Azərbaycanın İKT layihəsi nüfuzlu beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb

17-04-2018, 19:00
Oxunub: 387
Prototipinin hazırlanması üçün 11 min manat qrant ayrılıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 5-ci qrant müsabiqəsinin qaliblərindən olan “Wake Me Up” layihəsi İsveçrənin Lozanna şəhərində keçirilən “Seedstars Summit” adlı beynəlxalq müsabiqədə iştirak edərək finala vəsiqə qazanıb.

Report nazirliyə istinadən xəbər verir ki, bu il baş tutan müsabiqədə Asiya, Afrika və Avropadan 75-dən çox ölkə iştirak edib.

Kifayət qədər nüfuzlu investorların, şirkət rəhbərlərinin qatıldığı müsabiqədə sağlamlıq, texnologiya, ekologiya, sosial şəbəkələr və digər əhəmiyyətli mövzularda panel müzakirələr aparılıb.

Qeyd edək ki, “Seedstars” inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsveçrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın yüzlərlə ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.

“Wake Me Up” layihəsi - xüsusi hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını almaq üçün hazırlanan texnologiyadır.

Layihənin işlək prototipinin hazırlanması üçün 11 min manat qrant ayrılıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti