Dil fəlsəfəsinin qısa tarixi

14-04-2018, 16:00
Oxunub: 1916
“Dil varlığın evidir”


Dilin bütün dünya tarixində başlıca rol oynamasına baxmayaraq, ayrıca bir fəlsəfi nizama çevrilməsi fəlsəfənin yaranmasından çox sonralar baş verdi. Antik fəlsəfədə “dil” anlayışı müxtəlif filosoflar tərəfindən müxtəlif cür araşdırılırdı (hətta buna “anımsamaq” də deyilə bilər).

Yenə də dil XX əsrdə ayrıca bir fəlsəfi intizama çevrilmişdir. Əslində, dil fəlsəfəsinin yaranmasının işarələrini 19-cu əsrdə də görə bilərik. Xüsusilə də Nitsşenin bu mövzudakı həssaslığı, onu bir problem halına gətirməsi XX əsrdə geniş yayılmış dil fəlsəfəsi hərəkatını təsadüf olmaqdan uzaqlaşdırır. Nitsşenin əsas diqqət yetirdiyi dilin hər şey üçün (əxlaq, din, rabitə, mövcudluq) müəyyənləşdirici olması idi. O, bir çox mövzuda olduğu kimi dil fəlsəfəsində də XX əsrin əsas mənbəsi olub.

XX əsrdə dil problemini müzakirə edən filosoflardan birincisi, şübhəsiz ki, Lüdviq Vitgenşteyndir. O, “dilimin sərhədləri dünyamın sərhədləridir”, - deyirdi. Beləliklə də dil anlayışı mövcudluğun mərkəzində idi. Vitgenşteynlə bir yerdə analitik fəlsəfə ənənəsinin nümayəndələri də “dil” anlayışının fəlsəfi intizam olması mövzusunda danılmaz addımlar atıblar. Bertran Rassel, Qotlob Freqe kimi analitik fəlsəfə ənənəsinin qurucularından hesab olunan filosoflar dil fəlsəfəsinin müstəqillik qazanmasında mühüm rol oynayıblar. Analitik fəlsəfə ənənəsi ilə başlayan dil fəlsəfəsi hərəkatı XX əsrin ikinci yarısında daha çox qitə fəlsəfəsi ilə qarışır. Analitik fəlsəfə, əsasən, daha çox quruluşu ilə maraqlandığı halda, qitə fəlsəfəsi üçün dildə əsas problem “məna”dır. Xüsusilə Mişel Fuko, Jak Derrida kimi fransız poststrukturalistlər dil-məna problemini fəlsəfələrinin mərkəzinə çevirmişdirlər. Həmçinin Nitsşenin ardıcılı kimi də görünən, hətta bəzilərinə görə XX əsrin vacib filosofu olan Martin Haydeqqer də Fenomenologiya Antologiyasının təməlinə “dil” anlayışını yerləşdirmiş, dil və varlıq arasında qəti əlaqə qurmuşdur.

Dil fəlsəfəsinin yaranması qarşıdan bir çox yeni üsul və ənənənin də gələcəyini xəbər verirdi. Bundan ilk dəfə 17-ci əsrdə Con Lokk istifadə etsə də, genişlənməsi XX əsrin əvvəllərinə çəkən semiotika dil fəlsəfəsinə daxil edilə bilən bir mövzu olmuşdur. Yenə də qədim ənənələri olmasına baxmayaraq, yayılması XX əsrdə baş verən məna elmi də dil fəlsəfəsinin sahələrindən biridir. Xüsusilə orta əsrlərdə dini mətnlərin tərcüməsində istifadə olunan hermenika da XX əsrdə tamamilə dil fəlsəfəsinin sahəsinə çevrilir. Mətnlərarası nəzəriyyəsi də eyni vaxtda dil fəlsəfəsinin tərkibində qarşımıza çıxır. Gördüyümüz kimi dil fəlsəfəsi sadəcə “dil” anlayışının özü ilə deyil, onun yaratdığı digər anlayışlarla da maraqlanır. Məsələn, məna, şərh, mətn və ya əyanilik.

Hal-hazırkı vəziyyətdə isə “dil” XX əsrdəki şöhrətini qoruyur. Dil indi də fəlsəfənin əsas mövzularından biridir, hətta ən çox müzakirə olunanlarındandır. Bu müzakirə üçün nə qədər gec olsa da, düzgün bir müzakirədir. Çünki şübhəsiz ki, dil açıqlanmasa, dünya açıqlanmaz. Dili problem səviyyəsinə gətirmədən digər problemlərin düzgün həlli olmayacaq. Bugünkü siyasi ab-hava ağla gələndə və bu siyasi vəziyyətdə əsas istifadə olunan şeyin “dil” olduğunu düşünəndə XX əsrdəki bütün səylərin yersiz olmadığı aydın olur.
Tərcümə: İlkay Əliyeva
Müəllif: Nedrip Qaraqaya
Mənbə: "Düşünbil" portalı
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti