə qəzeti - "Washington Post" artıq onun idarəçiliyi altında idi. 1969-cu ildən etibarən yüzlərlə media rəhbəri arasında yeganə qadın var idi - Ketrin Qrem. Heç vaxt işləmək məcburiyyətində olmayan, utancaq, əsilzadə, xoşxasiyyətli bu xanım gələcəyin böyük iki skandalını öz qəzetində dərc etdi: Pentaqon sənədləri və Uotergeyt qalmaqalı.

ABŞ-da Vyetnam müharibəsi dövründə Müdafiə naziri Robert Maknamara idarəçiliyində bir komissiya, 1945-1967-ci illər arasındakı ABŞ-Vyetnam münasibətləri ilə bağlı bütün informasiyaları özündə ehtiva edən təfsilatlı gizli hesabat hazırlayır. Hələ də həyatda olan analitik Daniel Elsberq bu hesabatda Amerika dövlət işçilərinin və idarəçilərinin daim xalqa yalan dediyini gördükdə şoka düşür. Bu sənədlər Consonun sadəcə ictimaiyyətə deyil, Konqresə belə mütəmadi formada yalan dediyini isbat edirdi. Üstəlik, Truman və Kennedi dönəmi də o qədər təmiz hesab olunmazdı.

Elsberq bu sənədləri Konqresə və ictimaiyyətə çatdırmaq istəsə də, demək olar ki, bir il yarım bütün qapılar üzünə bağlanır. Senatorlar daxil olmaqla heç kim bu işin içində olmaq istəmir. Nəhayət "New York Times"-ın qapısını çalır. Bir neçə aylıq araşdırmadan, hüquq şirkətində "başımıza bir iş gələ bilərmi?" sorğu-sualından sonra "New York Times" 13 iyun 1971-ci ildə tarixə "Pentaqon sənədləri" olaraq keçən dosyenin ilk bölümünü yayımlayır. Prezident Niksonun Ədliyyə naziri dərhal "New York Times"-a şəxsi teleqraf çəkərək nəşri dayandırmalarını istəyir və məhkəmə qərarı çıxarır. Amma o zaman "New York Times" hörmətli bir qəzetin etməli olduğunu edərək sənədləri yayımlamaq üçün hüquqi mübarizəyə başlayır. Tam o günlərdə "New York Times"-ın rəqibi olan bir qəzetdən prosesin gedişatını dəyişəcək kritik dəstək gəlir. Sənədlərə yayım qadağasının ardından Elsberq sənədləri "Washington Post"-a ötürür. "Washington Post"-un baş redaktoru Ketrin Qrem çox önəmli bir qərar verməli idi. Çünki hal-hazırda bu sənədlərin yayımlanmasını qadağan edən məhkəmə qərarı var idi. Qrem öz avtobioqrafiyasında qəzet içindəki kritik qərar mərhələsi barədə bunları yazır:

"Ben Bredli ("Washington Post" nəşriyyat müdiri) qəzet içindəki iki fərqli fikrin təzyiqi altında idi. Bir tərəfdə mətbuat azadlığını müdafiə yolunda "New York Times"-a dəstək üçün gizli sənədlərin yayımlanmasını şiddətlə istəyən müxbir və redaktorlar var idi. Digər tərəfdə isə qəzetin vəkilləri. Vəkillər ən azından sənədlərin cümə günü yayımlanmamasını, Ədliyyə Nazirliyinə bazar günü dərc etmək niyyətində olduğumuzun çatdırılmasını istəyirdi. Sənədlərin yayımlanmasını dəstəkləyən Hovard Simons müxbir və redaktorları bir yerə topladı.

Don Oberdorfer nəşr üçün nazirliklə uzlaşma axtarışının həyatında eşitdiyi ən anlamsız fikir olduğunu dedi. Nazirə belə bir şeyi öncədən bildirməyin arxasında təmannadan başqa bir şey olmadığını söyləyən Çalmers Roberts "post bunu yayımlamazsa, istefa verəcəyini və qəzetin qorxaqlığını ictimaiyyətə ifşa edəcəyini" bildirdi. Murrey Marder də qəzetin bu sənədləri yayımlamayacağı təqdirdə “Washington Post”-un bütün jurnalistka prestijini itirməsi səbəbilə çox daha böyük zərərlə üz-üzə qalacağı xəbərdarlığını etdi. Ben Baqdikyan bu ölkədə azad mətbu haqqının müdafiə edilməsinin tək yolunun azad şəkildə yayımlamaq olduğunu xatırlatdı. Cin Paterson isə birbaşa mənə çevrilib önəmli bir xatırlatma etdi: "Verəcəyin qərar qəzetin həyatda qalıb-qalmayacağını müəyyən edəcək". Bu sözlərə qarşı "İlahi, bu dərəcə mühüm bir qərar olduğunumu düşünürsən?",- deyə təəccüblə soruşdum. Təsdiqlədi. Ardınca qərarımı açıqladım: Dərc edirik! Yayımlayırıq! Tez iş başına!"

Ketrin Qremin bu qərarı bütün proseduru dəyişir. Hətta "Washington Post" bu sənədləri dərc etdikdən dərhal sonra daha 18 qəzet də məsələyə öz mövqelərini bildirirmişcəsinə sənədləri yayımlayırlar. Bu arada ABŞ Ali Məhkəməsi gizli sənədlərin yayımlanmasının dayandırılmasını ABŞ Konstitusiyasının birinci əlavə maddəsinə əks hesab edərək nəşrin əngəllənməməli olduğuna qərar verir. Nikson idarəçiliyinin əli getdikcə zəifləyir. ABŞ söz azadlığının təminatı olan Konstitusiyasının birinci əlavə maddəsi belədir:

"Konqres hər hansı bir dini təşviqat üçün və ya tətbiqatı qadağan etmək üçün söz və mətbuat azadlığını, insanların sülhpərvər şəkildə toplaşmasını və ya dövlətə öz problemlərini anlatmasını limitləmək üçün heç bir qanun çıxara bilməz."

Mən məsələyə başqa bir yöndən də baxmaq istəyirəm. Təbiri caizdirsə, "kişilərin dünyasında" bir qadının qərarı bir çox şeyi dəyişdi, altını üstünə çevirdi, tarixi dönəm başlatdı. Mənim üçün bu, olduqca önəmli bir məsələdir. Çünki hal-hazırda da qadınlar idarəçilik mövzusunda məişət mövqeyində qalıblar. Ketrin Qrem öz çiyinlərinə "Washington Post" yükünü götürərək yüzlərlə kişi içində tək olmağı özünə ar bilmədi, əksinə, tarixin arxivinə iki böyük skandal xəbərini ötürdü. O, öz kitabı "Şəxsi tarixçə"də yazır: "Bir spiker öz nitqinə dodaqaltı gülüş, istehza ilə "xanım və cənablar" ya da "cənablar və xanım Qrem" deyərək başlamışdı."

"Uotergeyt qalmaqalı"nın da "Washington Post"-da dərc edilməsi prezident Nikson üçün "son dua" rolunu oynadı, nəticədə ABŞ-da ilk dəfə bir prezident istefa verdi.

Sadaladığım məsələlərə siyasi aspektdən deyil, bu dəfə sosial və mətbuat bucağından baxaq. Öz işçilərinə söz azadlığı tanıyan bir qadın media müstəvisində əlahiddə rol oynayıb. Biz indi də mediada bloklanmaların, qadınların öz fikirlərini əsirgəməklərinin şahidi oluruq. Bunun üçün mütləqdir ki, hər kəs öz üzərinə kiçik də olsa, bir öhdəlik götürməli və qərar verməlidir. Ketrin Qremin də nümunəsində deyə bilərəm ki, demokratiya cəmiyyətdə sərbəst dolaşan bilgidən asılıdır. Həmçinin Qrem öz işlərinə fərdi deyil, kollektiv olaraq yanaşırdı. Gücün kollektiv əsasdan gəldiyinə inanan Qrem qəzetin idarəçiliyində olduğu müddət ərzində öz həmkarlarına, işçilərinə azad mühit imkanı tanımaqla ABŞ Konstitusiyasını da özlüyündə təsdiqlədi.

Qremi tanımaqla biz "təcrübədən bilgiyə keçid" dönəmini yaxşıca analiz edə, qadınların idarəçilikdə rol oynamaqlarına şərait yarada, mediada azadlığın daha möhkəm təmin olunmasına çalışa bilərik. Öz yolundan dönməyən və qərarı ilə bir çox şeyi dəyişə bilən insanları həm tanımaq, həm öyrənmək, həm də onlardan qiyabi dərs almaq lazımdır.

"Savaşı sevən biri kimi təqdim olunan obrazım tamamilə yanlışdır. Bəzi insanlar rəqabətdən və çirkabdan həzz alırlar, bəlkə mən də bunu istərdim, lakin edə bilmirəm. Amma bunu dəqiqliklə deyə bilərəm ki, bir yola başladığın zaman mütləq irəliləməlisən. Ondan imtina edə bilməzsən." - Ketrin Qrem Meyer.
Xuraman Məmmədova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti