Seçkilərdən sonra nə gözlənilir? - MÜSAHİBƏ

9-04-2018, 11:24
Oxunub: 1082
"Seçkidən sonra müəyyən sahələrdə islahatlar ola bilər"


Ölkədə keçiriləcək ən önəmli seçkilərə - prezident seçkilərinə 2 gün qalıb. Sabah, “sükut günü”dür. Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı fərman imzaladıqdan sonra bir sıra partiyalar seçkilərə hazırlıq işləri görsələr də, bəzi müxalifət partiyaları seçkiləri boykot edəcəyini açıqladı.

Namizədlərin debatları da çox müzakirə olundu. Bəs seçkilərdən sonra nə gözlənilir? Müsahibimiz, ACSIS Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Pünhani Əsgərli Etatist.com-un seçkilərə hazırlıq və seçkilərdən sonra ölkədə gözlənilən siyasi-sosial vəziyyət haqqında suallarımızı cavablandırıb.

Sözügedən müsahibəni təqdim edirik:

- Bu dəfəki seçkilər digərlərindən çox fərqlənir. Birinci fərq növbədənkənar seçkilərin keçirilməsidir. İkinci fərq isə odur ki, bu dəfəki prezidentin növbəti yeddi il ölkə başçısı vəzifəsini icra edəcək. Ölkədəki seçki abu-havasını nə yerdədir?
- Ümumilikdə deyə bilərəm ki seçkilərlə bağlı hər şey nəzəri cəhətdən təmin olunub. Namizədlərə baxsaq, məsələn, partiya rəhbərlərindən, özü tərəfindən namizədliyi irəli sürülən, təşəbbüs qrupu tərəfindən irəli sürülən namizəd var, yəni nəzəri olaraq hər şey tamdır. Ancaq bu seçkilərdə məni narahat edən məsələlərdən biri xalq arasında seçkiyə marağın olmamasıdır. Bu dəfə hazırki iqtidara alternativ olan namizədlər çox zəifdir. Məsələn, Hafiz Haciyev bundan əvvəl də bir neçə seçkildə iştirak edib, lakin heç beş faizlik səddi keçə bilməyib. Zahid Oruc, Araz Əlizadə, Qüdrət Həsənquliyev deputatdır. Sərdar Cəlaloğlu da keçən seçkilərdə iştirak etmişdi və beş faizlik həddi keçə bilməmişdi. Ümumiyyətlə deyə bilərik ki, namizəd olan şəxslərin xalq arasındakı nüfuzu çox aşağı səviyyədədir, buna görə də seçki abu-havası aşağı səviyyədədir. Həm namizədlərin təbliğat-təşviqat kampaniyası zəifdir, bu, həm onların seçkiyə hazırlıqlı olmaması, həm də maliyyə imkanları ilə əlaqədardır.

- Bəs indiki müxalifət partiyaların bir neçəsinin seçkidə iştirak etməməsi seçkiyə necə təsir edəcək?
- Bilirsiniz, Azərbaycanda müxalifət partiyaları oturuşmuş partiya sistemində deyillər. Onlar lider ətrafında birləşən partiyalardır. Məsələn, AXCP Əbülfəz Elçibəy dövründə yaradılmış bir partiyadır, lakin indiki zamanda onun əsas fiquru Əli Kərimlidir. Bu gün AXCP-nin, Müsavatın və yaxud “REAL”-ın seçkiləri boykot etməsi, məncə, seçkiyə o qədər də ciddi təsir göstərməyəcək. Çünki bu partiyaların təsiretmə qabiliyyəti zəifdir. Ölkədə hamı tərəfindən görünən, iqtisadi, sosial və s. sahələrdə yaranan narazı bir elektorat var. Bu narazı elektorat üçün partiyalar sadəcə liderlərdən ibarətdir. Məsələn, AXCP-də belədir ki, müxalifəti tənqid etmək istəyən şəxs birbaşa Ə.Kərimlini tənqid edir. Yaxud, Müsavatı tənqid etmək istəyən şəxs İ.Qəmbəri, ya da A.Hacılını tənqid edir. Onlar lider ətrafında birləşdiklərinə görə, ümumi partiya sistemi və vahid elektoratları yoxdur. Məsələn, Milli Şuradan C.Həsənli və ya Ə.Kərimli, İ.Qəmbər seçkiyə qoşulub 5-10 faiz səs toplayardı, yəni narazı elektorat dəyişmir, partiyaya görə bölünmür. Açığı, mən bu təsirin elə də çox güclü olacağını düşünmürəm. Çünki bu elə də böyük kütlə deyil. Amma deyə bilərik ki, bu gün YAP-ın seçki təbliğatına baxdıqda görürük ki, daha çox dövlət strukturunda, kənd təsərrüfatında çalışan şəxslər vasitəsilə seçki aktivliyi müəyyən bir səviyyəyə gəlib çatır. Seçki aktivliyi və seçki abu-havası arasında ciddi bir fərq var. Seçki abu-havası demək olar ki, yoxdur - bu insanların seçkiyə nə qədər maraqlı olmasıdır. Seçki aktivliyi isə düşünürəm ki, olacaq. Çünki dövlət sektorunda çalışan böyük bir kütlə var və bu insanlar seçkiyə getməli olurlar, komissiyalarda iştirak edirlər. Bu baxımdan aktivlik təmin oluna bilər. Lakin abu-hava bununla təmin olunmur.

"Dünya siyasətində belədir ki, iqtidarın vəzifəsi hər seçkidə hazırki vəziyyətini qorumaqdır"

- Yəqin ki, debatları izləyirsiniz, namizədlər haqqında qısa olaraq nə deyə bilərsiniz? Məsələn, Razi Nurullayev açıqlamaları ilə çox gündəmə gəlir. Eləcə də Araz Əlizadə və digərləri. Bu barədə sizin fikirlərinizi bilmək istəyərdik.
- Bilirsiniz, bu namizədləri bir-birindən fərqləndirən heç bir ciddi məsələ yoxdur. Yəni, onların heç birinin oturuşmuş vahid platforması yoxdur. Onların platformasının hər-hansı bir mətbuat orqanında tam şəkildə çap olunduğunu görməmişəm. Məsələn, Araz Əlizadə sosial-demokratlar partiyasındandır, lakin biz onun çıxışlarında sosial-demokratiyaya aid heç bir şey görə bilmərik. Mən soruşmaq istəyərdim ki, Araz Əlizadə və Fərəc Quluyevin verdiyi vədlər arasında hansı ciddi fərqlər var? Heç bir fərq yoxdur. Sərdar Cəlaloğlu digər yeddi nəfərə nisbətən daha kəskin danışan namizəddir. Ancaq yenə də kəskin fərq görünmür. Yəni namizədlər özləri belə seçkiyə hazırlaşmayıblar. Onlar özləri belə seçkidə iştirak etməyə son gün qərar veriblər. Halbuki seçki, uzun bir prosesdir. Beynəlxalq təcrübədə seçkiyə artıq iki-üç il öncədən hazırlaşmağa başlayırlar. Platformalar hazırlanır, namizədlər komandalarını formalaşdırır və s. Ancaq bizim ölkədə son gündə qərar verirlər ki, seçkidə iştirak edəcəklər, ya yox. Mən bu namizədlərin üçü ilə söhbət etmişəm. Nə edilməli olduğunu hamı bilir, lakin bu namizədlərin heç biri bunların necə edilməli olduğunu deyə bilmirlər. Açıqlama verilir ki, ölkədə təhsil sistemi zəifdir, təhsili yaxşılaşdırmaq lazımdır. Amma necə? Əslində platformanın mahiyyəti budur. Deyə bilərlər ki, bizim üçün təbliğat-təşviqat üçün televiziyada yetərincə vaxt ayrılmır. Amma bu namizədlərin hər birinin təbliğatını aparan özlərinin yaratdığı və ya öz komandalarından olan kimlərinsə yaratdığı saytlar var, “facebook” səhifələri var. Bu saytlarda, səhifələrdə belə onların platformaları tam əks olunmayıb. Xarici və daxili siyasətdə onlar nə etmək istəyirlər? Ölkənin gəncləri təhsil sektorunda iş ilə necə təmin olunacaq? Qəbul imtahanları necə keçiriləcək? Hərbi sistem necə təşkil olunacaq? Bunlarla bağlı konkret olaraq fikirlər yoxdur. A.Əlizadə, Z.Oruc, Q.Həsənquliyev və F.Quliyev millət vəkilidirlər, öz təkliflərini qanun layihəsi formasına salıb Milli Məclisin gündəminə təqdim edə bilərlər. Ancaq onlar heç millət vəkili olaraq öz vəzifələrini tam yerinə yetirmirlər. Onlar necə öz namizədliklərini irəli sürüb nəyisə dəyişməyə çalışa bilərlər ki? Razi Nurullayev də AXCP-də Beynəlxalq Əlaqələr üzrə sədr müavini olub, ancaq verdiyi açıqlamalardan görünür ki, onun bu sahədə heç primitiv bilgiləri belə yoxdur. Ya da Fərəc Quliyev... O hələ də 1980-1990-cı illərdə Azadlıq Hərəkatıındakı fəaliyyətin üzərində bir platforma qurmağa çalışır. Onun seçki maşınında əlində silahla şəkli var. Hafiz Hacıyevdə isə köhnə hamam köhnə tas...

Siyasi reklamın tipləri var: keçmişə görə reklam, gələcəyə görə reklam. Bu gün namizədlərin heç biri gələcəyə görə reklamdan istifadə etmirlər. Onlar sadəcə keçmişə görə reklamdan istifadə edirlər. Ancaq bu da onlara uğur gətirmir. Namizədlərin bir çoxunun ictimai-siyasi fəaliyyətdə olması belə ikrah hissi doğurur. Çünki onların bir çoxu artıq ölkə gündəmindən düşmüş insanlardırlar. Onlar artıq gənc nəslin, gənc politoloqların, diplomatların, siyasətçilərin qarşısını alırlar. Onlar bu partiyalarla, namizədliklərini irəli sürərək, hər dəfə eyni şeyləri danışaraq, eyni problemləri qabardaraq heç nəyə nail ola bilməyəcəklər. Ölkə siyasi gündəmində artıq gənc nəslin üzərində durmaq lazımdır. Onlar artıq siyasi səhnədən çəkilməlidirlər. Bu fikrimə görə mən tənqid oluna bilərəm “niyə demirsiniz ki, iqtidar hakimiyyətdən çəkilməlidir?” Dünya siyasətində belədir ki, iqtidarın vəzifəsi hər seçkidə hazırki vəziyyətini qorumaqdır. Müxalifətin vəzifəsi budur ki, o, hakimiyyətə gəlməlidir. Bu gün hansı tərəfin daha uğurlu olmasına baxsaq, iqtidar öz üzərinə düşən vəzifəni yerinə yetirə bilir - YAP iyirmi ildən çoxdur ki, öz hakimiyyətini qoruyur. Müxalifət isə, öz üzərinə düşən ən əsas vəzifəni yerinə yetirə bilmir. Düşünürəm ki, yeddi il sonrakı seçki üçün müxalifət tamamilə yenilənməlidir. İnsanlar artıq bir-birinin içindən çıxan müxalifəti görmək istəmir. Ona görə də, bugünkü müxalifət Azərbaycan xalqının sadəcə gözünü yorur. Müxalifətin vəzifəsi hər-hansı bir qərarın qəbulunda hakimiyyəti basqı altında saxlamaq, onu səhv etməkdən çəkindirməkdir. İndiki müxalifət isə proseslərə basqı etmək iqtidarında deyil, hakimiyyəti “qorxuda” bilmir.

- Növbədənkənar seçki keçirilməsinin nəticələrə təsiri olub-olmayacağı barədə nə düşünürsüz?
- Düşünürəm ki, növbədənkənar seçki keçirilməsinin nəticələrə təsiri o qədər də böyük olmayacaq. Çünki təəssüf ki, Azərbaycanda seçki ənənəsi, seçki institutu hələ tam formalaşmayıb. Çünki bizdə hələ də kommunist seçki təfəkkürü var. SSRİ dövründə belə idi ki, evdən bir nəfər hamının şəxsiyyət vəsiqəsini götürüb, gedib hamının əvəzindən səs verə bilərdi. Ona görə də ölkəmizdə insanların düşüncəsində həmin seçki ənənəsi hələ də formalaşmayıb.

"Düşünürəm ki, seçkidə İlham Əliyev qələbə qazanacaq"

- Sizcə seçkidən sonra ölkədə siyasi vəziyyət necə olacaq?
- Düşünürəm ki, seçkidə İlham Əliyev qələbə qazanacaq. Keçən seçkilərə nisbətən səs faizi artacaq. Seçkidən sonra müəyyən sahələrdə, məsələn, səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrində islahatlar ola bilər. Təhsil naziri postu hələ də boşdur. Kadr dəyişiklikləri, strategiya dəyişiklikləri ola bilər, çünki 2013-cü illə 2018-ci il arasında istər daxili, istər beynəlxalq siyasətdə çox ciddi fərq var.

Bu vaxta qədər dollar bir neçə dəfə devalvasiya edib. İqtisadiyyatda da dəyişikliklər olmalıdır. Düşünürəm ki, YAP funksionerləri və İlham Əliyev - əgər yenidən seçilərsə yeni dönəmdə ciddi şəkildə islahatlar keçirəcək, çünki bu islahatlar artıq labüd səviyyədədir. Narazı eloktoratın çoxalmaması üçün bu islahatlar olmalıdır. Əsasən məmurların fəaliyyəti ilə bağlı xalqın narazı qaldığı məsələlər var. Məsələn, sosial müdafiə, təhsil, səhiyyə, yerli icra hakimiyyətlərində, gənclər sektorunda, media sahəsində ciddi problemlərimiz var, iqtisadiyyatda inhisarlaşmanın qarşısı alınmalıdır. Ölkəyə xarici kapital cəlb olunmalıdır, əsasən də regionlara. Ancaq görürük ki, hazırki yerli icra hakimiyyətləri bunu etmək iqtidarında deyillər. Əgər bir şeyi inkişaf etdirmək istəyirsinizsə, orda dəyişikliyə getməlisiniz. Dünya dəyişir. Hər şey yenilənir, innovasiyalar yaranır. Düşünürəm ki, Azərbaycanda seçkilərdən sonra hakimiyyətdə ciddi şəkildə dəyişikliklər - strateji və kadr dəyişiklikləri ola bilər.

Günay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti