Azərbaycan repressiya illərində

14-04-2018, 12:25
Oxunub: 3679
28 min nəfər məhkəmə və istintaq olmadan güllələnib


Azərbaycanın başı lap qədim dövrlərdən bəri bəlalar çəkib. Azərbaycan üçün qara günlərin sayı çox olub. Bu dövrlərdən biri çox uzun zaman öncə deyil, keçən əsrdə baş verən repressiya illəridir.

Repressiya nədir? Bu cümlə çox qısa olsa da, xalqımız üçün mənası o qədər dərindir ki... Repressiya xalqın düşünən beyinlərini məhv etmək deməkdir. Düşünən beyinlər dedikdə xalqın ziyalısı olan alim, yazıçı, hərbçi, mədəniyyət və incəsənət xadimi, müəllim, din xadimləri nəzərdə tutulur. 1937-ci il xalqımız üçün ən ağır illərdən biri oldu. Belə ki, bu illər yaşlı nəsillə yanaşı, hətta bütün Azərbaycanın yaddaşında qara günlər, qara kabus kimi qalır. Repressiya illərindən sonra Azərbaycanın bir daha özünə gəlməsi çox uzun zaman aldı. İndiki dövrdə də bunun nəticələrini görürük.

Repressiyanın acı nəticələrini bu gün də roman, şeir, mahnı, pyes, povest və.s kimi yarımçıq qalmış və itmiş əsərlərdən duya bilərik. Bəzi insanlar repressiya illərini 1937-1938-ci illər deyə bilir. Lakin repressiya XX əsrin 20-ci illərindən 50-ci illərin əvvəllərinə qədər davam edir, 1937-1938-ci illərdə isə daha da amansızlaşır.

Repressiya illərində SSRİ-də ümumilikdə 1575259 adam həbs olunur. Azərbaycan keçmiş sovet respublikaları içində əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə birinci yerdə dayanır.

Repressiya illərində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilir. Təkcə 1937-ci ildə Azərbaycanda 29 min "xalq düşməni" adı verilən ziyalımız güllələnir. Azərbaycan xalqının həqiqi faciəsi isə 1936-cı ildən başlayıb. Xalq əleyhinə, xüsusilə ziyalılar əleyhinə cəza tədbirləri görülür. Hakimiyyətdə oturmuş quldur dəstəsi vəhşiliklə Sumbatovun, Borşovun, Gerasimovun, Qriqoryanın, Markaryanın, Qalstyanın, Avanesyanın, Sinmanın və onların Atakişiyev kimi nökərlərinin ve qeyrilərinin əli ilə təxminən 70-80 min Azərbaycan ziyalı nümayəndəsini – alim, yazıçı, artist, müəllim, Sovet və partiya idarəsi əməkdaşı, hərbçi - bir sözlə, bütün düşünən beyinləri məhv etməyə başlayırlar.

Belə bir faktı da qeyd etmək istəyirəm ki, təkcə bir xarici dili bilən şəxsləri də həbs edir və ölümə məhkum edirdilər. Buna səbəb kimi isə bildirirdilər ki, sən yaxşı insan deyilsən ki, dil bilirsən. Əslində, siyasi hadisə hesab olunan repressiya Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olub. Mane olanları aradan götürmək, düşünənləri, fikir söyləyənləri təkləyib məhv etmək idi onların dəst-xətti. Vahid dövlət, vahid millət yaratmaq arzusunda olan SSRİ hakimiyyəti xalqları azadlıq çağırışlarına səsləyə biləcək hər kəsi əvvəlcədən ya güllələdir, ya da uzaq Sibirə göndərirdi.

Stalin deyirdi: “Biz əvvəlki kimi mübarizə metodundan istifadə etməməliyik. İndi biz məhv etməliyik. Biz nəinki millətçiləri, hətta onların keçdiyi küçələrdəki insanları da məhv etməliyik."

Kütləvi repressiyalar əsasən açıqfikirli, istedadlı, qabaqcıl ziyalılara, təcrübəli və qabiliyyətli partiya və dövlət xadimlərinə qarşı çevrilir. Bütün ölkələrdə, xüsusilə, türk respublikalarında repressiya olunanların yaşı bilərəkdən azaldılır. Bunun səbəbi isə onlara ağır cəzaların verilməsi idi. Əhməd Cavad buna nümunədir. Bilərəkdən onun yaşı azaldılıb. Repressiyaya məruz qalanlar içərisində Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Bəkir Çobanzadə, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qambay Vəzirov, Ruhulla Axundov, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad və s. kimi Azərbaycanın görkəmli elm, mədəniyyət və ictimai xadimləri var idi.

Əgər 20-ci illərdə birmənalı olaraq "əksinqilabçı" adı ilə cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir, həbs olunub Solovki adalarına göndərilirdisə, 37-ci il repressiyası bir qədər fərqli həyata keçirilir. Bu mərhələdə insanlar “xalq düşməni”, “pantürkist”, “sui-qəsdçi”, “panislamist” yarlığı altında məhv edilir. 1937 və 38-ci illərdə məhkəmədən kənar repressiyalar aparılmasına da qərar verilir. Hətta repressiya illərində rayon və kəndlərdə Fövqəladə Üçlərə ixtiyar verildi ki, xoşlarına gəlməyən adamların da adlarını bu siyahıya salsınlar. Beləliklə, onlar istədikləri adamları siyahıya alırdılar.

Azərbaycanın ilk repressiya qurbanı Gəncə həbsxanasında qətlə yetirilmiş Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firudin bəy Köçərli (1863-1920) olur. Hər bir “xalq düşməni”nə “məhkəmə” zamanı ancaq 15 dəqiqə vaxt ayrılır. Bəzi mənbələrdə qeyd edilir ki, 28 min nəfər məhkəmə və istintaq olmadan güllələnib. Təsadüfi hallarda isə məhkumlara 20 dəqiqə vaxt verilib. Biz bunu hesablasaq, 2 ildə 80 mindən çox insanın repressiya qurbanına çevrildiyinə görə bilərik.

Repressiya olunanlar arasında kişilərlə yanaşı qadınlarımız da var idi. Gülarə İbrahimxəlil qızı Qədirbəyova, Xədicə Qayıbova kimi qadınlar da repressiya qurbanlarıdır. Biz bununla repressiya rəhbərlərinin nə qədər iyrənc siyasət yürütdüklərini görürük. Bu illərdə olan repressiya bir çox Sovet ölkələrində baş tutur. Amma Azərbaycan xalqının başına gətirilən hadisələr digər Sovet dövlətlərində olan repressiyalardan fərqlənir. Buna səbəb isə Azərbaycanın Türkiyə ilə, İranla sərhəddə yerləşməsi və əhalinin türkdilli müsəlman xalqlardan biri olmasıdır. Bundan əlavə, repressiya illərində Azərbaycanın rayonlarında Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisinin erməni olması da səbəblərdən biri kimi qeyd edilə bilər. Bu illərdə Azərbaycanda Beriyanın himayədarlığı ilə M.Bağırov Stalinə güvənərək dəhşətli əməllər törədir.

Türklərin genetik düşmənləri olan Sumbatov, Toporidze, Qriqoryan, Markaryan və b. ermənilərin vasitəsilə yüzlərlə azərbaycanlı məhv edilir və ya sürgün edilir. Bununla yanaşı, düşmənlərimiz repressiya qurbanı insanların ailəsinə, yaxınlarına, dostlarına da "xalq düşməni" damğası vurur, onları da hər şeydən təcrid edib zülm edirlər. Hətta ailə üzvləri belə həbs edilir.

Mən qeyd etdim ki, 2 ildə 80 mindən çox insan repressiya qurbanı olub. Əslində isə bu təkcə Bakıya aid rəqəmlər idi. Rayonlarımızda da repressiya olunanlar var idi. Lakin heç kim dəqiq nə qədər insanın repressiya - ölüm maşınına qurban getdiyini deyə bilmir. Təəssüf ki, bütün bu sualların cavabında insanlığı dəhşətə gətirəcək rəqəmlər gizlidir və bu, bizim keçmişimizin, tariximizin qanlı səhifələrindən biridir.

Bir faktı da qeyd etmək istəyirəm, Bağırov 1956–cı ildə məhkəməsi zamanı etdiyi işlərə görə bunları söyləyir: “Məni asmaq, güllələmək azdır. Məni şaqqalamaq lazımdır. Təhlükəsizliyimizi Markaryanlara, Qriqoryanlara həvalə etmişəm.”

Yalnız SSRİ Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 16 yanvar tarixli qərarı əsasında 1990-cu il aprelin 12-də bədnam xüsusi üçlüyün bütün qurbanlarına bəraət verilir.

Gülşən Məhərrəmova
Etatist.com
Şərhlər : 4 Şərh yaz
Elvin M5 14 aprel 2018 13:37  

Çox dəyərli məlumatlardır. Tarixdə qaranlıq qalan bir neçə məsələ aydınlanıb. 

elmeddin 14 aprel 2018 14:23  

Deyerli melumatlar üçün tewekkurler...

Rovsen Meherremov 14 aprel 2018 19:21  

Heqiqeten de cox deyerli melumatlardir.Müellife tesekkur edirem

 

Ďağlar 14 aprel 2018 20:22  

Əla məqalədir , Repressiya dövrü haqqında ən vacib faktlara toxunulub

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti