Hobbs - Yaxşı və pis ilə suveren dövlət arasındakı əlaqə

1-04-2018, 15:30
Oxunub: 1372
"Nələrinsə yaxşı və ya pis deyə bölüşdürülməsi şəxs, ya da suveren dövlət anlayışına bağlıdır"


Hobbsun "Leviafan"ı ingilis dilində siyasət fəlsəfəsi ilə bağlı yazılan (bəlkə də tək) şahəsər sayılır. Bu fikrə hər nə qədər qoşulsam da, Hobbsun arqumentlərində məncə də müəyyən problemlər var.

Yaxşı və pis

Hobbsun fikrincə, "yaxşı" və "pis", "arzuolunan" və "arzuolunmaz" ilə eyni mənanı daşıyır. Sevmədiyimiz bir şeyə pis deyirik, bunun səbəbi isə həmin şeyin nəticələrinin pis olacağına dair inancımızdan irəli gəlir. Yəni pislik "şey"lə bağlı deyil. Eyni şəkildə zövq aldığımız və gözəl şeylərə səbəb olacağına inandığımız şeylərə yaxşı deyirik. Hobbs kainatı maddi bir hərəkət kimi təsvir edirdi, buna görə də yaxşı dediyimiz şeylər içimizdə bir sıra hərəkətlərə səbəb olur. Bu hərəkəti "zövq" adlandırırıq.

Hadisələrə, anlayışlara verdiyimiz bütün reaksiyalar istəklərimiz və narahatlıqlarımız üzərində qurulur. Məsələn, mərhəmət hissi bir insanın əzab çəkdiyini görəndə eyni şeyin bizim başımıza gəlməsi ehtimalının fərqinə vardığımızda yaranır. İnsanlar amansız davrandıqda isə həmin şeyi heç vaxt yaşamayacağına inanırlar.

Maraqlısı budur ki, nələrinsə yaxşı və ya pis deyə bölüşdürülməsi şəxs, ya da suveren dövlət anlayışına bağlıdır. Əgər müəyyən olunmuş hakim fikir yoxdursa, fərdlər öz qərarlarını vermək, öz doğru və ya yanlış anlayışlarını tətbiq etmək məcburiyyətində qalır. Yəni, narkoman bir kəs yaşlıları döyməyi düzgün qəbul edə və bundan zövq ala bilər, ya da xoşbəxt olmağını təmin edəcək (narkotik kimi) bir şeyə çatmaq naminə bu aksiyanı vasitə kimi istifadə edə bilər. Hakimiyyət yoxdursa, qanun da yoxdur və heç kim bu davranışın yanlış olduğunu deyə bilməz. Hər hansı bir nüfuzun olmadığı müharibə vəziyyətində oğurluq və qaba qüvvə fəzilət hesab olunur.

Gəlin düşünək, bir çoxumuz həyatı, ümidlərimizi bizi nə qədər qane etdi deyə şərh edirik. Arzularımız istəklərimizi ölçüb biçərək saldığımız ən son formadır, əslində. Narkoman narkotik istəyir, uyğun mənbələri və mümkün riskləri nəzərə alaraq ya məqsədinə uyğun davranır, ya da bunun mümkün olmadığına qərar verir.

Arzularımızı daima uğurla həyata keçirmək hamımızın istəyidir. Xoşbəxtlik deyə adlandırdığımız şey budur, əslində. Biz də eynilə kainat kimi daim hərəkət edirik, yaşadığımız müddətdə həm istəklərimiz, həm də qorxularımız olacaq. İstədiyimizi əldə edib, qorxduğumuz şeylərdən uzaq olsaq, xoşbəxt olacağıq.

Nə üçün Suveren Dövləti qəbul edək?

Hobbs deyir ki, hər kəsin özü üçün yaxşı və pis olanı təyinetmə hüququna sahib olduğu və öz istəklərini həyata keçirmək istədiyi halda çox dəhşətli nəticələr ortaya çıxacaq. O, insanların həm zehni, həm də fiziki olaraq demək olar ki, bərabər olduğuna inanırdı. Özümüzü bəyəndiyimiz üçün başqalarından daha ağıllı olduğumuzu düşünürük və dostlarımızı fikirlərimizi qəbul edənlər arasından seçirik. Fərqlər bir başqasını istəklərinə çatmaq naminə istifadə etməyə əngəl deyil. Məsələn, yaşlı bir adam gümrahlığını itirmiş ola bilər, lakin bəlkə də tüfəng istifadə etməyi özünü və mülkünü sığortalamaq üçün bir narkomanla mübahisəsində istifadə edə bilər. İnsanlar arzularını təmin etmək üçün başqalarını öldürə bilər, çünki xoşbəxtlik arzuların təmin olunmasına bağlıdır və dünyadakı bir çox mənbə məhduddur.

Bəzi insanların yalnız istəklərini əldə etməyi yox, rəqabət aparmağı da sevdiklərini nəzərə alsaq, vəziyyət daha da dəhşətli bir hal alır. Sahib olduqları ilə xoşbəxt olmağı bacaran insanlar da belələri ilə qarşılaşanda tiranlar kimi amansız davranmaq məcburiyyətində qalır. İnsanlar hörmət görmək, hətta hakimiyyətlərini qəbul etdirmək istəyir. Bu istək belə xaos və qarşıdurma yaradır.

Əməyinin qarşılığının veriləcəyinin zəmanəti olmasa, heç kim işləməz və mədəniyyət deyə bir şey qalmaz. Bundan başqa, daima qorxu içində olarıq. Təhlükəsizliyin olmadığı bir halda insan həyatı "əbləh, yoxsul, vəhşi və qısa"dır. Hobbs insanların pis olduğunu yox, dövlətin varlığı ilə qanunları pozmadığı halda istəklərinin pis olmayacağını deyir.

Arzularımız və rasionallığımız bizi bu dəhşətli vəziyyətdən qoruyur. Ölmək istəmirik, çalışaraq xoşbəxtlik əldə etmək istəyirik. Dünyanı mühakimə etmək və fikir azadlığı hər kəsin sahib ola biləcəyi bir şey deyil, çünki bu, böyük bir xaos yaradacaq. Buna görə də hər kəs yaxşı və pisi təyinetmə azadlığından əl çəkib bunu bizim xoşbəxtliyimizi təmin etmək üçün çalışan müəyyən bir nüfuza təhvil verməlidir.

Adətən Hobbsun bu fikri səhv başa düşülür. O, insanların adi bir şəkildə hakimiyyətə boyun əymək niyyətində olduqlarını düşünmür. Bu, hamının eyni anda qəbul edəcəyi və ya kütləvi surətdə rədd edə biləcəyi bir fikirdir. Nüfuzu təmin etməyin bir çox yolu var. Bir qismi güc ehtiva etsə belə, nüfuz qəbul edilməlidir. Hobbs dövlətin mütləq bir hökmdar tələb etdiyini demir. Hər kəsin üzv olmağı şərtilə bu, məclis, parlament, hətta qurum da ola bilər. Nüfuzu qəbul etməyimizin səbəbi fiziki etimad istəyi və həyatımızı qorumaq üçün yollar tapmaqdır. Heç kim özünü gücsüz, zəif hiss etmək istəmir. Hobbs hakimiyyətə daha çox güc şansı təmin etmiş kimi görünsə də, cəmiyyətini də haqqı axtaran, nüfuz dairələrini sıxışdıran insanlardan təşkil edir.

Nisbi və mütləq yaxşı və pis

Hobbsun arqumentindəki əsl problem ağıl və ehtiraslarla əlaqədardır.

Təbiət ağrılarından və çətinliklərindən xilas olmağımızı ağıl və ehtirasların birgə işi təmin edə bilər. Heç kim ölmək istəmir. Lakin "summum bonum" - mütləq yaxşılıq olmasa, "summum malum" - mütləq pislik, yəni ölüm olmaz. Bir sözlə, nüfuza ehtiyacımız var. Ağlımız nüfuzun/dövlətin hissələrə ayrılmayacağını deyir, əks təqdirdə ayrılan ərazilərdə qarşıdurmalar olacaq və bu da vətəndaş müharibəsinə səbəb olacaqdır. Həmçinin ağlımız bizə nüfuzun məhdudlaşdırılmamalı olduğunu da deyir, çünki sərhədlər məsələsində də yenə münaqişələr yaranacaq.

Hobbsun bu tezisi də, bəhs etdiyi məsələlər də xeyli mürəkkəbdir. Onun fikrincə, İngiltərə Vətəndaş Müharibəsində iştirak edən heç kim dövlətin məhdudlaşdırılmadığını, bölünməyəcəyini, kralın da xalq nümayəndəsi olduğunu anlamayıb. Buna baxmayaraq, döyüşənlər axmaq deyildi, eyni zamanda Hobbsun arqumentini təkzib edən Con Lokk da həmçinin. ABŞ Konstitusiyasının layihəsini hazırlayanlar hər nə qədər siyasət fəlsəfəsi haqqında məlumatlı olsalar da, nüfuzu məhdudlaşdırmağın hansı nəticələr doğuracağını anlamırdı. Təsisçi "atalar" konstitusiyanın onuncu maddəsində göründüyü kimi suverenliyi parçalamaq istəmişdilər və Hobbsun arqumentlərini anlayan və qəbul edən biri üçün bu addımı müharibənin təqib etməsi qaçınılmaz idi. Medison, Ceferson, Hemilton və digərləri hər biri möhtəşəm adamlar idi. Lakin konstitusiyanı müəyyən edən insanlar necə belə bir yanlışa yol verə bildi və hər kəs bunu necə qəbul etdi?

Bu fikirlər bizi Hobbsun yaxşı və pis anlayışında olan böyük problemlərə aparır. Nüfuzun birliyini mümkün edən bir çox şey olmasına baxmayaraq, eyni zamanda çətinləşdirən bir çox amil də var.

Hadisələrin səbəblərini anlamaq, hədiyyələr qarşısında minnətdar olmaq, xoş rəftar etmək, hamını bərabər görmək kimi şeylər əmin-amanlıq mühitinin yaranmasını təmin edir. Ağlımız sayəsində bunları anlaya bilərik. Ardıcıl zehin isə pis kitabların, təşkilatlanmış, batil inancların və şişirdilmiş ehtirasların (qürur kimi) təhlükələrini görməyimizə, bu kimi şeylərin niyə rahatlığımızı pozduğunu anlamağımıza şərait yaradır.

Çətinliklərin səbəbi isə insanların bunu anlamadığına, ya da qəbul etmədiyinə görədir. İnsanlar məntiqsiz davranışa meyillidirlər. Bir çoxları Hobbsun əmin-amanlıq üçün təklif etdiyi idarəetmə formasını də qəbul etmir. Lakin Hobbs bunun səbəbinin insanların kifayət qədər düşünməməsi olduğunu deyir. Hər kəs evini qum üzərində inşa edə bilər, amma bunu ağılla etdiyini düşünmək olmaz. Əlbəttə, ağıl siyasət fəlsəfəsinə olduğu kimi ev inşasına da tətbiq oluna bilər. Hobbsun fikrincə, kasıbların düşünmək üçün kifayət qədər boş vaxtı, varlıların da həvəsi olmadığı üçün siyasət fəlsəfəsi cəmiyyət tərəfindən başa düşülmür, lakin bu, tutarlı səbəb deyil.

Elə isə yaxşı və pis haqqında heç bir subyektiv fikir olmadığı qənaətinə gələ bilərik. Kimin nə düşündüyünə məhəl qoymadan, rahatlıq təmin etdikləri üçün bəzi şeylər mütləq yaxşı kimi qəbul edilir. Normal bir ölüm qorxusu, rifah içində bir həyat sürmək və s. şeylər istəmək - Hobbsun fikirlərini anlamaq üçün kömək edən düşüncə hakimiyyət olmasa belə, mütləq yaxşı kimi qəbul edilir. Eyni zamanda insanın düşünmə qabiliyyətini aşağı salan şeylər də pis qəbul edilir. İçki içmək, bəzi dərmanların istifadəsi, dava etmək və səbirsizlik kimi şeylər isə qeyd-şərtsiz pisdir. "Sərxoşluq, ya da bənzər şıltaqlıqlar ağla uyğun deyil" deməsə də, yalnız müəyyən şəxslərə zərər verən şey olduqları üçün öz siyasət fəlsəfəsi ilə eyni paraleldə olmadığını deyir.

Hobbsun qusmağın faydalı olduğunu düşündüyü üçün ildə bir dəfə sərxoş olduğu deyilir. Qısası, şəxsin özünü mütəmadi olaraq sərxoş etməyinin çox da uğurlu olmamağı təəccüblü deyil. Tamamilə şəxsi görünən hadisələr belə, (Aristotelin çox yaxşı bildiyi kimi) hamıya təsir edəcək nəticələrə yol aça bilər. Bir sözlə, yaxşı və pisin tamamilə subyektiv mühakimələrə bağlı olmadığını deyə bilərik. Əgər insan düşüncə qabiliyyətinə zərər verən şeyləri düzgün tapıb, bunları edirsə, o adamlar üçün xoşbəxtlik qeyri-mümkündür. Bəzi şeylər isə heç kimin düşüncəsindən asılı olmadan, heç bir nüfuzunun qadağasına baxmayaraq mütləq olaraq pisdir. Yəni, əmin-amanlıq insanların məstedici maddələrdən uzaqlaşıb "Leviafan"ı oxuduqları an əldə edilə bilər...

Müəllif: Kreq Ross
Mənbə: "Philosophy Now", 54-cü say, səh.30-31
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti