“Demokratik inkişafla bağlı səylərimiz gələcək fəaliyyətimizdə önəmli yer tutacaq”

18-04-2018, 16:04
Oxunub: 173
"Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır"


“Bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq və gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaq”.

APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib. 

Dövlət başçısı deyib ki, Azərbaycan son 15 il ərzində uğurla inkişaf edib: “Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşir və ölkəmiz çox uğurla inkişaf edir”. 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır: “Azərbaycanda yaşayan bütün dinlərin, xalqların nümayəndələri mehribanlıq şəraitində bir ailə kimi yaşayır və bundan sonra da yaşayacaq. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək. Azərbaycan ölkə daxilində dinlərarası və millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub. Biz son 15 il ərzində dünyaya bunu nümayiş etdirmişik. Təkcə ona görə yox ki, özümüzü göstərək. Ona görə ki, dünyada da müsbət meyllər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, son 15 ildə dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edir. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir. Başqa dinlərin, millətlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda biz öz milli-mənəvi dəyərlərimizə sadiqik və ona bağlıyıq. Təsadüfi deyil ki, 2016 və 2017-ci illər Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri kimi elan olunub”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti