"Niyə "Damazlıq qızın hekayəsi"ni oxumalısan?"

31-03-2018, 15:30
Oxunub: 1782
"Varlığım tənzimlənməli olan bir şeydir indi, bir nitqi öncədən planlamaq kimi"


Marqaret Atvudun yaxın gələcəkdən bəhs edən romanı "Damazlıq qızın hekayəsi"ndə Qalaad Respublikası adında qatı dindar, xristian rejim ordu vasitəsilə çevriliş edərək ABŞ-da teokratik bir hökumət qurur. Bu rejim özlüyündə hər kəsin həyatına sədd çəksə də, Qalaadı quran bir qrup kişi bütün gücü öz əlində tutur, xüsusilə də qadınların üstündə.

"Damazlıq qızın hekayəsi"ndə Atvudun spekulyativ quruluş adlandırdığı bu janr mümkün gələcəyi fərz edir. Bu, utopiya və distopiyaların ortaq təməl bir xüsusiyyətidir. Atvud romanlarının mümkün gələcəkləri əsasən neqativ və ya distopiya mövzulu, yəni azlığın fəaliyyəti ilə toplumun yox oluşunu özündə ehtiva edir. Utopik və distopik əsərlər öz kökündə əsasən siyasi meyilləri əks etdirir. Utopik yazılar ideallaşdırılmış bir toplumu göstərir və yazıçı bunu adətən əldə edilməsi mühüm bir şablon kimi bizə təqdim edir. Digər tərəfdən, distopiyalar yalnız apokaliptik gələcəkləri göstərmək üçün yox, həm də çöküşə doğru gedən yolda cəmiyyətlərin özünü düzəlişi üçün xəbərdarlıq mahiyyətindədir.

"Damazlıq qızın hekayəsi" 1985-ci ildə yayımlanıb, o zamanlar çox sayda mühafizəkar qrup ikinci feminist hərəkatının bir çox uğuruna hücumlar təşkil edirdi. Bu hərəkat 1960-cı illərdən bəri qadınlar üçün daha yaxşı sosial və hüquqi bərabərliyə öncüllük edirdi. "Damazlıq qızın hekayəsi"ndəki gələcəkdə mühafizəkar tərəf üstünlük əldə edir və qadınların bərabərlik üçün qət etdikləri yolu yox etməklə yanaşı onları tamamilə kişilərin qulluqçusu vəziyyətinə salır. Qalaad kişilərin statusu hesabına qadınları "funksiyalarına" görə müəyyən sosial siniflərə ayırır. Hətta geyimləri üçün belə rəng qaydası var. Qadınların oxuması və istədiyi kimi hərəkət etməsi qadağandır və sağlam qadınlar rejimə sağlam fərd verə bilmək üçün dövlət tərəfindən təşkil edilən təcavüzlərə məruz qalır.

"Damazlıq qızın hekayəsi" gələcəkdə keçsə də, Atvudun yazarkən öz müəyyən etdiyi qaydalardan biri də insan tarixində yaşanmamış heç bir hadisəni və ya tətbiqatı istifadə etməmək idi. Kitabdakı hadisələr Kembric, Massaçusetsdə baş verir- amerikan koloniya dönəmində teokratik puritanlar tərəfindən idarə edilən şəhərdə... Bir çox tərəfdən Qalaad Respublikası puritan cəmiyyətində var olan qatı qaydalarla parallelləşir: sabit əxlaqi kodlar, təvazökar geyim, əks düşüncənin qadağan olunması və insanların həyat və münasibətlərinin hər tərəfdən təşkili.

Atvudun fikrincə, onların Massaçusets puritanları ilə bənzərlikləri dini baxımdan olduğu qədər həm də şəxsi idi. O, Harvardda uzun illər puritan təriqəti barədə araşdırdı, böyük ehtimal öz edamından sağ qalan və cadugərliklə günahlandırılan puritan qadın Meri Vebsterin nəslindən idi. Atvud hekayə nəql etmək üzrə usta idi. Yalnız səthi olaraq danışdığımız Qalaadın detalları hekayənin personajlarının gözündən yavaş-yavaş əsas hədəf nöqtəsi halına gəlir, xüsusilə də kitabın baş qəhrəmanı Offred bir komandirin evində damazlıq kimi yaşayır. Ancaq radikal dindar rejim gücü əlinə alan kimi Offredin şəxsiyyəti əlindən alınır, ailəsindən qoparılır və Offredin deyimi ilə "Qalaadın azalan əhalisini artırmaq üçün iki ayaqlı bir bətnə" çevrilir. Yeni hökumətin tarazlığı qoruması üçün ilk olaraq təməl insan haqlarının yox olmasını qəbul edir. Ancaq qısa bir zaman sonra o, dövlət dili, davranışı, özü və başqa fərdlərin düşüncələrini də idarə etməyə başlayır.

İlk başlarda Offred belə deyir, "Gözləyirəm. Özümü tənzimləyirəm. Varlığım tənzimlənməli olan bir şeydir indi, bir nitqi öncədən planlamaq kimi." O, dili şəxsiyyətin formalaşdırılmasına bənzədir. Sözləri, mübarizə ehtimalının altını qalın xətlərlə qaralayır və kitabın süjet zəncirinin təməlində bu siyasi, idraki və cinsi qaydalara baş qaldıran insanların fəaliyyətləri dayanır. Sonda romanın aradığı tətminlik duyğusunun nəticələri və gücün necə ədalətsiz şəkildə istifadə edilməsi Atvudun tükləri biz-biz edən distopik rejimini diqqətəlayiq edir.
Tərcümə: Xuraman Məmmədova
Mənbə: ed.ted.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti